AZ EN RU

Regional iqtisadiyyatın dayanıqlı inkişafı diqqət mərkəzindədir

Yeni Dövlət Proqramı Naxçıvan Muxtar Respublikasını çoxcəhətli
 sosial-iqtisadi inkişafının ilk əsaslı yol xəritəsi olacaq

    Yeni iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən inkişaf strategiyası, ilk növbədə, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması və ixracyönümlü məhsul istehsalına keçməklə iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişləndirilmişdir. 
    Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başladı. Dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında olmuşdur. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixdə imzaladığı Fərmanla müəyyən edilmiş sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər bu sahədə əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirmişdir. Digər tərəfdən, iqtisadiyyatın bütün sahələrində inkişafa istiqamətləndirilmiş tədbirlərin ayrı-ayrı Dövlət proqramları çərçivəsində həyata keçirilməsi ümumi nəticədə səmərəliliyi xeyli artırmış, ümumi iqtisadi inkişafın mərkəzlə yanaşı, regionlara doğru istiqamətlənməsində müstəsna əhəmiyyət kəsb etmişdir.
    Ötən dövr ərzində dövlət başçısı cənab İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarını təsdiq etdi. Regionların inkişafına dair uğurla icra edilən I, II, III, IV Dövlət proqramları Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi, ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə gətirib çıxardı. Həmin Dövlət pro­qramlarının uğurlu icrası nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlığın inkişafına mühüm önəm verilib, sahibkarlara göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilib. Güzəştli kreditlər hesabına investisiya layihələri maliyyələşdirilib və kiçik sahibkarlığın daha da inkişafı üçün müvafiq tədbirlər görülüb. 
    Azərbaycanın ayrılmaz hissəsi, ölkəmiz üçün strateji əhəmiyyəti olan Naxçıvan Muxtar Respublikası da ölkə Prezidentinin daim diqqətində olmuş və qəbul edilmiş bütün Dövlət proqramlarına uyğun yüksək inkişaf və tərəqqi yolu keçmişdir.
    Prezident cənab İlham Əliyevin Naxçıvana səfərləri zamanı açılışını həyata keçirdiyi müxtəlif müəssisələr, reallaşan infrastruktur layihələri muxtar respublikada da dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətin müvəffəqiyyətlə tətbiq edildiyini deməyə əsas verir.
    Bu inkişafın daha da genişlənməsi, muxtar respublikanın müasir dünya iqtisadiyyatına inteqrasiyası, regionda əhəmiyyətinin artması, bölgə əhalisinin rifahının yüksəldilməsi, bundan sonra daha da sürətlənəcəkdir. Bunu Prezident cənab İlham Əliyevin  2023-cü il 5 iyun tarixdə imzaladığı Sərəncam ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan prioritetlərə əsasən əminliklə deyə bilərik. 
    Yeni Dövlət Proqramı muxtar respublikada iqtisadiyyatın bütün sahələrini əhatə edən, ümumilikdə, bölgənin müasir trendlərə uyğun inkişafının ilk əsaslı yol xəritəsi olacağını qeyd edə bilərik. 
    Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi, mövcud infrastrukturun və sosial xidmətlərin daha da yüksəldilməsi, əhalinin məşğulluğunun və maddi rifahının artırılması əsas prioritet kimi nəzərdə tutulmuşdur. 
    Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.
    Bəli, bu gün əminliklə deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası xalqımızın Ümummilli Lideri Heydər Əliyevin arzularının reallaşdığı möhtəşəm məkana çevrilməkdədir. Bu arzuları reallığa çevirən Prezident cənab İlham Əliyev Vətənə, xalqa xidmət yolu ilə qətiyyətlə irəliləyərək Azərbaycanın xoşbəxt gələcəyini inşa etməkdədir. 

Ülviyyə Həmzəyeva
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Nəşr edilib : 06.06.2023 19:31