AZ EN RU

Quruculuq işləri davam etdirilir

    Şərur Sənaye Məhəlləsinin yaradılması muxtar respublikada sənayeləşmə siyasətinin əsas prioritetlərindəndir. Burada 24 istehsal sexi, 6 inzibati və 5 texniki otaqdan ibarət bina və 3 istehsal korpusu inşa olunub. Sənaye məhəlləsinin idarəedici təşkilatına aid otaqların və kiçikölçülü istehsal və xidmət bloklarının yerləşdiyi inzibati bina 895 kvadratmetr ərazini əhatə edir. İstehsal bloklarının ümumi sahəsi isə 1300 kvadratmetrdir. On iki blokdan ibarət birinci istehsal korpusunda ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel olmaqla, 2 mebel müəssisəsi fəaliyyət göstərir. Hər biri ayrı-ayrı sahibkara məxsus bu müəssisələrdə Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilir. Korpusun digər 6 blokunda isə rayonun mövcud resurslarından istifadə olunmaqla müvafiq sahələr üzrə sahibkarların cəlb edilməsi üçün araşdırmalar aparılır. 2 hissədən ibarət ikinci korpusda məktəbli ləvazimatları, kağız kisə və karton-tara müəssisələri fəaliyyət göstərəcəkdir. Məhəllənin bitki yağları istehsalı sexində quraşdırma işləri davam edir. 
    Tənənəm kəndində isə avtomobil yolunda yararsız asfalt qatının qazılıb daşınması, yol yatağının genişləndirilməsi, bünövrə üçün yararlı qum-çınqıl qatının verilməsi, yayılıb, sulanıb kipləşdirilməsi və su xətlərinin çəkilişi davam etdirilir. Bununla yanaşı, kəndə bulaqlardan  əlavə içməli su xətləri də çəkilir. Kənddəki Süleyman pirində də əsaslı təmir işləri həyata keçirilir. Pirin divarının 240 p/m sahəsinin 200 p/m sahəsi köhnə suvaqdan təmizlənib, 100 p/m sahəsinə isə qum və sement qarışığından ibarət suvaq qatı vurulub, suvaq işləri davam etdirilir. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 24.08.2023 19:40