AZ EN RU

Qurut - qışın ən ləziz yeməklərindən biri

    Hər bir mətbəxin gözəlliyi, zənginliyi məxsus olduğu ailənin, bölgənin milli sərvətidir. Bu milli sərvətə isə ilk dəyəri ondan istifadə edən qonaqlar verir. Bu baxımdandır ki, Ordubadı ən qonaqpərvər məkan sayırlar. Ordubad mətbəxinin də əsas üstünlükləri məhz qonağın çox olmasıdır. Elə qonağı olduğumuz Bist kəndi kimi...
    İnsanlarının qonaqpərvərliyi, çörəyə verdiyi dəyər bölgədə sakinlərin həvəslə bişirib ərsəyə gətirdikləri bəzi yeməklərin dadını bir başqa edir. Bist kəndində, xüsusən qış aylarında ən çox hazırlanan və sevilən yeməklərdən biri qurutdur. Kənd sakini Nəzakət Qasımova qurutu ən dadlı şəkildə hazırlayanlardan biridir. Qurutun qurudulması qədər isladılıb, yenidən duru hala salınması da böyük zəhmət tələb edir. 
    Nəzakət xanım qurutun necə hazırlanmasından danışaraq deyir ki, may, iyun, bəzən də iyul aylarında bunu hazırlamağa başlayırlar. Qatığı bir gün saxladıqdan sonra nehrəyə töküb çalxalayır, yağı üzünə yığıldıqdan sonra ayranı torbalara töküb yeşiyə yığırlar. İki gün ərzində ayranın suyu süzülür. Qurut hazırlanarkən istifadə olunan suyu da  qaynayıb soyuduqdan sonra istifadə etmək lazım gəlir. Çiy su qurut üçün əlverişli deyil. Qurutu su ilə əzdikdən sonra tənzifdən keçirib süzürlər. Süzmə prosesi qurutun artıq duzlarının təmizlənməsi üçündür. İş bitdikdən sonra duru qurut ocağın üzərinə qoyularaq qarışdırılır. Qurut tam hazırlandıqdan sonra üzlüyü hazırlanır. Bunun üçün doğranmış soğan, yağ və maralotu lazımdır. Maralotu quruta xüsusi dad verir. Yağ əridikdən sonra doğranmış soğanlar əlavə olunur. Soğanı qızardılıb, saralan zaman quru maralotu ovulub soğançaya əlavə edilir. Boşqablardakı quru lavaşın üzərinə yeməyin suyunu gəzdirərkən qurut artıq süfrənin bəzəyinə çevrilir. Nəzakət Qasımova onu da diqqətimizə çatdırır ki, qurutu birbaşa günəşin altında qurutmaq olmaz. Günəşin altında quruduğu zaman bərkləşir və rəngi saralır.
    Əmələ gələn məhsulu tənəyə töküb üzərinə duz əlavə edirlər. Nəzakət xanım onu da deyir ki, qurutun üzərinə tənzif çəkilir və qışa saxlayırlar. Bu şəkildə hazırlanan qurutu uzun müddət saxlamaq olur. Düzgün hazırlanmış, vitaminlərlə zəngin olan bu məhsulu keyfiyyətini itirmədən ən az 7-8 il saxlamaq mümkündür. Bu səbəbdən də qədim zamanlarda qurut səyyahların, döyüşçülərin, ziyarətçilərin özləri ilə götürdükləri əsas qida məhsulu olub.
    Qeyd edək ki, bu ləziz təamı, həmçinin xəngəl, əriştə və bir çox başqa yeməyə də əlavə edərək yeyirlər, qurutdan qurutaşı da bişirilir, qurut pendir kimi də istifadə edilir. Müsahibimiz onu da vurğulayır ki, qurut hər zaman Ordubada təşrif buyuran qonaqlar üçün süfrəyə gətirilən ən ləziz yemək hesab olunur.

Aysel YUSİFZADƏ

Nəşr edilib : 15.12.2023 18:05