AZ EN RU

Quru meyvələr xəstəliklərdən qoruyur

Yurdumuzun nemətləri

    Quru meyvələr bir çox bölgələrimizdə hazırlanır, amma məşhur və yüksəkkeyfiyyətli quru meyvələr Naxçıvanda, xüsusən də Ordubadda olur. Ordubad ta qədimdən özünün meyvə bağları ilə seçilib. Rayonda yetişdirilən meyvələr dadına, görünüşünə ləzzətinə görə fərqlənib. Burada tarixən mövcud olan meyvəqurutma ənənələri bu gün də yaşadılır. Bu ənənələri yaşadanlardan biri də Ordubad rayon sakini, ailə təsərrüfatı başçısı Natiqə Əliyevadır. Bu sahədə təcrübəsi çox olan müsahibimlə söhbətimiz zamanı qeyd edir ki, yay və payızdan toplayıb qurutduğumuz meyvələr, xüsusən qış fəslində çay süfrələrimizin bəzəyidir. Qarşıdan gələn milli bayramımız Novruzda da süfrəyə müxtəlif meyvə quruları düzülür ki, bu da Novruz süfrəsinə əlavə zənginlik qatır. Quru meyvələrin bir çoxu – ərik, alça, zoğal, kişmiş və sair müxtəlif yeməklərin tərkibində istifadə edilir ki, bu da həmin yeməklərə əlavə dad və ləzzət qatır. 

    Müsahibim bildirir ki, quru meyvələr çox istifadə edilən qida məhsuludur. Onların çay kimi dəmlənməsi də faydalıdır. Bu, insanları müxtəlif xəstəliklərdən qoruyur, sağlamlıq üçün çox xeyirlidir. Məhz buna görə də hazırda yerli bazarlarda Ordubadın quru meyvələrinə tələbat yüksəkdir. Bunun əsas səbəbi təzə meyvələr kimi quru meyvələrdə də müxtəlif yağların olmaması və onların vitamin və minerallarla zənginliyidir. Məsələn, A vitamini (ərik və şaftalı), kalsium (əncir), K vitamini (quru gavalı), dəmir və mis (heyva) kimi mühüm qidalı maddələrlə bizi təmin edir. Quru meyvələr həm də sağlam bəslənmənin mühüm tərkib hissəsi kimi pəhriz siyahılarında özünə yer tapıb. Qurudulmuş meyvələr bədəndən zərərli maddələri təmizləyir, həmçinin ürək-damar, şəkər və xərçəng kimi xəstəliklərə qarşı öz faydasını göstərir. Tərkibindəki vitaminlər və minerallar immun sistemini gücləndirir, hüceyrələri yeniləyir, allergiyadan qoruyur və yaşlanma prosesinin az da olsa, qarşısını alır. Ənənəvi qurudulmuş meyvələr həm də iştahaaçıcı qəlyanaltıdır. Məsələn, armud qurusu B və C vitaminləri ilə zəngindir. Soyuqdəyməni sağaldır, mədəni gücləndirərək həzmi asanlaşdırır. Quru əncir yaxşı bir dəmir mənbəyidir. Xolesterolu azaldır, bağırsaqların yaxşı işləməsinə kömək edir. Quru ərik həzm problemləri, stress, qanazlığı üçün faydalıdır. Ürək xəstələri bu meyvədən daha çox istifadə edirlər. Ərik qurusunu həm dəmlənmiş, həm də müxtəlif yeməklərin tərkibində istifadə etmək olar. Üzümü qurutmaqla alınmış kişmiş şirniyyata olan ehtiyacı ödəməklə, yaddaşı da gücləndirməyə kömək edir, qanın tərkibini yaxşılaşdırır. Kişmişi su və süddə isladaraq alınmış suyu içmək orqanizmə çox fayda verir. Kalsium, dəmir, B və C vitaminləri ilə zəngin olan tut qurusu şəfa mənbəyidir. Ağ tutun qurusu qızdırmasalıcı təsirə malik olmaqla immun sistemimizi qoruyur və gücləndirir. Qara gavalı qurusu ən faydalı quru meyvələrdən biri sayılır. İlk növbədə, qara gavalı və alma qurusu həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Alça qurusu isə şəkər xəstəliyinin qarşısını alır, fiziki inkişafa kömək edir, görmə qabiliyyətini gücləndirir, həmçinin əriştəaşı, lobya və plov kimi yeməklərin hazırlanmasında istifadə edilir. Yemişan qurusunun çayını ürək əzələlərinin qüvvətləndirilməsində istifadə etmək lazımdır. Zirinc qurusu isə revmatizm, mədə-bağırsaq, qaraciyər xəstəliklərində olduqca faydalıdır. 
    Təsərrüfatçı onu da qeyd edir ki, meyvə qurularından hazırlanan kompot da çox xeyirlidir. Bunun üçün müxtəlif meyvə qurularını yaxşı yuyub, xırda-xırda doğrayıb axşamdan dəmləyib, səhər içmək lazımdır. Bu kompota bir-iki qaşıq bal əlavə etmək daha yaxşıdır. Natiqə xanım onu da qeyd edir ki, tərkibi vitaminlərlə zəngin qoz, fındıq, badam gün ərzində bir ovuc qəbul edildikdə qanı tənzimləyir, ürək və damar xəstəliklərinin inkişafı riskini azaldır. 
    Ordubad bölgəsinə məxsus olan miyanpur, alana, sucuq həm bazarda ən çox tələb olunan məhsullardır, olduqca faydalıdır. Sağlamlığını düşünən hər bir insan üçün belə təmiz və faydalı məhsullar əvəzedilməzdir. Müsahibim onu da bildirir ki, qurutduqları meyvələri bazarda satışa çıxarmaqla əlavə qazanc əldə edirlər. 
    Gəldiyimiz qənaət odur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə qəbul olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikamızda bu iki sahənin inkişafında mühüm rol oynayır. Beləliklə, əldə edilən məhsullar həm yerli bazarı ödəyir, həm də ailə təsərrüfatları tərəfindən müxtəlif təbii məhsullar hazırlanır ki, onlar da cansağlığının qorunmasında mühüm rol oynayır. Belə məhsullar sırasında olan quru meyvələr də süfrələrimizi bəzəməklə yanaşı, tərkibindəki vitamin və minerallar insan bədənini gücləndirir və sağlamlığımızı qorumaqda bizə kömək edir. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 03.03.2022 20:40