AZ EN RU

Qonşuya ümid olan şamsız qalar

Məncə, Ermənistan baş nazirinin tələm-tələsik xurcununu yığıb Belçikanın paytaxtı Brüssel şəhərinə qaçmasına və əvvəldən planlaşdırıldığı kimi, Avropa İttifaqı və ABŞ-nin nümayəndələri ilə görüş keçirməsinə bundan yaxşı ad vermək olmaz. Bu barədə bir azdan daha ətraflı danışacağıq. Bəs böyük güclərin, lap elə onların arxasında daldalanan rəsmi İrəvanın üçtərəfli görüşdə məqsədi nədir? Yazıda bu və ya digər suallara cavab tapmağa çalışacağıq.

Hadisələrin xronoloji ardıcıllığına nəzər salaq: Vətən müharibəsindən təxminən, 4 il, antiterror əməliyyatından isə 7 ay keçməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında hələ də sülh sazişi imzalanmayıb və belə görünür ki, günü günə satmaqla hayların heç buna niyyəti də yoxdur. Rəsmi görüşlərdə, kamera qarşısına keçən zaman ölkəmizə qarşı sülhpərvər niyyətdən dəm vuran Nikol pərdə arxasında çox çirkin əməllərlə məşğuldur. Azərbaycanın masa üzərindəki sülh paketinə müsbət cavab vermək əvəzinə, hər zaman revanşist təxəyyüllə yaşayan bu insanın səmimiyyətinə heç vaxt inanmaq olmaz. 44 günlük Vətən mharibəsindən sonra liderlər səviyyəsində təşkil edilmiş, demək olar ki, bütün görüşlər zamanı ya qarşı tərəf sərhəddə açıq təxribata əl atıb, ya da erməni cəmiyyətindən Azərbaycana qarşı açıq düşmənçilik mesajları almışıq. Dünənə qədər İrandan, Fransadan, Hindistandan silah-sursat alan Cənubi Qafqazın qara yarası indi də Qazax rayonunun işğal altında saxlanılan kəndlərinin təhvil verilməsi məsələsi gündəmə gəldiyi vaxt şərti sərhədə, xüsusilə Naxçıvan istiqamətindəki mövqelərinə əlavə canlı qüvvə və hərbi texnika cəmləşdirir. Bu azmış kimi erməni baş nazir ənənəsinə sadiq qalaraq ondan-bundan mədət ummaq üçün bu gün Brüsseldə üçtərəfli görüşə tələsib...

Sual oluna bilər ki, aprelin 5-də ABŞ-nin dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşdə tərəf qismində nəyə görə Azərbaycanın iştirakı nəzərdə tutulmayıb? Fikrimcə, buna ən aydın və anlaşıqlı cavabı elə Müzəffər Lider cənab İlham Əliyev verib. O, son çıxışlarında da bəyan etdi ki, burada üçüncü tərəfin iştirakına ehtiyac yoxdur. Azərbaycan və Ermənsitan Cənubi Qafqazın iki ölkəsi kimi, özləri masa arxasına keçib müharibədən sonrakı reallıqları təhlil etməklə sülh müqaviləsi imzalamalı və sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməlidir. Biz çoxtərəfli görüşlərin səmərə vermədiyini istər 30 illik münaqişə dövründə, istərsə də ondan sonra Qərbdə dəfələrlə təşkil edilmiş danışıqlarda da gördük. Başqa sözlə, praktikada beynəlxalq güclərin iştirakı ilə Ermənistan-Azərbayacan münasibətilərində hansısa müsbət meyllərin qeydə alındığına şahidlik etməmişik.

Üstəgəl, təşkil edilmiş üçtərəfli görüş tamamilə separatçı niyyət daşıyır və Cənubi Qafqaz üçün təhlükə mənbəyidir. Siyasi ekspertlər belə hesab edirlər ki, Qərb və okeanın o tayındakı super güc Ermənistan vasitəsilə regiona soxulmaq, bu dövlətə humanitar, iqtisadi və hərbi yardımlar göstərməklə yeni bir münaqişə ocağı əmələ gətimək, Azərbaycanın müharibədən sonra yaratdığı dağ boyda reallığın üstündən böyük bir qara cizgi çəkmək niyyətindədir. Bu isə tamamilə qəbuledilməzdir. Azərbaycan Prezidenti son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxslərinə onların təşəbbüsü ilə baş tutan telefon danışıqları zamanı bunu açıq dillə bəyan etdi. Verilən mesaj gün kimi aydındır: qeyri-regional dövlətlərin niyyətini açıq sezirik və onların törədəcəyi əməllərdən xəbərdarıq. 

Son vaxtlar açıq qərbyönümlü siyasət yürüdən Ermənistan ilkin mərhələdə böyük gücləri regiona cəlb etməklə, əsas məqsədi Rusiyadan siyasi və hərbi asılılığı tamamilə aradan qaldırmaq, öz aləmində müstəqil siyasət yeritmək və əlavə olaraq Azərbaycana qarşı bəslədiyi revanşist niyyəti həyata keçirməkdir. Sözün açığı birinci faktla bağlı nə etmək istəyir, bunu rəsmi İrəvan özü bilər, amma ölkəmizə qarşı planlaşdırılan hər hansı bir təxribat dərhal öz layiqli cavabını alacaqdır. Bu, bizim üçün milli təhlükəsizlik və sabitlik məsələsidir. Biz Vətən yolunda qan töküb, oğullarımızı qurban verməmişik ki, hansısa təlxəyin oyuncaq kukla kimi oynadılmağına və bu vəsilə ilə Azərbaycana qarşı çirkin planlar qurmasına seyirçi qalaq.

Son söz... Bilirsiniz, o böyüklükdə Avropa və Amerikanı cılız Ermənistanla sövdələşməyə, bir masa arxasına gətirən hansı faktdır? Azərbaycan Prezidentinin Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunu qəbul edən zaman səsləndirdiyi fikir: “Bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir.”

Ermənistan tarixi fürsəti qaçırmamalıdır. Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olması reallığını boş başına həkk edib anlamalıdır ki, ölkəsinin iqtisadi inkişafı da, siyasi nüfuzu da Azərbaycanın əlində, dolayısı ilə onunla imzalayacağı sülh müqaviləsindədir. Nikol, zaman sənin və xalqının əleyhinə işləyir…

                                                                   Muxtar RZAZADƏ

Nəşr edilib : 06.04.2024 09:15