AZ EN RU

Qurtuluşa gedən yolda Naxçıvan

    Ötən əsrin 80-ci illərinin sonundan etibarən Azərbaycan xalqı üzləşdiyi bütün problemlərin yalnız dahi siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə öz həllini tapa biləcəyinə inanır, ümid və təkidlə Onun respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. Çünki o illərdə cərəyan edən proseslər, Azərbaycana qarşı Ermənistanın ərazi iddialarının ortaya çıxması, ittifaq rəhbərliyinin isə baş verənlərə münasibətdə açıq-aşkar Ermənistanın mövqeyini dəstəkləməsi göstərirdi ki, ölkəyə qətiyyətli və nüfuzlu rəhbər lazımdır. Bu rəhbər isə yalnız dahi şəxsiyyət Heydər Əliyev ola bilərdi.

    XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə edilir. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, yaranmış dərin və genişmiqyaslı iqtisadi böhran, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar respublikanın ictimai-siyasi həyatına ciddi təsir göstərirdi.
    Görkəmli dövlət xadimi Heydər Əliyev Bakıda baş verən Qanlı Yanvar faciəsindən xəbər tutan kimi, həmin günün səhəri Azərbaycan xalqına başsağlığı teleqramı göndərmişdi. Bakıda Qanlı Yanvar faciəsindən sonra Azərbaycanın dahi oğlu doğma Vətəninə, Azərbaycana gəlməyi qarşısına məqsəd qoymuşdu. Lakin Azərbaycan rəhbərliyi dahi siyasətçinin öz Vətəninə gəlməsinin qarşısını almağa çalışırdı. Bütün bu maneələrə baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyev, nəhayət, Azərbaycana qayıda bildi. 1990-cı il iyulun 22-si naxçıvanlıların yaddaşında həmişəlik qalacaqdır. Həmin gün dahi şəxsiyyət təyyarə ilə Bakıdan Naxçıvana gəldi.
    Bu qayıdışla Naxçıvanın və eləcə də bütün Azərbaycanın xilasının əsası qoyulmuş oldu. Ulu Öndərimiz Naxçıvana qayıdan kimi Şəhidlər xiyabanına getmiş, dəhşətli faciənin qurbanlarının məzarlarını ziyarət etmiş, bir daha qəlbən sarsılmışdı. O, Azərbaycana, оnun ayrılmaz tərkib hissəsi olan Naxçıvana adi vətəndaş kimi gəlmişdi. Hətta Naxçıvana gələndə belə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibinə xəbər verməmiş, onun gəlişindən muxtar respublika rəhbəri Afiyəddin Cəlilov sonradan bu barədə məlumat almışdır. Doğma Vətən torpağında minlərlə adam onunla görüşmək istəyirdi. Həmin gün axşamçağı Naxçıvan şəhərinin mərkəzi meydanına 80 min nəfərdən çox adam toplaşmışdı. Ayağının altında onlarca qurban kəsilən bu dahi insana ağır müharibə və iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar özlərinin nicatı və son ümidi kimi baxırdılar. Böyük siyasi xadim meydana – xalqın görüşünə gəldi.
    Naxçıvanda bir qrup ziyalı görkəmli dövlət xadimi Heydər Əliyevin deputatlığa namizədliyini irəli sürdü. 1990-cı il 21 avqustda Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət heyəti dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan MSSR-in vətəndaşlığı barədə qərar qəbul etdi. 1990-cı il 30 sentyabr seçkilərində o, Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Alt Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatlığına seçildi.
    1990-cı il noyabrın 17-də Muxtar Respublika Ali Məclisinin I sessiyası keçirildi. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən həmin sessiyanın tariximizdə mühüm əhəmiyyət kəsb etməsi Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə edilməsi oldu. Həmin sessiyada Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən mühüm tarixi qərarlar qəbul edildi. 
    1991-ci il sentyabrın əvvəllərində muxtar respublikamızın ictimai-siyasi həyatında mühüm hadisələr baş verdi. Sentyabrın ilk günündə muxtar respublikanın bütün sakinləri ayağa qalxıb qüdrətli siyasətçi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öz üzərinə götürməsini təkidlə tələb etdilər və onların bu təkidli tələbi Ali Məclisin sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan fövqəladə sessiyasında yerinə yetirildi.
    “Şərq qapısı” qəzetinin həmin dövrdə nəşr olunan nömrələrindən birində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrliyinə seçilməsinə dair “Məclis iflic vəziyyətindən çıxır” başlıqlı məqalədə bu hadisənin Naxçıvanın müqəddəratında həlledici əhəmiyyəti olduğunu böyük inamla qeyd edirdi.  Məqalədə görkəmli dövlət xadiminin xalqın tələbi ilə seçilməsi göstərilirdi. Hələ sentyabrın 2-də Naxçıvan şəhərində çoxminli mitinqdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yarımçıq qalmış növbədənkənar sessiyasının (növbədənkənar sessiya avqustun 26-da çağırılmışdı) çağırılmasını və dahi şəxsiyyət Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsini tələb edirdilər. Sentyabrın 3-də çətinliklə də olsa, yetərsay toplanır, sessiya öz işinə başlayır. Bu vaxt Naxçıvanın hər yerindən Ali Məclisin binası qarşısında əllərində görkəmli dövlət xadimi Heydər Əliyevin portretləri olan seçicilər toplaşaraq bu tələbi irəli sürürdülər. Seçicilərin təzyiqi ilə deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrliyinə xalqın böyük oğlunun namizədliyini irəli sürdülər. Ulu Öndər Heydər Əliyev üç dəfə çıxış edib, namizədliyini geri götürdüyünü bildirsə də, bu, bir nəticə vermədi. Sessiyada iştirak edən 75 deputatdan 70 nəfəri lehinə səs verməklə, 5 nəfəri bitərəf qalmaqla O Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədri seçildi. Heydər Əliyevin sədrliyi ilə işini davam etdirən Ali Məclisin sessiyası Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Respublikası prezidentinin seçkilərinin dayandırılması haqqında yekdilliklə qərar qəbul etdi.
    Görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Dağlıq Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal hücumlarına məruz qalan və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan, həqiqətən də, taleyin ümidinə buraxılmışdı. Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Naxçıvanı və bütün Azərbaycanı gözlənilən fəlakətlərdən xilas olmaq üçün real imkan yaratdı. Ümummilli Liderin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Muxtar respublikanın erməni təcavüzündən müdafiəsi dahi şəxsiyyətin əsas fəaliyyət istiqamətinə çevrildi. 
    Ulu Öndər Azərbaycanda baş verən hadisələr fonunda muxtar respublikanın mənafeyinin müdafiə edilməsi ilə ciddi məşğul olurdu. Eyni zamanda Azərbaycan rəhbərliyinin qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti barəsində fəaliyyətini diqqətlə izləyir, ona öz münasibətini bildirirdi. Dahi siyasətçi Naxçıvana erməni təcavüzünün qarşısının alınması üçün Ermənistan Ali Sovetinin sədri L.Ter-Petrosyanla telefon vasitəsilə danışıqlar aparırdı. Bu danışıqlarda sərhəddə yaranmış vəziyyət müzakirə olunurdu.
    İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib, yeni  həyat quruculuğuna başlamasında Ulu Öndər şəxsiyyətinin önəmli rolu oldu. Elə bu səbəbdən də Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, azad bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Görkəmli siyasi xadim Ali Məclisə Sədr seçildiyi gündən başlayaraq muxtar respublikanı ağır iqtisadi böhrandan çıxartmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra mütərəqqi tədbirlər həyata keçirirdi.
    Lakin həmin dövrdə başabəla ölkə başçısı Ayaz Mütəllibov blokada vəziyyətində olan Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində və iqtisadi-sosial problemlərinin həllində maraqlı deyildi. Təəssüfləndirici cəhətlərdən biri də o idi ki, Ulu Öndərimizin Naxçıvanda Azərbaycan xalqının və dövlətçiliyinin mənafeyi naminə əzmkar fəaliyyəti bu siyasi qruplaşmaları daim narahat edirdi. Çünki həmin siyasi qaragüruhçular yaxşı bilirdilər ki, Azərbaycanın müstəqilliyinin əbədiliyinin təmin edilməsi bu dahi şəxsiyyət olmadan qeyri-mümkündür və O, gec-tez ölkənin siyasi rəhbərliyinə qayıdacaq. Onlar nəinki Naxçıvana kömək etmir, hətta Naxçıvanı da işğala məruz qoymağa hazır idilər. Ovaxtkı bacarıqsız iqtidar nümayəndələri Ulu Öndərə qarşı qəsd həyata keçirməyə, onu Naxçıvan rəhbərliyindən devirməyə cəhd etsələr də, bu cəhdlər uğursuzluğa məhkum idi.
    Həmin ağır şəraitdə isə dahi siyasətçi Heydər Əliyev böyük dövlət xadimi, qətiyyətli və iradəli siyasətçi olduğunu növbəti siyasi gedişi ilə sübut etdi. Azərbaycanın digər bölgələrində sovet ordusundan qalan silah-sursat dağıdıldığı, talan edildiyi bir vaxtda Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etdi. Beləliklə, Naxçıvanda Azərbaycan Ordusunun birləşmələri formalaşdı və bunun sayəsində ermənilərin hücumlarına qətiyyətlə cavab verildi.
    Azərbaycanın siyasi hakimiyyət nümayəndələrinin Naxçıvanın taleyi ilə hesablaşmadığı bir şəraitdə muxtar respublikanın ozamankı Ali Məclisinin Sədri bölgənin məhdud daxili imkanlarından maksimum səmərəli istifadə etməyə çalışır, qonşu dövlətlərlə – Türkiyə və İranla iqtisadi əlaqələrin inkişafı üçün zəruri tədbirlər həyata keçirirdi. 1992-ci il martın 24-də Ankarada Türkiyə Respublikası hökuməti ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında bağlanmış iş birliyi protokolu bölgənin ağır böhrandan çıxmasında mühüm rol oynadı. Qonşu dövlətlərlə əlaqələrin yaradılması muxtar respublikada iqtisadi problemlərin aradan qaldırılmasına stimul yaratdı.
    Ulu Öndər Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə ölkəmizdə başlanan milli dirçəliş prosesi dövlətçiliyimizin bərpasında, müstəqilliyin bərqərar edilməsi və möhkəmlənməsində böyük rol oynadı. Bu mənada, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik tariximizdə mühüm yer tutur.
    Xatırlatmaq yerinə düşər ki, 1991-ci il 29 oktyabrda dahi siyasətçi Heydər Əliyevin ciddi səyi ilə başa gəlmiş Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmış müvəqqəti körpünün rəsmi açılış mərasimi oldu. 1992-ci il 22-25 martda Türkiyədə Baş nazir Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə – 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzalandı. 1992-ci il mayın 28-də Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgələrini birləşdirən on bir aşırımlı “Ümid” körpüsü tikilib istifadəyə verildi ki, bu da Azərbaycanın Avropaya pəncərə açması demək idi.
    Noyabrın 21-də (1992) Naxçıvan şəhərində 550 nəfərdən çox nümayəndənin iştirak etdiyi Yeni Azərbaycan Partiyasının təşkilat komitəsinin konfransı keçirildi. Açıq səsvermədən sonra partiyanın sədri seçilən görkəmli dövlət xadimi Heydər Əliyev konfransdakı çıxışında Yeni Azərbaycan Partiyasının məqsəd və vəzifələrini şərh etdi. 
    1992-ci il 22-26 avqustda Ulu Öndər Heydər Əliyevin İran İslam Respublikasına səfəri nəticəsində Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalandı. 1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələri yaradıldı. Bundan əlavə, Naxçıvan şəhəri yaxınlığında İstilik-Elektrik Stansiyası tikildi.
    İran İslam Respublikasından Culfa rayonuna, oktyabr-noyabr (1992-ci il) aylarında Türkiyə Respublikasının İqdır vilayətindən isə 92 kilometrlik bir məsafədən yüksəkgərginlikli elektrik xətlərinin Naxçıvana çəkilməsi başa çatdırıldı ki, bu da Naxçıvanın elektrik enerjisinə olan ehtiyacını, əsasən, ödəmiş oldu. Bundan əlavə, dahi şəxsiyyətin təşəbbüsü ilə Azərbaycanda aqrar islahatın və özəlləşdirmə tədbirlərinin keçirilməsi ilk dəfə olaraq Naxçıvanda başlanıldı. Beləliklə, 1991-1993-cü illər arasında Ümummilli Lider Heydər Əliyev Naxçıvandakı siyasi fəaliyyəti dövründə muxtar respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.
    1992-1993-cü illərdə Azərbaycanın başı üstünü qara bulud alanda, 7 milyonluq xalq öz gözünü Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvana dikdi.

    Ulu Öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir.

Yaşar RƏHİMOV
tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 13.06.2023 20:13