AZ EN RU

Ramazan günahların yandırılması, nəfsdən çəkinib bayram etmə ayıdır

Gecənin qaranlığında sevgi və istəklə oyanıb Ramazan ayında işıqlarını yandıran evlərin sakinləri Allahın ən xoşbəxt bəndələridir. Otuz ildən sonra bu evlərin sayı cəmi 44 gündə artdı ölkəmizdə. İndi bütövləşən Azərbaycan torpaqlarında çırağı yanan evlərin sayı artıb. Çünki neçə-neçə ataların duası olub imsaka Şuşada dursun, Xankəndidə, Xocalıda dursun. Neçə-neçə anaların duası olub iftarı Füzulidə, Zəngilanda, Laçında açsın. Neçə-neçə oğulların istəyi olub o torpaqları oruclu ziyarət etsin. Ürəklər təmiz, niyyətlər saf olarsa, səmaya ucalan dualar pıçıltı olub Allaha çatar. Əmrlər, qadağalar, olar-olmazların hamısı isə Allahın insana sevgisinin təzahürüdür. Ramazan ayı il ərzində günahdan qorunmaq üçün ən gözəl fürsətdir. Sanki Allah bizi bu bir ayda təcrübə etdirərək dözümlülük yaradır. Allah dostları yorulmur bu günlərdə Allah qapısına getməkdən. Üzrxahlıq üçün də, keçmişi düzəltmək üçün də ən gözəl fürsətdir bu ay.
Müqəddəs Ramazan ayı müsəlmanlara 622-ci ildə fərz edildi. Bu ay insanlara Allahı sevmək prinsiplərini öyrədir, onları öz iradələrini ortaya qoymağa, dözümlülüyünü yoxlamağa, təmiz vicdanlı olmağa yönəldir. Oruc ərəbcədən tərcümədə “çəkinmək” anlamına gəlir. Ramazan isə ərəbcədən tərcümədə “yandırmaq” anlamı verir. Yəni bu müddət ərzində insan təkcə qida ilə özünü sınamır, eyni zamanda baxışları ilə harama baxmamaqla, nitqi ilə qeybət etməməklə pislikləri yandırır. Ramazan ayı insanın müsbət keyfiyyətlərini artıran bir aydır. Bu baxımdan müqəddəs sayılır. Digər tərəfdən, ən gözəl dini bayram kimi xüsusi önəm daşıyır. Klassik ədəbiyyatımızda da ramazaniyyələr yazılaraq bu ayda insanlara oxunub. Tarixdə Ramazanla bağlı belə məqamlar çox olub. Ona görə Ramazan xalqın taleyinə yazılan müqəddəs bayram kimi qeyd olunur. Bu bayramda hər bir kəs özünü sınaqdan keçirir. Yəni mən Allahın sınaqlarına hazıram və layiqəm. Yəni Allah məni sınadı, dedi ki, oruc tut, mən də tutdum. Orucu açanda da “Allahım sənə güvəndim, sənə görə oruc tutdum”, – deyir. 
Ramazan müsəlmanlar üçün orucun vacib olduğu doqquzuncu qəməri ayıdır. Bu ay Allahın qonaqpərvərliyi, rəhmət, bağışlanma və bərəkət ayı, Quranın baharı adlandırılmışdır. Hədislərə görə, bu ayda cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır. Quranın nazil olduğu Qədr gecəsi bu aydadır. Tövrat və İncil kimi digər səmavi kitablar da bu ayda  nazil olunub. Ramazan ayı Quranda adı keçən yeganə aydır. Bu ayın müsəlmanlar üçün xüsusi yeri və hörməti vardır. Müsəlmanlar bu ayda ibadətə xüsusi diqqət yetirirlər. Bu ayın ən mühüm əməllərindən biri də Quran tilavəti, Qədr gecələrini diriltmək, dua etmək, istiğfar etmək, iftar etmək, yoxsullara kömək etməkdir. Bu ayın 21-də birinci imam Həzrət Əli şəhadətə qovuşub, İmam Həsən isə bu ayın 15-də dünyaya göz açıb. Ramazan ayında ibadət və oruc tutmaq müsəlman kimliyinin bir hissəsidir. İslam cəmiyyətlərində Ramazan ayı üçün məclislər, məscid və dini yerlərin təmizliyi, barışıq mərasimləri, daş atma mərasimləri, şirniyyat və xörək bişirmək kimi müxtəlif adət və ənənələr formalaşıb. Bu ayda məhrəm insanlar bir-birinə libas kimidir. Bəndələr bu ayda Allahın buyurduğu kimi yeyib-içir ta ki ağ sap kimi sübhün nuru qara sap kimi zülmətdən ayrılana qədər. Sonra Günəş batana və axşam namazının vaxtı daxil olana qədər oruc tutulur. 
Oruc bir qalxandır. Oruc tutarkən pis söz danışmaq olmaz. Oruc tutanın iki sevinc anı vardır: biri iftar etdiyi zaman, digəri isə orucunun savabı ilə Rəbbinə qovuşduğu vaxtdır. Orucluq hələ İslamdan da əvvəl mövcud idi. Bu haqda Quranda deyilir: “Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, sizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir”. Orucluq Fitr bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır. 1993-cü ildən Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur.
Hər bir dində oruc tutmaq, orqanizmi həm fiziki, həm də mənəvi baxımdan təmizləmək ənənəsi var. İslamda isə il ərzində bir dəfə – Ramazan ayında oruc tutmaq buyurulub. Ramazan 11 ayın sultanı sayılır. İslami ehkamlara görə, Ramazan ayında günahlar bağışlanır. Şəriət kitablarının yazdığına əsasən Ramazanın ən böyük fəziləti ondan ibarətdir ki, Allah bu müqəddəs ayda edilən duaları qəbul edir. Bu ayda oruc tutan müsəlmanlar günahdan təmizləndiklərinə əmin olduğu üçün yayın istisində də, qışın soyuğunda da ibadətlərini davam etdirirlər. İslam inancına əsasən Allah buyurur: “Oruc mənim üçündür və mən də onun mükafatını öz dərgahımda xüsusi olaraq verəcəyəm”. Yayda tutulan orucun savabı ona görə böyük hesab olunur ki, Allah isti havalarda öz bəndəsinin səbrini bir daha sınağa çəkir, onu dözümlü olmağa çağırır. “Qurani-Kərim”də deyilir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi”. Oruc müəyyən və sayılı günlərdə tutulur. Orucun vacib olduğu Ramazan ayı insanlara hidayət olan, onlara doğru yolu göstərən və haqqı batildən ayıran ən açıq dəlilləri ehtiva edən “Qurani-Kərim”in nazil edildiyi aydır. Bütün bunlar Allahın izzətini tanımaq və sizə doğru yolu göstərdiyi üçün Ona şükür etmək üçündür. 
Ramazanın son gününə qədər insanlar oruc tutub, ibadət edir, günahlardan arınmaq üçün nəfslərindən qaçıb Allaha sığınırlar. Quranın yer üzünə nail olduğu bu ayda hər kəsin üzündə bir bəxtəvərlik, sevinc yaranır. Lakin ürəyi Allah eşqi ilə döyünən ariflər üçünsə bu ayın son günləri o sevinc yox olur. Səbəbi isə budur ki, aşiqlər öz məşuquna yetişmədi. Ona görə də hicran yenə davam edir. Bu baxımdan nə qədər ki insanın bədənində nəfsi var, nə qədər ki bu nəfsi cilovlaya bilmir, o zaman bu istəkdən keçərək bayram etmək olar. Məhz Ramazan ayının bir digər mənası da nəfsdən qurtulub bayram etmək anlamındadır. İnsan yaşadığı müddətdə tam nəfsdən qurtula bilməz. Gərək cismi təhvil versin ki, ruhu qurtulsun. Bu mənada, Ramazan sanki nəfsdən az müddətə epizodik qurtulmadır. 
Göydən yerə rəhmət tökülən bu ay artıq bizimlə vidalaşır, bizi öz hicranına bürüyərək gözümüzü yolda qoyur. Nə qədər çətin olsa da, bu müqəddəs bayramda rəhmət ayı ilə sağollaşmağa üz tuturuq. Bu ayın haqqını yerinə yetirə bilməsək də, bu ay üçün çox darıxacağıq. Salamat get, ey Allah dostlarının bayramı, salamat get, ey ayların ən xeyirlisi, salamat get, ey Ramazan ayının gündəlik duaları, salamat get, ey iftar vaxtları, salamat get, ey o başdan oyanıb ibadət etdiyimiz saatlar, salamat get, ey ən gözəl vaxtlarımız!

Fariz ƏHMƏDOV

Nəşr edilib : 10.04.2024 09:00