AZ EN RU

Region üçün qarşıdakı 4 illik hədəflər bəlli oldu

Məqsəd 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinə nail olunmasıdır

    Məlum olduğu kimi, iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ı qəbul olunub. 
    Sərəncamda qeyd olunur ki, 2004-cü ildən etibarən qəbul edilmiş Dövlət pro­qramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Bu çərçivədə görülmüş işlər qarşıdakı illərdə də muxtar respublikanın inkişafı üçün geniş imkanlar yaratmışdır. Xüsusilə hazırkı  imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiy­yət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. 
    Dövlət Proqramı ilə tanışlıqdan məlum olur ki, yeni proqram əvvəlki illərdə qəbul edilmiş analoji variantlarından daha əhatəli və gələcəyə yönəlik mühüm prioritetləri özündə birləşdirərək daha mükəmməl hazırlanıb. Belə ki, proqramın hazırlanması üçün cari ilin əvvəllərindən muxtar respublikada bir çox sahələr ciddi təhlil olunub, mövcud vəziyyət yerində araşdırılaraq qiymətləndirilib və bütün bunların əsasında məqsədyönlü qərarlar verilərək qarşıdakı hədəflər müəyyənləşdirilib. 
    Aparılan təhlillər içərisində maraqlı nəticələrdən biri gələcək hədəflərin müəyyənləşməsində GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlilindən istifadə olunmasıdır. Məhz bu təhlil nəticəsində müəyyən olunub ki, dövlət xidmətlərinə əlçatanlıq səviyyəsinin aşağı olması, əlverişli biznes mühitini formalaşdıran zəruri təşviqlərin azlığı, maliyyəyə çıxış imkanlarının məhdudluğu, regionun enerji təchizatı və kommunikasiya xətlərinin aşağı səviyyədə diversifikasiya olunması, elektrik xətlərinin istismar müddətinin başa çatması, kənd təsərrüfatı və digər sahələr üzrə infrastruktur və su təminatı sistemində çatışmazlıqlar, ölkə­nin digər əraziləri ilə birbaşa quru nəqliyyat əlaqəsinin olmaması mövcud imkanlardan maksimum istifadəni məhdudlaşdırır. Diqqət etsək, görərik ki, zəif tərəflərdə əsas ağırlıq iqtisadi istiqamətlər üzrədir və regionun ölkə­nin digər əraziləri ilə nəqliyyat-kommunikasiya imkanlarının məhdudluğu istisna olmaqla (bu problemin həlli yerli idarəetmənin səlahiyyətindən asılı deyil), digər istiqamətlər üzrə “zəifliklər”, həm də bu sahədə indiyədək həll edilməmiş problemlərin mövcudluğundan xəbər verir.   
    Təhlükəli vəziyyətin yaranmasında isə indiyədək muxtar respublikada büdcə transferləri payının yüksək olması, ixrac bazarlarının coğrafi diversifikasiyasının məhdudluğu, istehsal olunan məhsulların beynəlxalq bazarlarda rəqabət üstünlüyünün itirilməsi təhlükəsi, qlobal iqlim dəyişikliyi təsirləri, xüsusilə əkinəyararlı torpaq sahələrinin səhralaşması və deqradasiyası, əhalinin digər regionlara və xarici ölkələrə miqrasiyası əsas götürülüb. 
    Real vəziyyətin dəyişdirilməsində, yəni proqramda icrası nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsində muxtar respublikanın “imkanları” və “güclü tərəfləri” də müəyyənləşdirilərək nəzərdən keçirilir. Güclü tərəf kimi muxtar diyarın təbii ehtiyatları və xammal bazası, bərpa olunan enerji potensialı (Günəş və külək enerjisi), sahibkarlığın inkişafına, ixracın stimullaşdırılmasına və əlverişli investisiya mühitinin yaradılmasına dövlət dəstəyi, beynəlxalq hava limanı, xarici ticarət üçün əlverişli iqtisadi-coğrafi mövqedə yerləşməsi əsas götürülür. 
    Potensial imkanlar kimi isə Naxçıvanın mühüm enerji və nəqliyyat dəhlizlərinə yaxınlığı, xüsusilə Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizlə logistik bağlantısı,  rəqabətqabiliyyətli turizm potensialı, ixracyönlü sənaye sahələrinin inkişaf perspektivləri, enerji təchizatı və kommunikasiya xətlərinin dayanıqlılığının artırılması və sair göstərilir. 
    Ümumilikdə, Dövlət Proqramında qarşıya qoyulan əsas prioritetlər muxtar respublikada əlverişli biznes mühitinin, o cümlədən azad iqtisadi zonanın  yaradılması, ticarətin, ixracyönlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, infrastruktur təminatının, sosial sektorun, insan kapitalının inkişafını təmin etmək, həmçinin elektrik enerjisi istehsalının və ixracının artırılması, institusional inkişafın, ətraf mühitin mühafizəsinin gücləndirilməsinin təmin olunmasıdır. 
    Beləliklə, yeni Dövlət Proqramını indiyədək qəbul edilmiş analoji proqramlardan fərqləndirən odur ki, əvvəlki Dövlət proqramlarında, əsasən, infrastruktur quruculuğu əsas rol oynayırdısa, yeni proqramda daha çox müxtəlif istiqamətlər üzrə iqtisadi və sosial hədəflərə nail olunması qarşıya məqsəd qoyulub. Diqqətçəkən məqamlardan biri də odur ki, yeni proqramda görüləcək işlərlə bağlı regionun spesifik xüsusiyyətləri nəzərə alınmaqla, həm də beynəlxalq təcrübədə təsdiqini tapmış ən yaxşı təcrübələrin tətbiqi də nəzərdən keçirilir. Xüsusilə Dövlət Proqramı hazırlanarkən davamlı inkişaf prinsipləri, o cümlədən BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” ilə müəyyən olunan Dayanıqlı İnkişaf Məqsədləri, həmçinin mütərəqqi beynəlxalq təcrübə və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi potensialı və ehtiyaclara əsaslanan çağırışlar nəzərə alınıb. Proqramın icrasında hədəflərə uyğun olaraq dayanıqlı iqtisadi artımın dəstəklənməsi, layiqli məşğulluq imkanlarının yaradılması, bölgə əhalisi üçün əlçatan, etibarlı və müasir enerji xidmətləri, insan rifahını dəstəkləyən keyfiyyətli və möhkəm infra­strukturun qurulması həm də 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinə nail olunması üçün atılacaq addımlardır.

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti

 

Nəşr edilib : 07.06.2023 19:10