AZ EN RU

Rahid Ələkbərli Sədərək rayonunda vətəndaşları qəbul edib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli Sədərək rayonunda vətəndaşları qəbul edib. Həmçinin Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə nazirlik tərəfindən “İKT və Rəqəmsallaşmada sosial məsuliyyət" mövzusunda seminar keçirilib.

Qəbul zamanı rayonda əhaliyə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı müraciətlərə baxılıb. Müraciətlərin bir hissəsi yerindəcə həll olunub, araşdırma tələb edən müraciətlərin isə həlli üçün müvafiq tapşırıqlar verilib.

“İKT və Rəqəmsallaşmada sosial məsuliyyət" mövzusunda keçirilən  seminarda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və rəqəmsallaşmanın cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olduğunu bildirib.

Rahid Ələkbərli seminarın əhəmiyyətinə toxunaraq vurğulayıb ki, rəqəmsallaşma və İKT-nin muxtar respublikada sürətlə inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Rəqəmsallaşma sahəsində yeni infrastruktur quruculuğu, mövcud infrastrukturun müasirləşdirilməsi və yeni texnologiyaların tətbiqi istiqamətində layihələrin hazırlandığını vurğulayan Rahid Ələkbərli həyata keçirilən tədbirlərin öz növbəsində dövlət qurumlarında baş verən proseslərin səmərəliliyi ilə yanaşı, təhlükəsizlik və etibarlılığa da zəmin yaratdığını bildirib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2024-cü il üçün “İş Planına” əsasən vətəndaş qəbulunun və seminarın digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 25.01.2024 22:35