AZ EN RU

Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına maddi yardım ödəniləcək

    Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəniləcək.
    Sərəncamın operativ qaydada icra edilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq işlərə başlanılıb. Muxtar respublikada 1 yanvar 2022-ci il tarixə qulluq stajına görə əlavələr alan 4247 əmək pensiyaçısına pensiyasının 10 faizi məbləğində maddi yardımın verilməsi üçün hər ay orta hesabla 317 min 520 manat, illik isə 3 milyon 810 min 240 manat vəsait ayrılacaqdır. Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay pensiyaçıların pensiyasının məbləği ilə birgə ödənəcəkdir. Bu Sərəncam dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslərə və digər bu kateqoriyadan olan pensiyaçılara şamil olunacaqdır.
    “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən əmək pensiyası təyin olunan şəxslərin pensiyasına əlavə maddi yardımın verilməsi bu ilin əvvəlindən ölkəmizdə  reallaşdırılan yeni sosial islahatların davamıdır. Cari ilin əvvəlindən minimum pensiya 20 faiz artırılmaqla 200 manatdan 240 manata çatdırılıb. Habelə pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək 3,4 faiz artırılıb. Bundan əlavə, sığorta prinsipi ilə pensiya alan pensiyaçılara rübdə 50 manat olmaqla, il ərzində 200 manat məbləğində maddi yardım verilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun

mətbuat xidməti

Nəşr edilib : 04.03.2022 20:43