AZ EN RU

Ramazan bayramı birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin rəmzidir

    Ramazan bayramının xalqımızın qəlbində ayrıca bir yeri var. Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə, oruc tutanlar Allahın sevgisini qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.

    Orucluğun başa çatdığı gün “Ramazan bayramı” kimi qeyd olunur. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin məzarlarını ziyarətə gedir, ruhlarına dualar oxuyurlar. Bayram günləri həm də küsülülər barışar, ailə üzvlərinə bayramlıqlar hədiyyə edilər. Bir ay boyunca oruc tutmaq hər bir müsəlman üçün vacib olduğu kimi, Ramazan bayramında da imkanlıların fitrə vermələri vacibdir. Peyğəmbərimizin hədislərindən birində deyilir ki, Allah bəndəsindən tələb olunan sədəqə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında asılı qalar. Həddi-büluğa çatmış hər bir müsəlmana oruc vacibdir. Üzrsüz səbəbdən oruc tutmamaq günahdır və cəzası (kəffarəsi) vardır.  Kəffarə bir gün bilərəkdən tutulmamış oruca görə iki ay ardıcıl oruc tutmaq və ya altmış yoxsulu doyuzdurmaqdır. Oruc tuta bilməyən əldən düşmüş və yaşlı şəxslər isə Ramazanın hər günü üçün fidyə verirlər. Fidyənin miqdarı fitrə qədərdir.
    Ramazan bərabərlik ayıdır. Bu ay varlıdan kasıba kimi hamı Allahın bəndəsi olduğunu anlayır. Çünki iftar vaxtı gəlməyənədək suyu belə, içə bilməyən insan bu vəsilə ilə Yaradanın böyüklüyünü dərk edib ona şükür edir. Oruc tutmaq həm də insanı sağlamlaşdırır. Çünki on bir ay ərzində çalışan insan orqanizmi orucluq vaxtı dincəldikdən sonra funksiyasını daha rahat yerinə yetirir. Müasir tibb elmində də oruc tutmağın faydaları barədə xeyli məlumatlar var. 
    Ramazan bayramı maddi dünyanın deyil, mənəvi aləmin təntənəsi, coşqusudur. Bütün fəsillərin, ayların ruhunu və onlardan süzülüb gələn mənaları bizə təqdim edən Ramazan günlərini bu il də böyük sevinclə qarşılayırıq. Əlbəttə, bayramda ən birinci valideynlərimizi təbrik etməli, qulluqlarında durmaqla onlara əsl bayram sevinci yaşatmağa çalışmalıyıq. Allah-Taala “Qurani-Kərim”də də valideynlərə hörmət etməyi buyurub. Xüsusilə bayram günlərində ailə üzvlərini sevindirmək, onlara qarşı səmimi məhəbbət nümayiş etdirmək bu bayramın şərtlərindəndir.
    Müqəddəs Ramazan bayramı hər il dünya müsəlmanları tərəfindən böyük təntənə ilə qeyd olunur. Bu bayram bütün İslam aləminin həmrəylik və qardaşlıq timsalına çevrilib. Bayram günlərində insanlar arasında Allaha inam, Vətənə, torpağa, xalqa bağlılıq hissindən doğan bir nikbinlik əhvali-ruhiyyəsi yaşanır. 
    Tarixboyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı da dünya müsəlmanlarının mübarək Ramazan bayramını könül xoşluğu ilə qeyd edir. Bu bayram günlərində xalqımız respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsini ehtiramla yad edir, hər yerdə şəhidlərimizin ruhuna dualar oxunur. 
    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Ramazan bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanıb. “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”, – deyən ulu öndərimiz xalqımıza Ramazan bayramının böyük coşqu və sevinclə qeyd olunması kimi müqəddəs bir ənənəni miras qoyub. Bu ənənə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini bildirərək deyib: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-­mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır... Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu bizim böyük sərvətimizdir”.
    Ramazan bayramı, həmçinin insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir. Məhz bu birlik, həmrəylik dövlətimizin daha da güclənməsini, düşmən tapdağındakı torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə edilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin bu ünvanlarda olması, həmin obyektlərin yenidən qurularaq dindarların ixtiyarına verilməsi ilə bağlı tapşırıqları hər birimizi ürəkdən sevindirir. Bu, ölkəmizdə həm dini dəyərlərimizə, həm də hər bir müsəlmana göstərilən ən böyük qayğıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyilir: “Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerant­lıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm”.
    Naxçıvan Muxtar Respublikasında da milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız ən yüksək səviyyədə qeyd edilir. Yeni məscidlər tikilir, mövcud olanlar müasir standartlar əsasında təmir və ya bərpa edilir, müqəddəs yerlərə ziyarətlər təşkil olunur. Müstəqillik illərində muxtar respublikada 169 məscid tikilib və ya yenidən qurularaq dindarların ixtiyarına verilib. Nuh Peyğəmbərin türbəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və 3 imamzadə bərpa edilib. Hazırda muxtar respublikada 214 məscid vardır. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib.
    Muxtar respublikada Ramazan ayı və orucluq mərasimləri hər il mənəvi dəyərlərimizə uyğun şəkildə keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “İnsan mənəviyyatının saflaşması, əxlaqi dəyərlərin bərqərar olması işinə yönəldilmiş hər bir fəaliyyət yüksək qiymətə layiqdir. Muxtar respublikamızda da dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, İslamın müqəddəs ayin və bayramlarının qeyd edilməsinə xüsusi diqqət yetirilir”. Cari il mart ayının 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirə də ölkəmizin ayrılmaz parçası olan Naxçıvanda dini-mənəvi dəyərlərə göstərilən ehtiramın daha bir ifadəsi oldu. Aprelin 21-də müqəddəs Ramazan ayı münasibətilə iftar paylarının verilməsi də muxtar respublikada mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edir.
    Oruc tutmağın məqsədi dini mükəlləfiyyəti icra etməklə Allahın əmrlərindən birini yerinə yetirməkdir. Bununla yanaşı, orucun əxlaqi və ictimai baxımdan da müəyyən fayda və hikmətləri vardır. 653-cü ildə İslam dininin könüllü qəbul edildiyi təktanrıçılığın mərkəzlərindən biri olan qədim diyarımız Naxçıvanda sağlam dini etiqad və zəngin mənəvi dəyərlər sistemi formalaşdırılıb. XV əsrdə tərtib olunmuş “Dünyanın İslam tarixi xəritəsi”ndə də Naxçıvan İslamın ən güclü dayaqlarından biri kimi göstərilib. Ali Məclis Sədrinin dediyi kimi: “Mənəvi dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır... O cəmiyyət sağlamdır ki, orada mənəvi dəyərlərə sahiblik vardır”.
    Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Allah orucunuzu və dualarınızı qəbul etsin! Ramazan Bayramınız Mübarək olsun!

 “Şərq qapısı”

Nəşr edilib : 29.04.2022 21:24