AZ EN RU

Qorxu bilməyən igid

Ülvü Möhsün oğlu Hüseynov
16.04.1988  – 08.11.2020
Ordubad rayonu, Sabirkənd
“Qarabağ” ordeni – 09.12.2020
“Vətən uğrunda” medalı –  15.12.2020
“Hərbi xidmətdə fərqləndiyinə görə” medalı  – 30.12.2020
“Füzulinin azad olunmasına görə” medalı – 24.06.2021
“Şuşanın azad olunmasına görə” medalı  – 24.06.2021

    Bir ana kimi Ülvünün dünyaya göz açan gündən indiyə qədər hər anı gözlərim qarşısındadır. Balaca vaxtlarından çox qoçaq idi. Qorxu nədi bilməzdi. İlanı əlində gəzdirərdi. Mənim 1992-ci ildə bir qardaşım şəhid olub. Atasına deyirdi ki, sən də dayım kimi olsaydın torpaqlarımızı alardınız. Ülvünün hərbçi olmağını istəmirdim. Amma o, sözündən dönmədi.  İstədiyi kimi  hərbçi də oldu. Düzdür, indi elə övlad böyütməyimlə şükür edirəm ki, qazandığımız qələbədə az da olsa, mənim də payım var. Amma qəhrəmanımı itirdim.

    O qədər zarafatcıl, gülərüz idi ki, ifadə edə bilmirəm. Bir gün şəhid yasından gəlirdim. Zəng vurdu mənə. Açdım telefonu, danışdıq. Dedi, ana nə edirsən. Dedim, oğul, şəhid yasından gəlirəm. Dedi, durma tez get evə, atam evə kimisə gətirib. Demə, məndən əvvəl atası ilə danışıb. Atası da deyib ki, evdə qonağımız var. Zarafat etmək üçün tez mənə zəng vurub. Evə çatdım. Çatan kimi zəngi gəldi ki, ana, özünü çatdıra bildinmi? Ehtiyatlı ol, ha. Bax belə zarafatcıl idi. Müharibədə belə öz zarafatlarından qalmırdı. Atası deyirdi ki, elə bil heç müharibədə deyil.
    Balaca vaxtı quzu otarardı. Aparmışdı quzuları otarmağa. Quzuları ötürüb, gedib futbola. Başı futbola qarışıb, quzunun birini itirib. Mən də heç nə demədim. Səhəri dedim ki, Ülvü, quzumuzun biri yoxdu. İnanmadı. Getdi saydı gördü ki, həqiqətən də, quzunun biri yoxdu. Gəlib dedi ki, ana hər kəs uşağına qurban kəsir. Elə bil ki, bunu da sən mənə qurban kəsmisən. Heç vaxt yalan danışmazdı.
    Balaca vaxtından pul qazanmağın yolunu bilirdi. Girib çayda balıq tuturdu. Aparıb satıb, yol pulunu və xərcliyini çıxarırdı. Heç kəsə əziyyət verməzdi.
    Bir sözlə, Ülvü mənim qəhrəmanım idi. O öz canını bu Vətənə qurban verərək xalqının da qəhrəmanı oldu!

Nəşr edilib : 02.02.2024 14:09