AZ EN RU

Qürurun və kədərin ən gözəl təcəssümü – Şəhidlik

Düşüncələrinin ağırlığını daşıya bilmədiyi üçün yatdığı yerdən yavaşca qalxdı və pəncərəni açaraq budağından istəmsizcə ayrılaraq yerə tərəf düşən saralmış yarpaqları seyr edirdi. Artıq payız ayları düşmüşdü təqvimin səhifələrinə. Sanki, öz doğmalarından ayrılaraq, həsrət çəkən analar kimi çarəsiz idi ağaclar, ya da elə öz doğmalarından əbədi ayrılanlar kimi. Dünəndən bəri yağan yağışın təsiri ilə torpaqdan yayılan o tanış qoxunu çəkdi ciyərlərinə. Kim bilir bəlkə də, torpağın altına sevdikləri var idi deyə o qoxu ona belə xoş təsir bağışlayırdı. Pəncərəni bağladı və pencəyini geyinərək evdən çıxdı. Narın-narın yağan yağışın altında addımlamağa başladı, üzünə düşən hər yağış damlasında uşaqlığını xatırlayır, keçən zamana boylanırdı. Üzərimdə aramla addımladığı torpaq da onun üçün artıq daha müqəddəs, daha mənalı idi. O, rəngarəng yarpaqlı ağacların altında düşüncəli addımlarla irəlilədikcə ömrünün səhifələrindən keçən o illəri düşünürdü. Həyatda ən çətin şeylərdən biri yoxluğu qəbul etməkdirmi? - deyə suallar qarşısında cavablar axtarırdı. Bəlkə də cavabları tapmışdı, ancaq acı reallıqla üzləşmək qorxudurdu onu. Həmin reallığın kədərini, ağrısını, acısını tam mənasıyla duyurdu qəlbində. Həmin anlar bəzən bir göz qırpımı, bəzən də bir ömür kimi keçmişdi onun üçün.

 Saatın necə keçdiyini bilmədən yarım saat sonra artıq getməli olduğu yerə çatmışdı. Sakit addımlarla, sanki yatan kimisə narahat etməkdən çəkinirmiş kimi yeriyirdi. Buraya hər gəldikdə içində baş qaldıran o tanış hisslər yenə bütün bədənini sarmışdı. Sırayla düzülmüş, al qanları ilə tarixin səhifələrinə həkk olmuş bu müqəddəs şəhidlərin yanından keçdikcə, sanki dünya onun üçün qaralırdı, amma əzəmətlə dalğalanan üçrəngli bayrağı gördükcə isə ayrıca fərəh və qürur hisləri bürüyürdü onu. Bir neçə məzar sonra, Azərbaycanın üçrəngli bayrağının üzərində ucaldığı o məzarın qarşısında idi. Bu məzar canından daha çox sevdiyi, doğması, bayaq düşündüyü o uşaqlığının qəhrəmanı, qardaşının məzarı idi. Dilində qəlbini sıxan və demək istədiyi sözləri, gözlərində isə axıtmaq istədiyi yaşları var idi. Amma o ağlamaq istəmirdi, könlündən gələn o qəmli və qəhrli yaşları özü üçün saxlamaq istəyirdi. Daim mətin və başı dik duracaqdı. Qardaşının məzarı başında keçən dəqiqələr ona hüzur verirdi, sanki o torpaq ona çoxdandı istədiyi o qoxunu, heç yerdə və heç kimdə tapa bilmədiyi qoxunu verirdi. Uşaqlığının o sərin və gözəl qoxusunu, çiyninə hər yastlandıqda aldığı qoxunu, qardaşının qoxusunu. Bir neçə dəqiqə sonra həmin günü xatırladı, dünyanın onun üçün mənasız və boş olduğunu hiss etdiyi günü, eyni zamanda şəhid qardaşının haqqında deyilənləri eşidib əzmlə və vüqarla dayandığı günü xatırladı. Əslində o gün heç vaxt yadından çıxarmırdı. Qardaşının üçrəngli bayrağa sarılmış tabunu qarşıladığı günü…

Həmin anlarda nələr hiss etdiyini sözlə ifadə etmək əslində mümkünsüz idi. Kədərin qürurla qarışdığı o gün idi. Bəzən ağlında köhnə xatirələr canlanırdı. Pəncərədən çölə baxdıqda qardaşının evə gəldiyini görmək, ona sarılaraq güvəndə hiss etmək onun üçün bəlkə xoşbəxtliyin ən böyük səbəblərindən biri idi. Nələri qurban verməzdi həmin anları yenidən yaşa bilmək üçün, yenidən qardaşının varlığını hiss etmək üçün amma o bilirdi ki, qardaşı şəhid olsa da daim qəlblərdə yaşayır. Bu hiss bəlkə də ona təsginlik verən yeganə hisslərdən idi.

 Bəli, 27 sentyabr 2020-ci il tarixində başlayaraq 44 gün davam edən və   Azərbaycanın illərdir düşmən tapdağı altında olan əzəli torpaqlarının işğaldan azad olunması ilə nəticələnən vətən müharibəsində şəhid olan igidlərdən biri də onun uşaqlıq qəhrəmanı, qardaşı Nadirli Ərtoğrul Hümbət oğlu idi. Ərtoğrul 31 mart 1997-ci ildə Sədərək rayonunun Sədərək kəndində anadan olmuşdu. 2003-cü ildə Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbində birinci sinifə başlamışdı. Orta məktəbdə həm savadı, həm də müəllimlərinə və şagird yoldaşlarına göstərdiyi hörmətinə görə daim seçilən şagirdlərdə idi. 2011-ci ildə orta məktəbi yüksək qiymətlərlə bitirir və 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. Hələ uşaqlıq yaşlarından vətəninə cani-könüldən bağlı idi Ərtoğrul. Bu bağlılıq özünü ömrünün hər bir çağında göstərirdi. 2015-ci ildə Heydər Əliyev adına Hərbi Liseyi əla qiymətlərlə bitirdi və elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu.

2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitib və Leytenant rütbəsi almışdır. Həmin ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında “leytenant” hərbi rütbəsində xidmət edirdi. Əvvəlcə Qazax rayonunda yerləşən “N” saylı hərbi hissədə, sonra isə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Azərbaycan Ordusunun leytenantı olan Ərtoğrul Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Oktyabrın 2-də isə Murovdağ döyüşləri zamanı şəhadətə ucalıb.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda” medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə “Döyüşdə fərqlənməyə görə” medalı, Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

O bütün bunları düşündükcə nə qədər kədərlənsə də, əslində hər kəs kimi o da qardaşı ilə qürur duyurdu. Vətənin azadlığı uğrunda düşmən üzərinə yüyürən, bütün arzularını, həyatını gözünü belə qırpmadan qurban verən, düşmənin tapdağı altında sanki əzab çəkən torpaqlarımızı Azərbaycana yenidən qovuşdurmuşdu o igidlər. Bu hissin tərifi əslində heç asan deyildi, qürurun və kədərin bəlkə də ən gözəl təcəssümü idi. O fikirlərindən ayrılıb saatına baxdıqda artıq 2 saata yaxın burada olduğunun fərqinə vardı. Qardaşı ilə yanaşı olan digər şəhidlər üçün də dua oxuyaraq sakit addımlarla evin yolunu tutdu.

  Tərlan İbrahimova

Jurnalistika III kurs

Nəşr edilib : 03.11.2023 17:25