AZ EN RU

Qürurun və kədərin ən gözəl təcəssümü – şəhidlik (esse)

    Düşüncələrinin ağırlığını daşıya bilmədiyi üçün yatdığı yerdən yavaşca qalxdı və pəncərəni açaraq budağından ayrılaraq yerə tərəf düşən saralmış yarpaqları seyr edirdi. Artıq payız ayları düşmüşdü təqvimin səhifələrinə. Sanki öz doğmalarından ayrılaraq həsrət çəkən analar kimi çarəsiz idi ağaclar, ya da elə öz doğmalarından əbədi ayrılanlar kimi. Dünəndən bəri yağan yağışın təsiri ilə torpaqdan yayılan o tanış qoxunu çəkdi ciyərlərinə. Pəncərəni bağladı və pencəyini geyinərək evdən çıxdı. Narın-narın yağan yağışın altında addımlamağa başladı, üzünə düşən hər yağış damlasında uşaqlığını xatırlayır, keçən zamana boylanırdı. Üzərində aramla addımladığı torpaq da onun üçün artıq daha müqəddəs, daha mənalı idi. O, ağacların altında düşüncəli addımlarla irəlilədikcə ömrünün səhifələrindən keçən illəri düşünürdü. 
    Zamanın necə keçdiyini bilmədən yarım saat sonra artıq getməli olduğu yerə çatmışdı. Sakit addımlarla sanki yatan kimisə narahat etməkdən çəkinirmiş kimi yeriyirdi. Buraya hər gəldikdə içində baş qaldıran o tanış hisslər yenə bütün bədənini sarmışdı. Sırayla düzülmüş, al qanları ilə tarixin səhifələrinə həkk olmuş bu müqəddəs şəhidlərin yanından keçdikcə sanki dünya onun üçün qaralırdı, amma əzəmətlə dalğalanan üçrəngli bayrağı gördükcə ayrıca fərəh və qürur hissləri bürüyürdü onu. Bir neçə məzar sonra Azərbaycanın üçrəngli bayrağının üzərində ucaldığı o məzarın qarşısında idi. Bu məzar canından daha çox sevdiyi, doğması, bayaq düşündüyü o uşaqlığının qəhrəmanı, qardaşının məzarı idi. Dilində qəlbini sıxan və demək istədiyi sözləri, gözlərində isə axıtmaq istədiyi yaşları var idi. Amma o ağlamaq istəmirdi, könlündən gələn o qəmli və qəhərli yaşları özü üçün saxlamaq istəyirdi. Daim mətin və başı dik duracaqdı. Qardaşının məzarı başında keçən dəqiqələr qəlbinə, ruhuna bir sakinlik gətirirdi.
    Həmin anlarda nələr hiss etdiyini sözlə ifadə etmək, əslində, mümkünsüz idi. Kədərin qürurla qarışdığı o gün idi. Bəzən ağlında köhnə xatirələr canlanırdı. Nələri qurban verməzdi həmin anları yenidən yaşamaq üçün, yenidən qardaşının varlığını hiss etmək üçün. Bilirdi ki, qardaşı şəhid olsa da, daim qəlblərdə yaşayır. Bu hiss, bəlkə də, ona təskinlik verən yeganə hisslərdən idi.
    Bəli, 27 sentyabr 2020-ci il tarixdə başlayaraq 44 gün davam edən və Azərbaycanın illərdir, düşmən tapdağı altında olan əzəli torpaqlarının azad edilməsi ilə nəticələnən Vətən müharibəsində şəhidliyə ucalan igidlərdən biri də onun qardaşı Ərtoğrul Hümbət oğlu Nadirli idi. Ərtoğrul 31 mart 1997-ci ildə Sədərək rayonunun Sədərək kəndində anadan olmuşdu. 2003-cü ildə kənd 1 nömrəli tam orta məktəbdə birinci sinifdə təhsil almağa başlamışdı. 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olan Ərtoğrul liseyi əla qiymətlərlə bitirmiş və elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdu.
    2019-cu ildə həm Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi almışdı. Əvvəlcə Qazax rayonunda sonra isə Goranboy rayonundakı “N” hərbi hissədə xidmətini davam etdirirdi. Ərtoğrul Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhadətə yüksəldi.
    Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildi.
    O bütün bunları düşünüb nə qədər kədərlənsə də, əslində, hər kəs kimi o da qardaşı ilə qürur duyurdu. Vətənin azadlığı uğrunda düşmən üzərinə yüyürən, bütün arzularını, həyatını gözünü belə qırpmadan qurban verən düşmən tapdağı altında əzab çəkən torpaqlarımızı Azərbaycana yenidən qovuşdurmuşdu o igidlər. O, fikirlərindən ayrılıb saatına baxdı. Artıq 2 saata yaxın burada olduğunun fərqinə vardı. Qardaşı ilə yanaşı olan digər şəhidlər üçün də dua oxuyaraq sakit addımlarla ocaqları tüstülənən kəndin içərilərinə, evinə doğru yol aldı.

Tərlan İbrahimova
     Naxçıvan Dövlət Universitetinin 
Jurnalistika ixtisası üzrə  III kurs tələbəsi

Nəşr edilib : 14.11.2023 18:06