AZ EN RU

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün səmərəli, uğurlu dövrünü yaşadı

    Ölkəmizin beynəlxalq siyasi uğurlarından biri də onun BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi idi. Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən yaddaqalan, uğurlu dövrünü yaşadı. Ötən müddət ərzində həyata keçirilən bir çox beynəlxalq miqyaslı layihələr münasibətlərin tənzimlənməsində, ölkələrarası əməkdaşlığın genişləndirilməsi və inkişafında mühüm amil oldu. 

    Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək üçün əməkdaşlıq təsisatı rolunu oynayır. Hazırda 120 üzvü olan Hərəkatın təsis edilməsi istiqamətində ilk addımlar 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında atılmışdır. Təşkilata üzv olan hər bir dövlət “Bandunq prinsipləri” nə bağlı olduğunu bildirməlidir. Bu prinsiplərin təməlində əsas insan hüquq və azadlıqlarına hörmət etmək, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək, öhdəliklərə hörmət etmək və sair dayanır. Dünyada böyük inam və etibar qazanmış Azərbaycan 2011-ci il mayın 26-da İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini qazanmış və Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. 25-26 oktyabr 2019-cu il tarixdə Bakı şəhərində keçirilən Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşündə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübə nəzərə alınaraq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilə qədər uzadılmışdır. 
    Ölkə başçısının təşəbbüsü ilə təsis edilmiş COVID-19 pandemiyasına qarşı mübarizə üzrə işçi qrupu hərəkata üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə birlik olaraq tibbi, sosial və humanitar dəstək göstərmələrində böyük rol oynamışdır. Həmçinin hərəkat üzvləri peyvənd ayrı-seçkiliyinə qarşı birgə mübarizə göstərmişlər. Ölkəmiz Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ikitərəfli qaydada maliyyə və humanitar yardımı etmiş, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə vermişdir.
    Bu dövrdə keçirilən bir sıra zirvə görüşlərində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul edilmiş yekun sənədlərdə dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində həllinə dəstəyi ifadə etmişdir. Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun 4 aprel 2020-ci il tarixdə qəbul etdiyi “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı Kommunike” də hərəkata üzv dövlətlər Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma prezident və parlament seçkilərini tanımadıqlarım və bu aktı qeyri-qanuni hesab etdiklərini bəyan etmiş, bir sıra qərəzli və qarayaxma kampaniyalarına qarşı birgə mübarizə aparılmışdır. 44 günlük Vətən müharibəsi dövründə qəbul olunmuş Xüsusi Bəyannamədə Qoşulmama Hərəkatına üzv dövlətlər Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmaların bərpasından narahatlıq ifadə etmiş, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha bildirərək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulamış, Bəyannamədə üzv dövlətlər Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəyliklərini bildirmişdir. Həmçinin BMT Təhlükəsizlik Şurasının ölkəmizin mövqeyinə zidd olan bəyanat layihəsinin qəbulunun qarşısı alınmışdır. 
    Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə pandemiya üzrə Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə Görüşünün, Madriddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, eləcə də Gənclər Təşkilatının təsis edilməsi, Şuşa Akkordu ilə Hərəkatın Gənclər Təşkilatının loqo və bayrağının təsdiq edilməsi və bir çox tarixi əhəmiyyətli addımlar Hərəkata sədrliyin uğurlarındandır.
    İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlər görüşü növbəti əhəmiyyətli görüşlərdən biri kimi yadda qaldı. Burada Prezident cənab İlham Əliyevin etdiyi çıxış dünya mediasının diqqət mərkəzində idi. 
    Neokolonializm siyasətini (iqtisadi ekspansiya, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin iqtisadi, sosial, siyasi və mədəni işlərinə qarışması) hələ də davam etdirən, özünün müstəmləkə imperiyası ilə tanınan Fransa tarixlərindəki bu qara ləkəni gizlətməyə çalışsalar da, Əlcəzair, Seneqal, Madaqaskar, Kamerun, Ruanda, Çad, Mərakeş kimi ölkələrin hamısında öz qanlı izlərini qoyub. Fransa bu gün islamofobiyanın, irqi ayrı-seçkiliyin ən çox yayıldığı ölkələr sırasında ilk sıradadır. Ölkə başçısı sözügedən görüşdə Fransanın idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu bildirərək Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər yerlərdə Qoşulmama Hərəkatının üzvü olan dövlətlərə qarşı “soyqırımı aktlarına” görə də üzr istəməyə çağırdı. 
    Fransanın ermənipərəst mövqeyi, qərəzli, reallığı əks etdirməyən və regionda sülhə təhdid yaradan təxribatçı addımları məhz onun müstəmləkəçi xarakterindən, riyakarlıq və ikili standartlar yeritməyindən irəli gəlir. Fransa torpaqlarımızın 30 illik işğalı dövründə bir dəfə belə haqq, ədalət, beynəlxalq hüquq müstəvisindən çıxış etmədi və bu gün də işğalçı dövləti müdafiə etməklə dünyadakı sülh və təhlükəsizliyə böyük təhdid yaradır.
    44 günlük Vətən müharibəsi nəticəsində kapitulyasiya aktına imza atmaqla bir çox öhdəlikləri üzərinə götürən və lakin hələ də yerinə yetirməyən Ermənistan sərhəddə təxribatlar və ekoloji fəlakətlər törədir. Ölkə başçısı həmin görüşdə davamlı sülh üçün Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımış Ermənistanın silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarmağa, həmçinin Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olmamağa çağırdı.
    Keçirilən görüş hərəkata üzv ölkələrin bir çox məsələlərdə həmfikir olduqlarını, birgə və qətiyyətlə mübarizəni davam etdirilməsinin bundan sonra da vacib olduğunu göstərdi. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 14.07.2023 18:46