AZ EN RU

Rabitəçi-mühəndislərin MERN Stack proqramlaşdırma kursları davam edir

    Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması, onların bilik səviyyələrinin artırılması və təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, nazirliyin təşkilatçılığı ilə mühəndis-proqramçıların informasiya texnologiyaları sahəsində nəzəri bilik və təcrübələrinin artırılması üçün onlar təcrübəli təlimçilər tərəfindən müvafiq kurslara cəlb olunurlar. Bu istiqamətdə təşkil edilən kurslarda proqramlaşdırma dillərində təlimlər keçməklə yanaşı, sistem və şəbəkə inzibatçılığı, verilənlər bazası və mobil tətbiqlərin yazılması üzrə də  müəyyən biliklərə yiyələnirlər. 
    Kurslar zamanı front-end və back-end devoloperlər olmaqla proqramlaşdırma sahəsində ən çox istifadə olunan müasir proqramlaşdırma dilləri (HTML5, CSS3, Javascript Ecmascript 6, PHP, Node js, Phyton, Java) və onların kitabxanaları barəsində məlumatlar verilir. 
    Həyata keçirilən tədbirlərin davamı olaraq növbəti mərhələdə nazirliyin aparatının, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin mühəndis-proqramçıları MERN Stack proqramı üzrə kursa cəlb olunublar. MongoDB, Express, React və Node.js-dən ibarət MERN Stack proqram toplusu internet proqramlarının daha asan və sürətli yazılması üçün istifadə edilir. Bu dörd güclü texnologiyanın hər biri müasir dizaynlı veb səhifələrinin front-end və back-end hissələrinin yazılmasında böyük rol oynayır. 
    MERN Stack proqram toplusuna daxil olan MongoDB NoSQL verilənlər bazasıdır və proqramçılara sxem, verilənlər bazası, cədvəllər və sair yaratmağa imkan verir. Back-end hissəsinin yazılmasında isə Node.js kitabxanası olan Expressdən istifadə olunur və arxa kod yazmağı asanlaşdırır. Express veb proqramların və API-lərin (Application Programming İnterface-Tətbiqi proqramlaşdırma interfeysi) dizaynında da istifadə edilir. İstifadəçi interfeyslərinin qurulması üçün isə JavaScript kitabxanası olan React istifadə olunur. 
    Qeyd edək ki, kurslar bu sahədə müəyyən biliyə malik təcrübəli təlimçi tərəfindən tədris olunur. Kurslarda mühəndis-proqramçılar müasir dizaynlı proqramların yazılması, onların qlobal şəbəkədə yerləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi, axtarış sistemlərində qeydiyyatdan keçirilməsi barəsində də müəyyən biliklərə yiyələnirlər.

     Naxçıvan Muxtar Respublikası
 Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.10.2022 21:00