AZ EN RU

Qurban bayramında ən çox ziyarət olunan məkanlardan biri - Əshabi Kəhf Ziyarətgahı

Naxçıvanda dini-mədəni inancların qorunub saxlanıldığı, möcüzəvi xüsusiyyətləri, sirli-sehrli görünüşü ilə diqqəti cəlb edən məkanlardan biri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksidir.
Müqəddəs Qurban bayramında insanların ən çox ziyarət etdikləri ziyarətgah Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir.
Dəniz səviyyəsindən 1 665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən “Əshabi-Kəhf” məhz Naxçıvandadır.
Ümummilli Lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılıb. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulub.
“Əshabi-Kəhf” ziyarətgahının adı ərəb dilindən götürülüb. "Əshab” yeniyetmə cavan oğlanlar, "kəhf” isə mağara, sığınacaq yeri deməkdir.
"Əshabi-Kəhf” təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir.
Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.
"Əshabi-Kəhf” ziyarətgahında "Yeddi kimsənə”, "Cənnət bağı", ziyarətgahda yerləşən məscid, "Qara daş”, "Damcıxana” insanların daha çox dualar edib ziyarət etdiyi məkanlardandır.

Nəşr edilib : 17.06.2024 19:52