AZ EN RU

Qurtuluşa gedən çətin və şərəfli yol

  “Şərq qapısı” qəzetinin salnamələşən səhifələrində

   Qəzet cəmiyyətin güzgüsü, baş verən hadisələri daha dəqiq faktlarla arxivləşdirərək bu gün və gələcək üçün bir aydınlıq, maarifləndirmə mənbəyidir. Bir əsrdən çox yaşı olan “Şərq qapısı” qəzeti də yarandığı bir gündən bu mühüm vəzifəni həyata keçirir. Tarixin ən çətin vaxtlarında belə öz amal və məqsədindən dönməyən qəzetin ən nüfuzlu vaxtları məhz Ümummilli Lider Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə olmuşdur. Görkəmli dövlət xadimi Naxçıvana qayıdarkən ilk müsahibəsini də məhz “Şərq qapısı” qəzetinə vermiş, qəzetlə bağlı çox dəyərli fikirlər söyləmişdi. 

    Qəzet 1990-1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Naxçıvana, sonrakı dövrlərdə ölkəyə rəhbərliyinin bütün istiqamətlərini işıqlandırmaqla mühüm bir tarixi salnamə funksiyasını yerinə yetirib. Xalqımızın, xüsusilə də Naxçıvan camaatının Ulu Öndərin ətrafında sıx birləşərək müstəqilliyə, eyni zamanda qurtuluşa gedən çətin və şərəfli yolunu  “Şərq qapısı” kimi geniş işıqlandıran ikinci bir informasiya vasitəsi olmayıb. Məhz 1993-cü ildə Ulu Öndərə qarşı olan qarayaxmalara, atılan böhtanlara rəğmən  naxçıvanlıların dahi lider ətrafında sıx birləşməsi bütün bunların önünə keçmiş, görkəmli dövlət xadimi yenidən rəhbərliyə qayıtmaqla ölkəni gələcək təhlükələrdən sığortalamış, sosial-iqtisadi böhranın, vətəndaş müharibəsinin qarşısını almış, ərazi bütövlüyümüzün qorunub saxlanılması, işğal altında qalan torpaqlarımızın qaytarılması üçün çalışmışdır.   

    1993-cü ildə Naxçıvanda yaşanan hadisələrə, böyük Qurtuluşa gedən çətin və şərəfli yola “Şərq qapısı” qəzeti vasitəsilə bir nəzər salaq. 

    O dövrdə ölkədə hakimiyyətdə olan Xalq Cəbhəsinin yarıtmaz fəaliyyəti ölkəni dərin iqtisadi böhrana salmış, torpaqlarımız ard-arda düşmən qüvvələr tərəfindən işğal olunmuşdu. Dövlət çevrilişi cəhdləri müntəzəm hal almış, ölkə vətəndaş müharibəsi meydanına çevrilmişdi. Qəzetin 1993-cü il 6 yanvar tarixli nömrəsində “Naxçıvan Muxtar Respublikasında baş vermiş dövlət çevrilişi cəhdi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il 25 oktyabr tarixli Qərarının yerinə yetirilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti qərar  qəbul etmiş, qərar Ali Məclisin Sədri Heydər Əliyev tərəfindən imzalanmışdır. Qərarda muxtar respublika Daxili İşlər Nazirliyinin və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin 1992-ci il ok­tyabrın 24-də Naxçıvan Xalq Cəbhəsi, onun silahlı qüvvələri tərəfindən işğal olunması dövlət çevrilişinə cəhd kimi qiymətləndirilmiş, bununla əlaqədar əsaslı surətdə istintaq aparılması, günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Həmçinin Xalq Cəbhəsində olan silahların Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvandakı hərbi hissəsinə təhvil verilməsinə çağırış edilmişdir.

    Qeyd edək ki, həmin vaxt Naxçıvan hakimiyyətinin Xalq Cəbhəsinin qeyri-hüquqi hərəkətlərinə son qoymaq haqqında dəfələrlə xəbərdarlığı müsbət nəticə verməmiş, bu da haqlı olaraq xalqın etirazına səbəb olmuş, onlar Xalq Cəbhəsinin qeyri-qanuni hərəkətlərini müsbət qarşılamamış, Xalq Cəbhəsinin silahlı dəstələri xalqın təzyiqi altında DİN və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binalarını tərk etməyə məcbur olmuşdular. Xalq Cəbhəsi bundan sonra onsuz da aşağı olan nüfuzunu tamamilə itirmişdi.
    Qəzetin 20 yanvar nömrəsində professor Asif Şirəliyevin “Biz hara gedirik” məqaləsində müstəqil, demokratik Azərbaycan dövlətçiliyinin formalaşması üçün möhkəm iqtisadiyyatın yaradılmasının zəruriliyi qeyd olunur. Həmçinin iqtisadiyyatımızın sabitliyinin pozulması, onun fəlakətə yaxınlaşması, iflas təhlükəsində olduğu, bunun həlli üçün bütün idarəetmə işlərində, kadr seçilməsində açıq-aşkar tərəfkeşliyə son qoyulmasının, hər kəsə bacardığı işin tapşırılmasının, idarəetmədə hər bir Vətən övladının iştirak etməsinin və hər kəsin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və iqtisadi inkişafı naminə cəlb olunmasının əhəmiyyəti qeyd edilirdi... 
    27 yanvar 1993-cü il tarixli nömrədə “Nə hədələrdən, nə rəzil niyyətlərdən qorxmuram” başlığı altında dərc olunmuş “Nezavisimaya qazeta”nın müxbirinin Ulu Öndər Heydər Əliyevlə müsahibəsi o dövrdə baş verən proseslərin mükəmməl şərhi, təhlili idi. Müxbirin: – Heydər bəy, Siz Azərbaycandakı indiki siyasi vəziyyəti necə təhlil və xarakterizə edirsiniz? – sualına görkəmli dövlət xadimi  belə cavab verir: “...Ölkənin siyasi həyatında isə bütün dövlət strukturlarında faktiki iqtidarda olan AXC-nin monopoliyası hökm sürür. Halbuki xalq ona bu səlahiyyəti həvalə etməyib. Bütün vəzifələr yeganə prinsip – AXC-yə mənsubiyyət əsasında bölüşdürülür. Özü də nə səriştəyə, nə də professionallığa, hətta adi savada belə heç bir əhəmiyyət verilmir. Bu nəinki səhv, eyni zamanda xalqımızın gələcəyi üçün böyük təhlükəyə aparan yoldur”.
    Xalqımız uçuruma gətirən hadisələr yaşandığı vaxtlarda Naxçıvan Xalq Cəbhəsi və Azərbaycan rəhbərliyi tərəfindən Ümummilli Liderin həyatına qarşı terrorçuluq və sui-qəsd cəhdləri olmuşdu. Müxbirin: –  Heydər bəy, bir insan kimi həyatınız üçün yaranmış təhlükədən qorxmursunuzmu? – sualına böyük dövlət xadimi belə cavab vermişdi: “Xeyr, Sizə bunu tam səmimiyyətlə deyirəm. Mən nə hədələrdən, nə də rəzil niyyətlərdən qorxuram”. Görkəmli dövlət xadimi siyasi mübarizənin ağılın və zehnin gücü, professionallıq və nəhayət, müdrikliklə aparılmalı olduğunu qeyd edirdi.
    O dövrdə ölkəmiz sosial-iqtisadi böhran içində, siyasi-ictimai vəziyyət olduqca gərgin idi. Xalqımız müharibə şəraitində yaşayır, torpaqlarımızın bir hissəsi düşmən tərəfindən tutulmuş, çoxlu qurban vermişdik. Naxçıvan Muxtar Respublikasında vəziyyət daha dözülməz olmuş, sanki əl çatmaz, ün yetməz bir adada yaşamaq naxçıvanlıların taleyinə yazılmışdı. Ölkəni bu acınacaqlı vəziyyətdən yalnız Allahın xalqımıza bəxş etdiyi böyük siyasi xadim Ümummilli Lider Heydər Əliyev qurtara bilərdi…  
    Qəzetin 31 mart tarixli nömrəsində Ordubad rayonunun Dəstə kəndindən İsmayıl Əliyevin “Heydər Babaya xitab” adlı şeiri məhz bu dözülməzliyə, ağır şəraitə çarə üçün insanlara bir çağırış idi: 

    Heydər baba, uzat nicat əlini,
    Kəs düşmənin böhtan yayan dilini.
    Qurtar qandan Azərbaycan elini
    Xocalını əlimizdən aldılar,
    Xalqımızı yaman günə saldılar.

    Heydər baba, qaldır xalqı ayağa,
    Xalq möhtacdır əyilməyən dayağa
    Əllərdəki silaha qoy qadağa
    Silah gərək səngərlərdə atılsın,
    Erməninin qanı leşə qatılsın.

    Heydər baba, su  çalxanıb durular,
    Ölkəmizdə əsl dövlət qurular,
    Xalq birləşər, yumruq kimi bir olar
    Siz də bizim rəhbərimiz olarsız,
    Günahkarın qulağını burarsız.

    Bəli, artıq insanlar başa düşürdülər ki, vəziyyətdən çıxış yolu üçün yeganə namizəd Naxçıvanın Ali Məclisinin Sədri Heydər Əliyev idi.
    Mayın 10-da dərc edilən “Allah Əliyevi xalqı xilas etmək üçün göndərib” adlı müsahibə isə məhz xalqımızın xilasının, nicatının xalq- Ulu Öndər, Ulu Öndər-xalq birliyində olduğunun təsdiqi idi. “Moskovskiye novosti’ qəzetinin icmalçısı Vladimir Yemelyanenkonun: – Naxçıvana qayıtmağa Sizi nə məcbur etdi? – sualına dahi lider belə cavab vermişdi: “Mən ona görə qayıtdım ki, ətrafımızda baş verən intəhasız özbaşınalığa dözə bilmirdim. 1990-cı il 20 Yanvar faciəsindən sonra Bakıya qoşun yeridilən günün sabahı mən Moskvada mitinqdə və mətbuat konfransında çıxış edərək dedim ki, bu, Azərbaycan xalqına qarşı törədilən cinayətdir. Bu hadisələrdən sonra mən Moskvada qala bilməzdim. Mən öz xalqımla olmalı idim”.  
    İyunun 4-də Gəncədə Surət Hüseynov  Xalq Cəbhəsi hökumətinə qarşı qiyam qaldırmışdı. Ölkənin bu cür təhlükələrlə üz-üzə qaldığı bir vaxtda xalq öz Öndərini köməyə çağırdı. “Xalq iradəsini bildirib məni çağırarsa, mən onun iradəsinə tabe olacağam”, – deyən Ümummilli Lider Vətənin ağır vəziyyətinə biganə qala bilməyərək iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də Ümummilli Liderin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərar qəbul etdi. Böyük dövlət xadimi respublikanı ağır, mürəkkəb vəziyyətdən çıxarmağı, Azərbaycan Respublikasının tarixi nailiyyəti olan müstəqilliyi qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özünün əsas vəzifələrindən hesab edirdi. Həmçinin həmin gün Milli Məclisdə çıxışı zamanı Ulu Öndər qəti olaraq demişdi: “Azərbaycan Respublikası bundan sonra heç vaxt müstəqilliyini itirməyəcək , yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq və heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.  İyunun 23-də keçirilən Milli Məclisin iclasında prezidentin səlahiyyətlərin bütünlüklə Azərbaycan Respublikası Ali Sovetinin Sədrinə verilməsi haqqında qərar qəbul edildi. 
    Məlum olduğu kimi, ötən əsrin 90-93-cü illərində hakimiyyətdə olanların yarıtmaz fəaliyyəti nəticəsində torpaqlarımız düşmənə təhvil verildi, girov və əsirlərimizin sayı çoxaldı, dövlətçiliyimiz, iqtisadiyyatımız böhran burulğanında itdi. Xalqın etiraz səsi, qəzəbi yüksək idi. Onlar Xalq Cəbhəsinin əlində olan silahları təhvil verməsini, AXC Naxçıvan şöbəsinin fəaliyyətini dayandırmasını, təxribatçılar və cinayətkarların cəzalandırılmasını tələb edir, Ulu Öndər Heydər Əliyevin ətrafında daha sıx birləşməyə çağırırdı. Qəzetin müxtəlif nömrələrində “Nicat yolu birdir”, “Hamının fikri eynidir”, “Yekdilliklə müdafiə edirlər”, “Hamımız bir səslə”, “Alternativ qaydada, demokratik şəkildə”, “Xilaskara inam olanda”, “Elin sözü əvvəl-axır düz olur”, “Ürəklərdə inam varsa” və digər başlıqlı məqalələrdə  naxçıvanlılar Heydər Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi üçün müraciət edirdilər. Onlar xalqın nicat yolunun yalnız Heydər Əliyevin rəhbərliyi altında sonrakı fəaliyyətimizi məqsədyönlü istiqamətdə inkişaf etdirməkdə görürdülər. Qeyd olunurdu ki, əgər Heydər Əliyev prezident seçilərsə, əldən getmiş torpaqlarımızın qaytarılması təmin olunacaq, bərbad olan iqtisadiyyatımız dirçələcək. 
    Nəhayət, xalqın birliyi, bərabərliyi, yekdil rəyi öz nəticəsini verir və qəzetin 9 oktyabr nömrəsində dərc olunan “Heydər Əliyev Azərbaycanın Prezidentidir” başlıqlı məqalədə də qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin nəticələrinə əsasən xalq 98,84 faiz səslə Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçir. Oktyabrın 10-da Prezident Sarayında Azərbaycanın dövlət başçısının təntənəli andiçmə mərasimi keçirilir və Ulu Öndər əlini  Azərbaycan Respublikasının Konstitusiyasına basaraq and içir. Andiçmə mərasimində  dediyi kimi, fəaliyyəti boyu Ümummilli Lider biliyini, təcrübəsini, bütün qüvvəsini Azərbaycan xalqının, ölkəmizin rifahına həsr etdi. Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəmədi. Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının həyata keçirilməsinin təminatçısı kimi milliyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının qorunmasının, müdafiə edilməsinin təminatçısı oldu. Azərbaycan Respublikasında azadlığın, demokratik dəyişikliklərin, Azərbaycan Respublikasının demokratik hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı oldu. Azərbaycan Respublikasına, xalqımıza ləyaqətlə xidmət etdi. Azərbaycan xalqının milli və mənəvi ənənələrinə daim sadiq oldu və bu ənənələrin müstəqil dövlətimizdə bərqərar olmasını, yaşamasını və inkişaf etməsini təmin etdi. 
    Ulu Öndər bundan sonrakı mənalı həyatını canı, varlığı qədər sevdiyi Azərbaycanın inkişaf və intibahına həsr etdi. Ölkə daxilində ictimai-siyasi sabitlik təmin edildi, atəşkəs əldə olundu, xalqın dövlətə inamı bərpa edildi, iqtisadi böhranın aradan qaldırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirildi, nəticədə, respublikamız dünya dövlətləri arasında öz layiqli yerini tutdu. Görkəmli dövlət xadiminin siyasi kursunu 2003-cü ildən uğurla davam və inkişaf etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynayır. Sosial-iqtisadi inkişaf, ordu quruculuğu istiqamətində atılan addımlar uzun illərdir, işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Bu gün Qarabağ və Şərqi Zəngəzur torpaqlarında aparılan genişmiqyaslı tikinti-quruculuq tədbirləri hesabına bir vaxtlar həmin torpaqlardan qaçqın düşən vətəndaşlarımız öz doğma yurdlarına qayıdırlar. 
    Bir sözlə, ölkəmizin bütün uğurlarının əsasında məhz Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Bu  siyasət ölkəmizi və xalqımızı işıqlı yollara, daha irəliyə aparır. Prezident cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixdə imzaladığı “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamda deyilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 14.06.2023 23:25