AZ EN RU

Rəngarəng şəbəkələrdə yaşanan ömür

Şərq memarlığının izlərini özündə ehtiva edən Naxçıvan memarlıq məktəbinin möhtəşəmliyini bir sıra daş tikililərində, eləcə də müəyyən bəzək elementlərində görmək mümkündür. Xüsusən qapı və pəncərələrdə rast gəlinən taxta şəbəkələr bu gün də yaşadılır. Ənənəvi üsulla hazırlanan həmin taxta şəbəkələr heç bir yapışqandan istifadə olunmayaraq, həndəsi fiqurlarla kəsilmiş detalların bir-birinə bərkidilməsi ilə ərsəyə gətirilir. Bu ənənəvi sənətkarlığı yaşadanlardan biri də mərhum sənətkarımız Keykavuz Rüstəmov olub. Dövlət işlərində vəzifəli məmur kimi çalışan Keykavuz Rüstəmovun yaradıcılıq sahəsinə marağı onun tutduğu vəzifədən könüllü şəkildə uzaqlaşmasına gətirib çıxarır. Ailə üzvləri ilə,  oğlu Emin Rüstəmovla söhbətimiz zamanı bildirdi ki, Naxçıvan memarlıq məktəbi dünya memarlığına verdiyi töhfələrlə böyük yerə sahibdir. Keçmişdən bu günümüzə gəlib çatan maddi-mədəni miras kimi memarlıq abidələrimizdə rast gəldiyimiz şəbəkələr özünəməxsusluğu, estetik görüntüsü ilə seçilir. Daş tikililər üzərindəki oyma və eləcə də bir-birinə bəndlənmiş şəbəkələr sanki kodlaşdırılmış xalça çeşnilərinin daşlaşmış formasıdır. Xalqımızın dünyagörüşü mədəniyyətini, intellekt səviyyəsini elə bu cür kodlaşdırılmış şəbəkələrdə də görmək mümkündür. Fəxrlə bildirək ki, əsrlər öncə maddi-mədəniyyət abidələrimiz üzərində öz izlərini buraxmış naxçıvanlı sənətkarların əsərləri, bu gün də dünya əhəmiyyətli memarlıq abidələri siyahısındadır.

Öyrəndik ki, Emin Rüstəmov balaca yaşlarında qardaşı ilə emalatxanada atalarının yanında olar, ona bu zəhmətli işdə kömək edərmişlər. Atalarının bu işə marağı çox güclü imiş. Ömrünü bu sənəttə bağlayanlar üçün başıca keyfiyyətlərdən biri səbirli olmaqdır. Müsahibimdən atasının iş prosesindən, daha çox hansı materiallarla (xammalla) işləməsini soruşuram. Deyir ki, fıstıq ağacından hazırlanan sənətkarlıq nümunələri daha çox vaxt aparır, bir neçə mərhələli prosesdən sonra hasilə gəlirdi. Şəbəkələrin iqlim şəraitinə uyğun daha dayanıqlı olması üçün öncə taxtalar qaynadılıb qurudulur, sonrakı mərhələdə isə həmin taxtalar xüsusi ölçülərdə kəsilərək müxtəlif formalara salınırdı. Həndəsi fiqurlardan alınan şəbəkələrin içərisi isə taxta parçalarına uyğun ölçüdə kəsilmiş rəngli şüşələrlə bəzədilirdi. Əlvan rəngli naxış elementləri olan bu şəbəkələr interyerə göyqurşağı kimi al-əlvan estetik görüntü bəxş edir.

Şəbəkə ustası olan mərhum Keykavuz Rüstəmovun yaratdığı şəbəkələr də rəssam palitrasından süzülüb gələn rənglər kimi bu gün bir çox interyerlərin dizaynında öz əksini tapır. Onun yaratdığı sənət əsərləri Naxçıvan şəhərindəki Hüseyn Cavidin Ev Muzeyinin, paytaxt Bakıda yerləşən keçmiş  “İnturist” binasının “Şərq zalı”nın bir çox pəncərələri və eləcə də Naxçıvan şəhərindəki bir çox şəxsi yaşayış evlərinin bəzəyinə çevrilib. Bəlkə də səhhətində yaranan problemlər ona imkan versəydi, daha çox sənətkarlıq işləri görər, dünənimizdən bu günümüzə rəngarəng yaradıcılıq işığı saçmış olardı. Bu gün özü yaşamasa da onun əllərinin məhsulu olan sənətkarlıq nümunələri qiymətli sənət əsəri kimi göz oxşamaqdadır.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 01.03.2024 11:11