AZ EN RU

Quruculuq işləri qədim Şərurun simasını dəyişir

    Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, mühüm infrastruktur layihələrinin uğurla həyata keçirilməsi qədim diyarımız olan Şərur rayonunda da tikinti, quruculuq və abadlıq işlərini xeyli sürətləndirib. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na  müvafiq olaraq bu bölgədə bir-birindən əhəmiyyətli sosialyönümlü obyektlər tikilib istifadəyə verilir, şəhər və kəndlər müasir görkəm alır.

    7400 nəfər sakinin yaşadığı Şərur şəhərində də quruculuq tədbirlərinin əhatə dairəsi xeyli genişləndirilib. Hazırda şəhərin ayrı-ayrı məhəllələrində tikinti işləri davam etdirilir, yeni-yeni obyektlər inşa olunur. Bununla bərabər, şəhərin Mikayıl Müşfiq küçəsindəki 1, 5, 8, 9 və 15 nömrəli yaşayış binalarında əsaslı təmir işləri aparılır.
    Hazırda şəhərin Mikayıl Müşfiq küçəsi geniş bir tikinti meydançasını xatırladır. Buradakı yaşayış binaları təmir olunur, onlara yeni görkəm verilir. İşlər kompleks qaydada aparılır, bir iş digərini tamamlayır. Binaların çardaq örtüyü yenilənir, qapı və pəncərələr dəyişdirilir, həyətləri abadlaşdırılır, hörgü işləri aparılır. Bütün bu işlərin həyata keçirilməsində ağıryüklü texnikaların qüvvəsindən də səmərəli istifadə olunur.
    Həyata keçirilən tikinti və yenidənqurma işləri bina sakinlərini razı salır. Onlar bütün bu işləri əhalinin firavan yaşayışı naminə aparılan və dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi davamı kimi dəyərləndirirlər.
    Onu da bildirək ki, bu binalarda aparılan yenidənqurma tədbirləri başa çatdırıldıqdan sonra ərazi daha gözəl görkəm alacaq, müasir memarlıq üslubu ilə seçiləcək, nümunəvi həyətlər salınacaq.

Xəbərlər şöbəsi

Nəşr edilib : 22.06.2022 18:40