AZ EN RU

Quru tütün qəbuluna başlanılıb

    Muxtar respublikamızda aqrar sahə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafını tənzimləyir, torpaq adamlarına dəstək mexanizmləri geniş tətbiq olunur, hər il ailə təsərrüfatlarının sayı artır, onlara diqqət və qayğı göstərilir. 
    Qeyd edək ki, muxtar respublikamızda gəlirli sahə olan tütünçülüyün də inkişafı, emal sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. 
    Məlumdur ki, muxtar respublikamızın torpaq-iqlim şəraiti tütünçülüyün genişləndirilməsinə və bol məhsul götürülməsinə imkan verir. Yüksək gəlir və əldə edilən məhsuldarlıq, eyni zamanda dövlət dəstəyi fermerlərin bu sahəyə marağını daha da artırıb. Hazırda Kəngərli, Şərur və Babək rayonlarında tütünçülük təsərrüfatları fəaliyyət göstərir. Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları tütün qəbulu məntəqələrinə həm yaş, həm də quru halda təhvil verirlər.
    Məlumat üçün bildirək ki, ötən il muxtar respublikada 52,4 hektar sahədə tütün yetişdirilib. Yaxşı gəlir əldə edən təsərrüfatçılar bu il əkin sahələrini 74 hektara çatdırıblar. Sahələrdə daha məhsuldar “Virciniya” sortu əkilib. Bunun da çoxu Kəngərli rayonunun payına düşür.
    Artıq cari ilin məhsulunun qəbuluna başlanılıb. Bu məqsədlə müvafiq hazırlıq işləri görülüb və məhsulun vaxtında qəbulu üçün lazımi şərait yaradılıb. Tütün Yetişdirmə Mərkəzinə məxsus texnikalarla tədarük edilən quru tütün buraya daşınır. Gətirilən məhsul isə elektron tərəzi vasitəsilə çəkilir, mütəxəssislər tərəfindən baxış keçirilir və keyfiyyəti müəyyənləşdirilir. Odur ki, fermerlər istehsal etdikləri məhsulu çətinlik çəkmədən mərkəzin anbarlarına təhvil verirlər, məhsulun dəyəri onlara yerindəcə ödənilir. 
    Qeyd edək ki, quru tütünün qəbulu bu il 3 manat 50 qəpikdən həyata keçirilir. “Virciniya” sortunun alış qiymətləri və yaradılan şərait sahibkarların ürəyincədir. Hazırda əsas diqqət tədarük edilən məhsulun qısa müddətdə və münasib qiymətə alınmasına yönəldilib. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 02.11.2022 20:39