AZ EN RU

Qorxmaz, cəsarətli igid

Cavid Əşirəf oğlu Nuruyev

03.03.1998-15.10.2020

    Cavid riyaziyyat fənnini çox sevirdi. Həm orta məktəbdə, həm hərbi liseydə, həm də akademiyada çox yaxşı oxuyurdu. Üç bacının bir qardaşıydı Cavid. Buna baxmayaraq, heç ərköyünlük etməzdi. Çox sakit idi. Heç vaxt onun kənar hərəkətini görmədim. Atasını, bacılarını da çox sevirdi. Heç birimizin sözündən çıxmazdı. Bizim dediyimiz hər bir söz onun üçün bir qanun idi.

    Cavid hərbçi olmağı özü seçdi. Çox həvəsli idi. Hər şeylə maraqlanırdı. Hər bir işin incəliyinə fikir verirdi. İstəyirdi ki, hər şey yerində olsun. Çox vətənpərvər idi. Balaca vaxtından bayrağı əlindən yerə qoymazdı. 
     Bacılarını lap çox sevirdi. Cavid bacılarının dərsləri ilə də özü maraqlanırdı. Hara gedirdi getsin, mütləq bacılarına hədiyyə alardı. Bacısının uşaqlarını bir ayrı sevirdi. Onlarla nəfəs alırdı.
     Sonuncu dəfə oktyabrın 4-də danışdıq. Dedi, ana, olar ki, zəng vurmayım. Nigaran qalmayın. Telefonum sönə bilər. Zəng vura bilmərəm. Heç yerə heç nə deməyin. Mən özüm sizə zəng vuracağam. Demə, Cavid bizim narahat olmağımızı istəmirmiş. Sonuncu dəfə mənimlə, atası ilə, bacıları ilə eyni gündə danışdı. Dəqiq şəhid olduğu günü bilmirik. 56 gün balamın yolunu gözlədik. Cavidin nəşi neytral zonada qalmışdı. Götürə bilmirdilər. Sülhməramlıların vasitəçiliyi ilə nəşi oradan götürüldü. 30 noyabrda nəşi gəldi balamın. Üçrəngli bayrağa bükmüşdülər. 
    Müharibə vaxtı danışanda deyirdi ki, ana taqqa-tuqu eşidirsən. O qədər qorxmaz idi ki, Cavidim silah səslərinə taqqa-tuq deyirdi. Təkcə mənim balam yox, orada olan bütün igidlərimiz qorxmaz idilər. Qorxmaz, şücaətli idilər. Ona görə də indi torpaqlarımız azaddır. Biz müstəqil, ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanda yaşayırıq. Vətən sağ olsun!

Nəşr edilib : 23.02.2024 15:45