AZ EN RU

Quruculuq işləri rayonun görkəmini gözəlləşdirir

    Muxtar respublikamızın ən böyük rayonu olan Şərurun mərkəzində və kəndlərində aparılan tikinti-abadlıq işləri bölgənin görkəmini gözəlləşdirməklə yanaşı, əhalinin yaşayış şəraitini də yaxşılaşdırır. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayon mərkəzində Heydər Əliyev prospektində zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının təməli ötən il atılıb. Tikintisi “Arkoz” İnşaat Şirkəti tərəfindən aparılan binanın bütün mərtəbələrində qəlib beton və hörgü işləri başa çatdırılıb, binaya elektrik, su, kanalizasiya və istilik xətləri çəkilib. Binanın içərisində alçı-suvaq işləri davam etdirilir, çardaq örtüyü vurulur, birinci mərtəbədən döşəmənin travertin üzlük daşı ilə üzlənməsinə başlanıb. Qeyd edək ki, adıçəkilən tikinti təşkilatı tərəfindən rayon mərkəzində yeni yaşayış binasının da tikintisinə başlamaq üçün hazırlıq işləri görülür. 
      Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün yeni avtovağzal binasının tikintisi də həmin təşkilatın inşaatçıları tərəfindən həyata keçirilir. Binanın tikinti-quraşdırma işləri yekunlaşdırılıb, həyətyanı sahədə abadlıq, asfalt örtüyü verilməsi və elektrik transformatorunun quraşdırılma işlərinə yaxın günlərdə başlanılacaq. 
    Rayonun kəndlərində də quruculuq işləri diqqət mərkəzindədir. Belə ki, Ələkli və Xələc kəndlərində sakinlər öz vəsaitləri hesabına məscid-mərasim evləri inşa edirlər. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 10.08.2023 18:52