AZ EN RU

Qonşuluq hüququ və onun qanunla nizamlanması

Şübhəsiz ki, bir cəmiyətin sosial və ictimai yöndən rifahına təsir edəcək əsas amillərdən birisi də insanların şəhər və kənd yerlərində yaşamağından asılı olmayaraq qonşuluq münasibətlərinin yaxşı olmasıdır. Xalqımız qonşuluq əlaqələrinə tarix boyunca önəm vermiş, cəmiyyətimizdə insanlar öz qonşularına xeyirxah və istiqanlı münasibət bəsləmişdir. Ancaq bəzən qonşuluq münasibətlərində irili-xırdalı mübahisələr, narazılıqlar meydana gəlir. Bu mövzuda dilə gətirəcəyimiz məsələ də qonuşuluq münasibətlərinin dövlət tərəfindən hansı formada hüquqi tənzimlənməsidir. Qonşuluq münasibətlərinin hüquqla tənzimlənməsi Azərbaycan Respublikası Mülki Məcəlləsində qanunla müəyyən edilmişdir, bu da ayrıca fəsil olaraq “qonşuluq hüququ”  adlanır.                

Qonşuluq hüququ nədir? Qanunda deyilir ki, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak (tikili, ev, tövlə, qaraj və.s) qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Bəzən rast gəlirik ki, suyun axımı ilə bağlı qonıu digər qonıuya narazılıq edir, hətda xoşagəlməz münasibət pozulması ilə müşayiət olunur. Belə halların baş verməməsi üçün bilmək lazımdır ki, aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.                                                                                              Qonşu təsirinə dözmək vəzifəsi. Qanunda qonşu təsirinə dözmək vəzifəsi müəyyən edilmişdir. Bu tələbə nəzər saldıqda qeyd edilir ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Bu da təbii baş verə biləcək hallardır. Çünki hər kəsin öz həyətində, evində müxtəlif cür tikinti, abadlıq aparmaq onun təbii hüququdur. Eyni zamanda təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.                                  

Mülkiyyətçinin qazıntılar və tikinti işləri ilə vurduğu ziyan. Ona məxsus olan həyətində qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir.                             

Çıxıntılı binalar. Bəzən iki və ya daha çox qonşu arasında çıxıntılı binalarla bağlı mübahisələr meydana gəlir. Bu zaman nəyi bilmək lazımdır? Mülki Məcəllədə qonşuluq münasibətlərində çıxıntılı binalarla bağlı yaranan məsələlərin həlli müəyyən edilmişdir. Bu məsələdə qeyd olunan tələb budur ki, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu, ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.        Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut (ayrı-ayrı hallarda əşyadan istifadəyə icazə verilməsi) kimi qeydə alına bilər. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər.              

Çıxıntılı bitkilər. Xüsusən kənd yerlərində yaranan qonşuluq münasibətlərində qonşuların çıxıntılı bitkilərlə əlaqədar yaranan narazılıqları, mübahisələri olur. Qanunda isə bu zaman qonşuların hüquq və vəzifələri konkret müəyyən edilmişdir. Bəs necə tənzimlənir? Əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır. Əgər mülkiyyətçi tikililər və üst tikililər olan torpaq sahələrində çıxıntılı budaqların olmasına yol verirsə, həmin budaqlarda yetişən meyvələrə onun hüququ çatır. Yəni istədiyi kimi istifadə edə bilər. Çıxıntılı bitkilərlə bağlı qanunun bu göstərişləri meşə torpaq sahələrinə şamil edilmir.               

Özgənin sahibliyində olan sahədən zəruri yol və keçid. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir, yəni daha əlverişli keçid və ya yol olmasına üstünlük verilir.Daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər təbii ki, nəzərə alınmalıdır.

Bunu da bilmək lazımdır ki, sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya (məsələn pul şəklində) ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.              

İtmiş heyvanlar və əşyalar. Bu da tez-tez rast gəlinən hallardan biridir və çox vaxt mübahisələrə səbəb olur. Qanunda itmiş heyvanlar və əşyalar haqqında dəqiq nizamlama mövcuddur. Belə ki, əgər təbii fəlakət (sel, daşqın, güclü külək və.s) və ya təsadüfi hadisələr nəticəsində əşyalar özgə torpaq sahəsinə düşərsə və ya vəhşi heyvanlar istisna olmaqla, heyvanlar özgə ərazisinə keçərsə, həmin torpaq sahəsinin mülkiyyətçisi ixtiyarlı şəxsin onların arxasınca gəlib onları götürməsinə icazə verməlidir. Bu zaman dəyən zərər üçün o, əvəz ödənilməsini tələb edə bilər və bununla əlaqədar həmin əşyaları saxlamaq hüququna malikdir. Məsələn, qonşu öz ərazisinə kemiş digər qonşunun iri buynuzlu heyvanının əkin sahəsinə vurduğu ziyana görə ondan əvəz ödənilməsini tələb edə bilər. Bu zaman həmin əvəzi ödəmək heyvan sahibinin vəzifəsidir.

Elvin ZEYNALOV

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı

Nəşr edilib : 09.10.2023 11:39