AZ EN RU

Reallaşdırılan layihələr sosial-iqtisadi inkişafa töhfələr verir

    Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafında özəl sektorun əhəmiyyətli payı vardır. Yaradılan əlverişli biznes mühiti rəqabətqabiliyyətli məhsul istehsalını şərtləndirməklə yeni sahibkarlıq formalarının təşəkkül tapmasına, istehsal subyektlərinin ilbəil artmasına geniş imkanlar açır. Əvvəlki Dövlət proqramlarının davamı olaraq “Naxçıvan Muxtar Respublikasının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da iqtisadiyyatın inkişafında sahibkarların rolunun artırılması zəruri istiqamətlərdən biri kimi qarşıya qoyulub və ötən dövrdə bu istiqamətdə tədbirlərin reallaşdırılması diqqətdə saxlanılıb.Təbii ki, sahibkarlığın inkişafında, məhsul istehsalının stimullaşdırılmasında əsas məsələlərdən biri də sərfəli kredit imkanlarının yaradılmasıdır. Ötən dövrdə dövlətin bu yöndə atdığı addımlardan biri kimi ayrılan maliyyə vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yol açıb. 2022-ci ildə də təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb. Belə ki, cari ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 232 milyon 952 min 600 manat məbləğində kreditlər verilib. Bu bir il öncəki göstəricidən 25,4 faiz çoxdur. Həmin kreditlərin 19 milyon 19 min 800 manatı və yaxud 8,2 faizi qısamüddətli, 213 milyon 932 min 800 manatı və yaxud 91,8 faizi uzunmüddətli kreditlər olub.
    Həyata keçirilən iqtisadi islahatlar, verilmiş kreditlər yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, beləliklə də, ümumi daxili məhsul istehsalının artımına, ixrac imkanlarının genişlənməsinə yol açıb. 2022-ci ilin yanvar-oktyabr aylarında            2 milyard 446 milyon 943 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu isə 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5272,4 manat olub. Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılmasının nəticəsidir ki, hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. 
    Son illər qəbul olunan Dövlət pro­qramlarının uğurlu icrası bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması, əlverişli biznes mühitinin yaradılmasına və nəticədə, əmək bazarı və məşğulluq sahəsində irəliləyişlərin əldə olunmasına imkan verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” da artıq öz bəhrələrini verməkdədir. Pro­qramın icrasına müvafiq həyata keçirilən işlər nəticəsində cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 318 yeni iş yeri yaradılıb, bu müddətdə 425 nəfər əmək yarmarkaları vasitəsilə işə göndərilib. 2022-ci il 1 dekabr tarixinə sosial qayğıya ehtiyacı olan 384 ailənin özünüməşğulluğu təmin edilib. Reallaşdırılan layihələr, qurulan müəssisələr, məşğulluq tədbirlərinin icrası nəticəsində işsizliyin aradan qaldırılması ortaaylıq əməkhaqqının artımına da təsirsiz ötüşməyib. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 596,2 manat olub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çoxdur.

Nail ƏSGƏROV

Nəşr edilib : 13.12.2022 18:11