AZ EN RU

Rabitə xətlərində təmir-bərpa işləri davam etdirilir

    Sədərək rayonunda digər sahələrdə olduğu kimi, rabitə və yeni texnologiyalar sahəsində də sürətli inkişaf müşahidə olunur. Həyata keçirilən sosial-iqtisadi islahatlar rabitə sahəsinin inkişafına əsaslı zəmin yaradıb, ən müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilib. Ən müasir texnologiyaların tətbiq edildiyi rayonda həyata keçirilən tədbirlər uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.

    Rayonun bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin olunub. Sakinlərin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə rayon mərkəzində və kəndlərdə mövcud avtomat telefon stansiyalarının  internet tutumları artırılaraq internet istifadəçilərinin tələbatının ödənilməsinə şərait yaradılıb. Həmçinin istismar müddəti ərzində rabitə xətt və abunə qurğularında yaranmış  nasazlıqların aradan qaldırılması  istiqamətində də operativ və zəruri tədbirlər həyata keçirilir. Belə ki, rayonun Sədərək, Dəmirçi və Qaraağac kənd­lərində xətt təsərrüfatında təmir-bərpa işləri davam etdirilir. Uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri metal dirəklərlə əvəz olunur, müxtəliftutumlu kabellər çəkilir və digər nasazlıqlar aşkar edilərək bərpa olunur.
    Qeyd edək ki, rayonun Dəmirçi və Sədərək kəndlərində istismarda olan yeni nəsil avtomat telefon stansiyalarının internet tutumu da artırılıb. 

Naxçıvan Muxtar Respublikası 
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin
mətbuat xidməti

Nəşr edilib : 30.06.2022 18:45