AZ EN RU

Ramazan aylarında daha çox ziyarət olunan müqəddəs məkan – “Əshabi-kəhf”

Naxçıvanda dini-mədəni inancların qorunub saxlanıldığı, möcüzəvi xüsusiyyətləri, sirli-sehrli görünüşü ilə diqqəti cəlb edən məkanlardan biri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksidir. Müqəddəs Ramazan bayramında insanların ən çox ziyarət etdikləri bu ziyarətgah Culfa rayonunun ərazisində, Haçadağla Nəhəcir dağı arasındakı təbii mağarada qərar tutub. 
Bu müqəddəs ocaq Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə “Əshabi-kəhf”in abadlaşdırılması və bərpa edilməsi barədə göstərişindən sonra yenidən qurulub, burada məscid tikilib, zəvvarlar üçün hər cür şərait yaradılıb. Paklığın, müqəddəsliyin rəmzi sayılan ziyarətgaha gedən yollar abadlaşdırılıb. 
Tarixi eramızdan əvvəl III-I minilliklərə söykənən, adı müqəddəs kitabımız “Qurani-Kərim”də çəkilən “Əshabi-kəhf” insanı başqa bir aləmə aparır. İllərin sirrini, möcüzələrini özündə saxlayan qeyri-adi və nəhəng mağaralar insanı ziyarətin ilk dəqiqələrindən öz ağuşuna alır. Buradakı qaynar bulaq möcüzəvi aləmin göstəricisidir. Ziyarətgahdan bir qədər aralıda yerləşən bulağın suyundan müalicə məqsədilə də istifadə edilir. Ziyarətgahdakı məscidin qabağındakı “qaradaş” buraya ayaq basan hər bir ziyarətçinin baş çəkdiyi yerdir. İnsanlar həmin daşa toxunur, onun ətrafında dövr edərək niyyət tutur. Beləliklə, niyyətlərinin qəbul olunacağına inanırlar.
Məscidin yuxarı tərəfində yerləşən “Damcıxana”ya pilləkənlərlə qalxan zaman uzaqdan görünən qeyri-adilik insanı bir anlıq dayanıb mənzərəyə tamaşa etməyə vadar edir. Maraqlıdır ki, həmin yerdə ilin bütün fəsillərində tavandan su damır. İnsanlar daşların üzərində dayanaraq, ya da əyləşərək ürəklərində niyyət tutub gözləyirlər. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez hasil olunacağına işarətdir. Damcı düşməsə isə onun qəbul olunmayacağına inanılır.
Ziyarətgahda ən uca yer “Cənnət bağı”dır. Yaradılan şərait nəticəsində ziyarətçilər dəmir pilləkənlərlə bura rahat qalxa bilirlər. Hər tərəfdən yüksək qayalarla əhatə olunan bu bağ duaların qəbul olunduğu yer sayılır. Bütün dinlərin mənsublarının ziyarət etdikləri “Əshabi-kəhf”in müsbət aurası var. Bura günahların təmizləndiyi, insanı saflaşdıran, bütün ruhi əzablardan xilas etməyə qadir müqəddəs bir yerdir. Bu gün ziyarətgaha gələn yüzlərlə adam İslam dininin saf, təmiz, insanı mənən saflaşdıran, ucaldan, Allah qatında bir yerə sahib olduqlarını hiss etdirən müqəddəs din olduğunu daha dərk edir. 
Dünya əhəmiyyətli “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi Naxçıvanın qədim tarixə malik olduğunu göstərir. Eyni zamanda İslam mədəniyyətinin paytaxtı olmuş muxtar respublikamızın dünya səviyyəsində təbliğinə, turizminin inkişafına öz töhfəsini verir. Uca Allah müqəddəs Ramazan ayında edilən ziyarətləri və duaları, tutulan orucları qəbul eləsin! 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 08.04.2024 13:54