AZ EN RU

Qurddan ipəyə, ipəkdən kəpənəyə

Baramaçılıq inkişaf etdirilir

Naxçıvan Muxtar Respublikasında uzun fasilədən sonra baramaçılıq və ipəkçilik inkişaf etdirilir. Aprel ayının sonlarına yaxın, pilot layihənin şərtlərinə əsasən Çin Xalq Respublikasından gətirilən 30 qutu barama ipəkqurdu toxumu Həsən Əliyev adına Elmi-Tədqiqat İnstitutunda yetişdirilərək 18 kümçüyə təhvil verilib. Bundan əvvəlki vaxtlara nəzər salsaq, bir zamanlar Naxçıvanda baramaçılıq və ipəkçiliyin geniş yayıldığını, sonradan həmin yerlərin yararsız hala düşdüyünü görə bilərik. 2023-cü ildə baramaçılıq sektorunun yaradılmasıyla əlaqədar aparılan tədqiqat işlərində yem bazasının olmadığı aşkar olunduqdan sonra, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birgə Ordubad rayonunun Əylis kəndində 1,2 hektar ərazidə Türkiyə Respublikasından gətirilmiş 600 tut tingindan ibarət bağ, bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 20 min, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 18 381 tut tingi əkilib. Buna baxmayaraq, ipəkqurdlarının yem bazasının hələ də, kifayət qədər olmadığı, bu sayın gələcəkdə daha da çox olacağı deyilir. May ayının ortalarına yaxın kümçülərə təhvil verilən baramaların yetişdirilməsində mütəxəssislərlə yanaşı, təcrübəçi tələbələr də bu prosesdə yaxından iştirak ediblər.

Baramaçılığın inkişafının nəticəsini göstərmək məqsədilə, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində 30-31 may tarixlərində  “açıq qapı” günü keçirilib. Burada baramalardan hazırlanmış müxtəlif zinət əşyaları, baramalar,  baramalardan hazırlanmış ipək saplar və ipəkqurdları nümayiş etdirilib. Mütəxəssislər və təcrübəçi tələbələr sərgiyə gələn qonaqlara bu proses haqqında geniş məlumatlar veriblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin baramaçılıq üzrə mütəxəssisi Gülnar Bağırova "Şərq qapısı" qəzetinə verdiyi müsahibəsində baramaların yetişdirmə prosesinə belə aydınlıq gətirib: - Tut ipəkqurdu dörd inkişaf mərhələsindən keçir. İlk olaraq bu mərhələyə yumurta mərhələsi deyilir ki, elmi terminlə buna qrena mərhələsi də deyilir. Daha sonra həmin qrenalar inkubasiyaya qoyulurlar. Qrenalar 65% nəm, 26-27 dərəcə istilik və daimi havalandırma prosesi ilə yetişdirilirlər. Soyuducudan çıxarıldıqdan sonra yumurtalar dirilirlər. Dirilən yumurtalar getdikcə ağ rəngə bürünürlər. Bu yumurtalardan daha sonra tırtıllar çıxmağa başlayır. Daha sonra kiçik tırtıllar 4 yuxu və 4 qabıq dəyişmə prosesi keçirlər. Yumurtadan çıxdıqdan sonra 3 gün yemlənmə prosesindən keçən tırtıllar yuxuya gedir, oyanır və qabıqdan çıxaraq yeni yaşına yeni bədəndə daxil olur. Sonra yenidən 3-4 gün yemlənir və yuxuya gedir.  Yemlənmə prosesi, 4-cü günü çıxmaq şərti ilə, ilk 3 gün ərzində bir gün yarım, 4-cü gün isə iki gün davam edir. Daha sonra baramalar 5-ci yaşına daxil olurlar ki, bu artıq baramanın yetkinlik yaşı hesab olunur. Baramalar bu yaşında olarkən, təqribi 8-10 gün müddətinə hər gün yemlənir. Əvvəlki yaşlarında baramalar iki saatdan bir balaca-balaca doğranmış tut yarpaqlarıyla yemlənirdisə, artıq yetkinlik yaşında bütöv və iri yarpaqlarla yemlənməyə başlanılır. Yetkinlik yaşında yeyib, doymuş olan baramalar artıq başlarını yuxarıya qaldıraraq, ipək toxumaq üçün özünə yer axtararaq, ipək ifraz etməyə başlayır. 3 gün davamlı şəkildə toxuduqdan sonra, baramanın içərisində buğumları yığılaraq, balacalaşır və pup mərhələsinə başlayır. Həmin baramalar sənaye müəssisələri üçün yığılacaqsa, toxuma mərhələsindən başlayaraq toxumanın 7-ci günündə, damazlıq yemlənməsi aparılacaq və ondan toxum alınacaqsa 10-cu günündə ehtiyatla yığılır. Sonuncu mərhələdə isə baramanın üst hissəsindən qələvi məhlulu ifraz edərək baramanı əridir və yeni həyatına uçaraq davam edir. Daha sonralar onlar yenidən toxum verirlər və nəticədə, qeyd etdiyimiz proseslər dövri olaraq təkrarlanır.

Təkcə ipəkqurdlarının yetişdirilməsi və kümçülərə təhvil verilməsi ilə sonlanmayan prosesdə, uzun illər ipəkqurdlarının bəslənməsi vərdişlərindən uzaq düşmüş əhalinin bilik və bacarıqlarının artırılması, kümxanaların və baramaqurutma məntəqələrinin, eləcə də gələcəkdə digər əlaqəli müəssisələrin yaradılması və inkişaf etdirilməsi barədə işlər davam etdirilir.

Rafiq Təhməz

Nəşr edilib : 03.06.2024 15:41