AZ EN RU

Ramazan xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsidir

    İslamın müqəddəs mərasimləri arasında Ramazan bayramı mühüm yer tutur. Mərhəmətli qəlblərin, duyğulu könüllərin, Ulu Tanrının dərgahına səmimi hisslərlə, sonsuz arzularla əl açıb, dualar edənlərin əziz bayramıdır Ramazan. Ramazan ayı rəhmət, bərəkət və sevgi ayıdır. Bu ay insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.  Orucluğun başa çatdığı gün “Ramazan bayramı” kimi qeyd olunur. Həmin gün bütün müsəlmanlar əsl bayram ab-havasında olur, bir-birlərini xoş arzularla təbrik edir, küsülülər barışırlar.

    Mənbələrdə bu bayramın tarixi müsəlman təqvimi ilə hicrətin ikinci ilindən başlayır. Ramazan orucu ilk dəfə həmin il fərz qılınmış, bu ayı oruc tutan möminlər sonrakı ayın üç gününü bayram kimi qeyd etmişlər.  Bir ay boyunca oruc tutmaq hər bir müsəlman üçün vacib olduğu kimi, Ramazan bayramında da imkanlıların fitrə vermələri vacibdir. “Bəqərə” surəsinin 183-cü ayəsində deyilir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, bunun vasitəsilə pis əməllərdən çəkinəsiniz! Oruc tutmaq sayı müəyyən olan (bir ay) günlərdir. Bu günlərdə sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tuta bilməyənlər isə hər günün əvəzində bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Kim fidyə miqdarını artırarsa, bu onun üçün daha xeyirlidir. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” 
    Bu ayənin nazil olmasından sonra müsəlmanlardan əksəriyyəti oruc tutur, tuta bilməyənlər isə yoxsullara yemək payı verirdi. Sonradan nazil olan ayə “sayı müəyyən olan” ifadəsini dəqiqləşdirdi. Bu günlərin ramazan ayı olması “Bəqərə” surəsinin 185-ci ayəsində məlum oldu: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə ona təzim və şükür edəsiniz”. 
    Ramazan bayramının möminlər arasında ayrı bir yeri var. Çünki Ramazan bayramı hər gün tutulan orucun iftar vaxtındakı sevinci kimi biraylıq orucun cəmi sevincini ifadə edər. Bir ay kimi uzun müddətdə, xüsusilə də Ramazan yay mövsümündə rast gəlindiyi isti günlərdə oruc tutan möminlər bir növ səbir imtahanı verərək mənəvi məsuliyyətdən qurtulmaq imkanı qazanırlar. İslam dininə görə, oruc tutanlar axirətdə və dünyada Allahın sevgisini qazanırlar. Bir sözlə, Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmə və Uca Yaradana yaxınlaşma ayıdır. On bir ayın sultanı olan Ramazanda müsəlmanlara həmrəyliklərini nümayiş etdimək üçün bir fürsət verilir. İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran müqəddəs kitabımız “Qurani-Kərim”in Ramazan ayının gecələrinin birində nazil olması ürəyimizdəki Allah sevgisini daha da artırır. Həmin gecə “Qədr” və ya “Əhya” gecəsi adlanır. “Qurani-Kərim”də “bu gecə ilə bağlı min aydan daha xeyirlidir” deyilir. Min ayı ilə çevirdikdə isə 83 ilə bərabər olur. Yəni bir insan ömrü qədər savabı bir gecədə qazanmaq imkanı verib bizə bu ay. Müqəddəs kitabın “Qədr” surəsində qədr gecəsi haqqında belə deyilir: “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin  doğmasına qədər aləmdir, sübhdür”. Orucluğun başa çatdığı gün “fitr bayramı” adlanır. Həmin  gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarətə gedir, ruhlarına dualar oxuyurlar. Bir ay boyunca oruc tutmaq hər bir müsəlman üçün fərz olunduğu kimi, Ramazan bayramında da fitrə vermək vacibdir. Peyğəmbərimz Məhəmməd Salavatullahın hədislərindən birində deyilir ki, Allah bəndəsindən tələb olunan sədəqə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında qalır.
    Ramazan bütün müsəlmanlar üçün əzizdir, müqəddəsdir. Bu bayramı İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı neçə əsrlərdir ki, yüksək inam və ruh yüksəkliyi ilə qeyd edir. Lakin, təəssüflər olsun ki, sovet hakimiyyəti dövründə başqa ibadətlər kimi oruc tutmaq da qadağan idi. Xalqımız, demək olar ki, bu bayramı gizli şəkildə qeyd edirdi. Lakin müstəqilliyimiz bərpa edildikdən sonra insanların vicdan azadlığı bərqərar olundu, ibadətlərə münasibət  dəyişildi. Və Ramazan bayramı ölkəmizdə Milli Məclisin “Azərbaycan Respublikası bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində keçirilməyə başlandı. Tarixboyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı artıq uzun illərdir ki, dünya müsəlmanlarının mübarək Ramazan bayramını könül xoşluğu ilə qeyd edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə Ramazan bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanılıb. “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”, – deyən Ulu Öndərimiz xalqımıza Ramazan bayramının böyük coşqu və sevinclə qeyd olunması kimi müqəddəs bir ənənəni miras qoyub. Bu ənənə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini bildirərək deyib: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır... Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu bizim böyük sərvətimizdir”. 
    Ölkə Prezidenti cənab İlham Əliyevin bu bayrama yüksək səviyyədə önəm verməsinin nəticəsidir ki, hər il keçirilən Ramazan bayramında müsəlmanlara təbrik məktubu ünvanlayır. Bu il də Ramazan bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyilir: “...Bəşər övladını əxlaqi paklığa, humanizmə, birlik və bərabərliyə dəvət edən, insanların ruhunu və mənəviyyatını saflaşdıran mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmək fürsəti əldə edir, mənəvi kamilliyin və savab əməllərin sevincini yaşayırlar. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur. 
    Əziz bacı və qardaşlarım! Cəmiyyətimizdə vəhdəti və həmrəyliyi daha da gücləndirən, xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən on bir ayın sultanı Ramazan ayı başa çatır. Bu mübarək bayram münasibətilə bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu, dua və niyyətlərinizi qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”
    Ramazan bayramı, həmçinin insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir. Məhz bu birlik, həmrəylik dövlətimizin daha da güclənməsini, düşmən tapdağındakı torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə edilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin bu ərazilərdə olması, həmin obyektlərin yenidən qurulması ilə bağlı tapşırıqları hər birimizi ürəkdən sevindirir. Bu, ölkəmizdə həm dini dəyərlərimizə, həm də hər bir müsəlmana göstərilən ən böyük qayğıdır.
    Naxçıvan Muxtar Respublikasında da milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, iftar süfrələri təşkil edilir, ehtiyacı olanlara yardım payları verilir, yeni məscidlər tikilir, mövcud olanlar müasir standartlar əsasında təmir və ya bərpa edilir, müqəddəs yerlərə ziyarətlər təşkil olunur. Bir sözlə, müqəddəs bayramlarımız ən yüksək səviyyədə qeyd edilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib.
    Bu əziz bayramı biz artıq coşğuyla, təntənə ilə qeyd edirik. Çünki xalqımız üçün bu Ramazan arzulara qanad açdıran, ürəkləri riqqətə gətirən, qəlblərə sevinc, ümid bəxş edən müqəddəs bayramdır. Bu bayram minarələrdəki işıqlardan məscidlərdəki çilçıraqlara, insanların çöhrələrindəki duruluqdan könüllərdəki aydınlıqlara qədər hər yeri özünün nuruna bürüyür, könüllərimizi xoş bir meh ilə oxşayır. Səmimi duyğularla oruc tutan bütün müsəlmanları bu müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, dövlətimizə güc, qüdrət, ölkə­mizə əmin-amanlıq, xalqımıza xeyir, bərəkət və bolluq arzulayırıq. Dualarınızın qəbul olması, arzularınızın gerçəkləşməsi diləyilə, Ramazan bayramınız mübarək!

Gülcamal TAHİROVA

Nəşr edilib : 20.04.2023 21:08