AZ EN RU

Quruculuq işləri Şərurun simasına əlavə gözəlliklər qatıb

    Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərurda ötən il də kompleks quruculuq, təmir-bərpa işləri davam etdirilib. 
    Belə tədbirlər rayonun ucqar dağ və sərhəd kəndləri də daxil olmaqla bütün yaşayış məntəqələrini əhatə edib. 2021-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 77 milyon 156 min manat və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 1,5 faiz artaraq 74 milyon 254 min manat təşkil edib.
    Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən tikintisi aparılan Şərur Sənaye Məhəlləsində 3 istehsal sahəsinin inşası davam etdirilib.
    “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Pro­qramı”nın icrası istiqamətində tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılıb. Kəndlərdə kiçikhəcmli emal müəssisələrinin yaradılması ilə bağlı 32 kənddə maarifləndirici tədbir həyata keçirilib, sənaye müəssisələrinin yaradılmasına lazımi dövlət dəstəyi göstərilib. Qışlaqabbas kəndində tikiş sexi, Siyaqut kəndində isə süd və süd məhsullarının istehsalı sahəsi fəaliyyətə başlayıb. 
    Məlumatda bildirilir ki, bəhs olunan dövrdə Şərur şəhərində zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının və həmin binada yerləşən xidmət sahələrinin, Bayraq və Saat meydanlarının, Dövlət Sosial Müdafiə Fondu Şərur Rayon Şöbəsi üçün inzibati binanın, Şəhidlər xiyabanının, Kapitan Seyidov küçəsində iaşə obyektlərinin, 1 yaşayış binasının, “Şəfa” Özəl Xəstəxanasının, 28 May və Nizami küçələrini birləşdirən yeraltı piyada keçidinin tikintisi, yaxud yenidən qurulması başa çatdırılıb. Rayon mərkəzində Mədəniyyət Sarayının, Avtovağzal binasının, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Uşaq kitabxanasının, “Universam”ın, Dəmir yolu İdarəsinin dövriyyə deposunun və təmir sexinin, Elektrik Təmas Şəbəkəsinin tikintisi və yenidən qurulması işləri davam etdirilir. Şəhriyar və Dərvişlər kəndlərində tam orta məktəb binasının, kənd və xidmət mərkəzlərinin, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulması işləri başa çatdırılaraq istifadəyə verilib. Çərçiboğan kəndində aparılan tikinti və yenidənqurma işləri, demək olar ki, başa çatdırılıb. 
    İllərdir ki, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən Şərur rayonuna da xeyli pay düşüb. Ötən il də həmin tədbirlər davam etdirilib. Rayonun Ərəbyengicə kəndində “N” sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksləri istifadəyə verilib, Şərur Sərhəd Komendaturasının inzibati binasında və Alışar kəndindəki sərhəd zastavasında inşaat işləri yüksək keyfiyyətlə davam etdirilib, 2 hərbçiyə mənzil təqdim olunub. 2021-ci ildə 9 şəhid ailəsi və sağlamlıq imkanları məhdudlaşmış 1 Vətən müharibəsi iştirakçısına mənzil verilib, bu sosial kateqoriyaya aid olan 7 Vətən müharibəsi iştirakçısına isə minik avtomobili təqdim edilib, 3 şəhid ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
    “Mədəniyyət yoldan başlanır” deyimi bu bölgəmizdə də öz təsdiqini tapıb. Əminliklə demək olar ki, 2021-ci ildə bu istiqamətdə daha çox iş görülüb. Bəhs olunan dövrdə Naxçıvan-Sədərək magistralından Şərur şəhərinədək, həmçinin şəhərin Heydər Əliyev prospektini və 6 küçəsini əhatə edən 11 kilometrlik avtomobil yolunun, Ərəbyengicə kəndində “N” sərhəd zastavasına gedən yolun, eyni zamanda Şəhriyar və Dərvişlər kənd­lərində kənddaxili yolların yenidən qurulması başa çatdırılıb, Xanlıqlar-Kərimbəyli, Xanlıqlar-Aşağı Daşarx-Siyaqut-Yuxarı Daşarx kəndlərini birləşdirən avtomobil yollarının yenidən qurulması işləri davam etdirilib.
    Son illər muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin davamı kimi Zeyvə kəndində 5 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib. Rayonun elektrik enerjisinə olan illik tələbatı 75 milyon kilovat-saata yaxındır. Bunun da, 10 faizini illik istehsal gücü 7,5 milyon kilovat-saat olan yeni stansiya ödəyir. Həmin ərazidə, hazırda əlavə olaraq, 3 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilir. “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Sərxanlı kəndində içməli su xəttinin, Ərəbyengicədə 4 subartezian quyusunun tikintisini başa çatdırılması da ötən ilin qurucu­luq tədbirləri sırasındadır.

 Muxtar MƏMMƏDOV

Nəşr edilib : 14.01.2022 00:24