AZ EN RU

Qoy həmişə Günəş olsun!

Hər səhər yeni ümidlərə vəsilə olan, Şərqin qapısı, sivilizasiyanın başlanğıc nöqtəsi olan əsrarəngiz şəhər Naxçıvan haqqında rəf-rəf kitablar yazılıb. Bu şəhərin sorağı ümidlərə, sevinclərə sirayət edərək dünyanın dörd bir yanına yayılıb...

  Ümidlər daha çox kitab şəklində ortaya çıxır deyirlər. Düşünün ki, Viktor Hüqo olmasaydı, bir neçə il əvvəl yanıb kül olan Notr-Dam kilsəsinin halına yananların çoxu nə vaxtsa Parisdə belə bir kilsənin tikildiyindən xəbərsiz olacaqdı. Çünki Hüqo Kvazimodonun Esmeraldaya olan sevgisi ilə İsanın “itkin düşmüş” ruhunu yenidən kilsəyə qaytarmışdı. 

Kitab xəyal gücü sərhədsiz olan alternativ dünyadır. Yaxşı kitabın mütaliəsi iz buraxdığı hər bir əşyada paslanır. Şüurumuzda kəlmələrin yeri qalır. Bugünkü düşüncələrə sahiblənməyimizə, həmçinin gələcəkdə həyatımızda verəcəyimiz qərarlara, atacağımız addımlara səbəb oxuduğumuz kitablardır. Kitab həm də insanın içində gizli qalan dəyərləri üzə çıxarmaq, daha da cilalamaq, doğru yolu göstərmək xüsusiyyətinə malikdir. insanın təbiətən sevdiyinə toxunmaq, yaxud toxunduğunu daha çox sevmək kimi bir cəhəti də var. Vərəq-vərəq çevirdikcə toxunduğumuz, oxuduqca qoxusunu hiss etdiyimiz kitablar bizə daha əzizdir. Oxuyub kiməsə, yaxud kitabxanaya qaytarmalı olmadığımız kitablar isə özündə mütaliə zamanının enerjisini, ruhunun qırıq-tökük xatirələrini daşıyır. Onları müəyyən müddət sonra götürüb vərəqləyəndə sanki eyni hadisələri, hissləri təkrar-təkrar yaşamış oluruq.

Naxçıvan şəhərində uzun illərdir ən çox həsrətini çəkdiyimiz mənzərələrdən biri də səyyar kitabçılarımızın olmaması idi. Süleyman Rüstəmin “Ana və paçtalyon”  poemasında ananın poçtalyon yolu gözləməkdən saralan gözləri də bizim səyyar kitabçıları gözləyən gözlərimiz kimi tutulmuşdu.

Artıq şəhərin hər tin-bucağında səyyar kitab satıcıların rast gələ bilirik. Uzun qış gecələrində bu kitabçıları gördükcə uşaq kimi qəlbimiz sevincdən uçunur, bir də bizi əfsunlayaraq xarakterimizi ortaya qoyan sehirli kitabları.

Qışın soyuğunda, küləyində, boranında isti kitablarla oxucularına həmdəm olan bu kitabçılar bizə Ordubadinin “Dumanlı Təbriz”ində Günəşi, “Ovod”da Ümidi, “Sevil”də azadlığı, Jostein Gaarderin soyuq otağında “Sofinin dünyası”nı, Zülfi Livanelinin xəyalındakı “Serenad”ı, Cek Londonun ayağına daş bağlamış “Martin İden”inini, Ramiz Rövşənin yeni “Nəfəs”ini, İlqar Fəhminin “Misra-misra” elegiyasını gətirib. Hər səhifəsi bir ömrə bərabər olan bu kitablardan uzaqlaşdıqca həyatımız daha da monotonlaşaraq rəngsizləşməyə davam edir.

Dörd dildə yüzlərlə kitabın təbliği və satışı ilə məşğul olan bu iki gənc – Seymur Sultanov və Nazir Kəngərli Naxçıvan Dövlət Universitetinin III kurs tələbəsidir. Fakültənin, hətta universitetin ən fəal tələbələrini bu cür yaxşı işlərdə yarışan gördükcə ürəyimiz dağa dönür, arzularımız yenidən qol-budaq atır. Gənclərin öz zəhməti ilə halal pul qazanması və qazandıqları pulla cəmiyyətə işıq tutması əvəzolunmaz xidmətlərdəndir. Çox yaxşı mütaliəyə sahib olan bu iki gənc qarşılarına məqsəd qoyaraq mütaliəyə marağı daha da artırmaq üçün bu addımı atıblar. Gənclər bu işin ən ucqar kəndlərdə də təbliği ilə məşğul olmağın ağırlığını öz çiyinlərinə götürərək həm sərfəli qiymətə, həm də ən yaxşı xidməti təklif etməyi gözə alıblar. Bu yolda bütün uğurlarımız gələcəyə körpü olan bu cür gənclərlə olsun. Olsun ki, gələcəyimiz olan körpələri, ailələri artıq kitabla sevindirsinlər. Onlar da ucalıq rəmzi olan kitabları sinələrinə sıxaraq qaçıb evlərinin kitab rəflərini düzəltsinlər. Çünki dünyamızı kitab qurtaracaq.

Gəlin bizim olana nəfəs olaq, can olaq. Eynşteyn və Freydin məktublaşdığı poçtalyon, Nazim Hikmətin Gülhanə parkındakı Cəviz ağacı, Frans Kafkanın atasına məktubu, Şəhriyarın batan ulduzu, Mir Şahinin heç nə haqqında hər şeyi olaq. Hər birimiz bir Qutenberq, hər birimiz bir kitab olaq. Biz oxuyaq, onlar desin: “Qoy həmişə Günəş olsun”.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 23.01.2024 12:29