AZ EN RU

“Qrant layihələrin yazılması və idarəolunması” adlı ikigünlük təlim baş tutub

    Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan Gənclər Mərkəzində ali təhsil müəssisələrinin tələbələri üçün “Qrant layihələrin yazılması və idarəolunması” adlı ikigünlük təlim təşkil olunub. 
    Təlimin ilk modulunda fondun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov tərəfindən layihə ideyasının tapılması, problemin müəyyən olunması, layihələrdə büdcə planlama, layihə yazılışı və idarəçiliyindən məlumat verilib və gənclərin sualları cavablandırılıb. Həmçinin Azərbaycan Respublikası  Gənclər Fondu tərəfindən elan olunan “İdeyanı Reallaşdır-2023” qrant müsabiqəsinə müraciət etmək istəyən gənclərə layihənin hazırlanması zamanı diqqət edilməli məqamlar və müsabiqə qaydaları izah olunub.
    Təlimin ikinci modulunda gənc­lər onlayn formada Çanaqqala On Səkkiz Mart Universiteti Elm və Texnologiya Tətbiq və Araşdırma Mərkəzinin “Əsas layihə hazırlığı” təlimində iştiraka cəlb ediliblər. Daha sonra onlar praktiki olaraq layihələrini hazırlayıb və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən elan olunan “İdeyanı Reallaşdır-2023” qrant müsabiqəsinə təqdim ediblər.
    İkigünlük təlimin sonunda Çanaqqala On Səkkiz Mart Universiteti Elm və Texnologiya Tətbiq və Araşdırma Mərkəzinin onlayn təlimini uğurla başa vuranlara iştirak sertifikatları təqdim olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 21.12.2023 20:05