AZ EN RU

“Rəngdən və işıkdan bir devdi Safi”

Dünyaşöhrətli naxçıvanlı rəssam İbrahim Safinin anadan olmasından 125 il ötür

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar  Birliyinin təşkilatçılığı ilə  “İbrahim Safi. Rəssam-impressionist” adlı yubiley tədbiri baş tutub. Tədbirin iştirakçıları əvvəlcə Naxçıvan Dövlət Milli Dram Teatrının foyesində  fırça ustasının əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Mərasimi giriş nitqi ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev İbrahim Safinin həyat və yaradıcılığı barəsində ətraflı məlumat verib. Akademik bildirib ki, Şərur rayonunun Cəlilkənd kəndində, Səfiyevlər ailəsində dünyaya gələn Rəhman Səfiyev ömrünün sonuna qədər Türkiyədə yaşayıb, bəşəriyyətin incəsənət xəzinəsinə qiymətli incilər qazandırıb. Həyatının bütün mərhələlərində Naxçıvana qayıtmaq istəsə də, Sovetlər Birliyi dövründə bu mümkün olmayıb. İbrahim Safi, həm də Mustafa Kamal Atatürkün obrazını yaradan ilk rəssam olaraq tarixə yazılıb, yaratdığı portret ən parlaq yaradıcılıq uğuru kimi qiymətləndirilib.

“İbrahim Safi yaradıcılığı, həm də ona görə önəmlidir ki, o iki qardaş ölkə arasında mədəni körpü rolunu oynayıb, ortaq türk mədəniyyətinin inkişafına xidmət edib”, – deyən Naxçıvan Muxtar Respublikasının  mədəniyyət nazirinin müavini Həsən Seyidov bildirib ki, əsərlərində təbiəti müxtəlif cəhətləriylə təsvir edən  rəssam, “ən yaxşı müəllim təbiətdir, rəssamın müəllimi təbiətin özüdür” fikrini yaradıcılıq qayəsinə çevirib, yaradıcılığında realizmə üstünlük verib.

Döyüşçü rəssamın yaradıcılığında müharibə mövzusundan danışan Naxçıvan Muxtar Respublikası Rəssamlar  Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva vurğulayıb ki,  İbrahim Safi 10 000-dən çox qiymətli sənət əsərləri yaradıb, dünyanın müxtəlif ölkələrində 100 sərgisi açılıb. Görkəmli fırça ustasının həyat və yaradıcılığı ilə bağlı tədqiqatlar aparan Əməkdar rəssam qeyd edib ki, 1918-ci ildə Qafqaz-İslam Ordusunun tərkibində Zəngəzur döyüşlərində könüllü  olaraq ermənilərə qarşı vuruşan İbrahim Safi müharibə mövzulu “Müharibənin acı nəticələri”, “Müharibədən sonra”, “Cinlər və şeytanlar” adlı əsərlər də yaradıb.

Sonra Ülviyyə Həmzəyevanın müəllifi olduğu  “Rəssam-impressionist” kitabının təqdimatı keçirilib.

Yubiley tədbiri AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Şəmsiyyə Zalovanın, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun, Naxçıvan Muxtar Respublikası Rəssamlar  Birliyinin  baş fond mühafizi, sənətşünas Nizami Alıyevin və İbrahim Safinin əmisi qızı Məhəbbət Səfiyevanın çıxışları ilə davam edib.

Sonda görkəmli rəssamın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasının

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.12.2023 18:34