AZ EN RU

Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana etimadı böyükdür

    Bu, ölkəmizə qlobal məsələlərin həllində geniş imkanlar açır

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Görüşdə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidenti, 3 ölkənin Baş naziri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirdi. Qeyd edək ki, bu görüş dünyanın ən tanınmış media orqanlarında hərtərəfli işıqlandırıldı. Ümumiyyətlə, tədbirə belə böyük marağın olması, ilk növbədə, müzakirə olunan mövzuların aktuallığına əsaslanırdı. 

    Məlum məsələdir ki, Azərbaycan 2019-cu ildən bu təşkilata uğurla rəhbərlik edir. Pandemiya ilə əlaqədar olaraq ötən dövrdə Azərbaycan bu platformada bir çox diqqətçəkən təşəbbüslərlə çıxış edib, müxtəlif ölkələrə yardımların təşkil olunmasında aktiv rol oynayıb. Eyni zamanda 2020-ci ildə Hərəkatın COVID-19-a qarşı mübarizə mövzusunda onlayn sammiti keçirilib, BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyası təşkil edilib. Ölkəmizin təklifi ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edilib. Bu isə həm Azərbaycanın təşkilata uğurla rəhbərlik etməsindən, həm də təşkilatın nüfuzunun artması baxımından mühüm addımlardan biri kimi qiymətləndirilib. 
    Bakıda keçirilən növbəti görüşdə də müzakirə olunan məsələlər mühüm aktuallıq kəsb edirdi. Hər şeydən əvvəl ölkə başçısı cənab İlham Əliyev böyük peşəkarlıqla dünyanı narahat edən məsələləri dilə gətirdi. Bildirdi ki, hazırda beynəlxalq qurumların qəbul etdiyi qərarlara laqeyd münasibət, beynəlxalq hüquq və prinsiplərin işləməməsi, bunun da nəticəsində yaranan ikili standartlar müasir dünyada sülhü və təhlükəsizliyi təhdid edən əsas faktorlardır. Xüsusilə dövlət başçısının ən böyük beynəlxalq qurum olan BMT haqqında səsləndirdiyi fikirlər çox önəmli və dünyanın böyük güclərinə ünvanlanan ismarıclar idi. Sitat: “Daha öncə də qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Məsələn, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”. 
    Beynəlxalq təhlükəsizlik arxitekturasının köklü dəyişikliklərlə üzləşdiyini, multilateralizmin təhlükə altında olduğunu, suverenliyin və ərazi bütövlüyünün pozulmasının, dövlətlərin daxili işlərinə müdaxilə hallarının daha çox müşahidə olunduğunu, aparıcı beynəlxalq təşkilatların qərarlarına ikili standartların tətbiq edildiyini diqqətə çatdıran dövlət başçısı həm də dünyada neokolonializm meylinin artdığını qətiyyətlə bildirdi. Ardınca isə Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu söylədi və Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırdı. Həmçinin qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə dəvət etdi. Bu, istər münaqişənin davam etdiyi dövrdə, istərsə də postmünaqişə dövründə ermənipərəst mövqe sərgiləyən Fransaya Azərbaycan rəhbəri tərəfindən vurulan diplomatik şillə idi. Məhz Fransanın simasında bu cür ikili standartların olduğunu bildirən Prezident cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə çox ehtiyacın olduğunu söyləyərək bununla həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” sözlərini bir daha təsdiqləmiş oldu. 
    Prezident cənab İlham Əliyev Ermənistan işğalından azad olunan ərazilər haqqında da iştirakçılara məlumat verdi və bir daha törədilən vandalizm aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırdı, həyata keçirilən quruculuq tədbirlərindən bəhs etdi. Prezident xüsusilə Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələrdən olduğunu bildirdi və qeyd etdi ki, Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxu da bu cür problemdən əziyyət çəkir. Həmçinin Azərbaycan bu görüşdə postpandemiya bərpası dövründə Afrika və bir sıra kiçik ada dövlətlərinə yardımlarla bağlı çağırışlar etdi. 
    Görüş iştirakçılarının çıxışlarında diqqətçəkən məqamlardan biri o idi ki, hər kəs Azərbaycan Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikirlərlə həmrəy olduğunu, Azərbaycanın Qoşulmama Hərəkatına uğurla rəhbərlik etdiyini xüsusilə vurğuladı. Bu isə o deməkdir ki, Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana etimadı böyükdür. Elə bunun nəticəsi idi ki, 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınmışdı. Həmçinin üzv dövlətlərin yekdil rəyinə əsasən ölkəmizin təşkilata sədrliyi 2023-cü ilin sonuna kimi uzadılmışdır. Buradan isə o nəticəyə gəlmək mümkündür ki, bu gün Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu böyük bir platformada mühüm nüfuza malikdir. Bu nüfuz isə ona beynəlxalq məsələlərin həllində əhəmiyyətli rol oynamağa imkan verir. 

Səbuhi HƏSƏNOV
 

 

Nəşr edilib : 11.03.2023 14:44