AZ EN RU

Qohum nikahları – faciəli sonluq yoxsa xoşbəxtlik?

Bu gün ölkəmizdə qohumlar arasında bağlanan nikah hallarının fəsadları müzakirə edilən əsas mövzulardan biridir. Statistik məlumatlara diqqət yetirəndə görürük ki, qeydə alınan hər yüz nikahdan onu və daha çoxu qohum evliliklərinə əsaslanır. Bir-biri ilə, necə deyərlər, ortaq ailədə, eyni mühitdə böyümüş uşaqların daha sonra böyüyəndə ailə həyatı qurması qulağa nə qədər sadə məsələ kimi gəlsə də, əslində, bu hal özündə böyük maddi-mənəvi, sosial, psixoloji problemləri ehtiva edir. Uzun illər Azərbaycan xalqının həyatında bu hallar baş verib, bunu inkar etmək olmaz. Hətta el arasında yayılan “əmi qızı ilə əmi oğlunun kəbini göydə kəsilər” və ya “alırıqsa öz ailəmizdən alaq, ətimizi yesə də, sümüyümüzü çölə atmaz” misalı da bu halın ən “gözəl” təsviridir, – desək, yəqin ki, yanılmarıq. Ancaq bu mövzumuzda məsələyə daha fərqli prizmadan, fərqli kontekstdən yanaşacağıq.

Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyevlə həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, nənə və babaları eyni olan şəxslərin nikahı qohum nikahı sayılır. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə 1-ci dərəcəli qohum nikahları ölkəmizdə qadağan edilib. Lakin ikinci dərəcəli qohumlarla evlilik, çox təəssüflər olsun ki, hələ də mövcuddur. Qohum evliliklərinin sayının artması genofondumuz və gələcəyimiz üçün böyük təhlükə yaradır. 2023-cü ildə muxtar respublikada 18-29 yaşda nikaha daxil olan 1519 cütlükdən 51-i qohum evlilikləridir. Bu da ümumi nikaha daxil olanların 3,4 faizini təşkil edir. Həmçinin qohum nikahlarının boşanma riskləri də mövcuddur ki, bu da, ümumiyyətlə, tarixən formalaşmış qohumluq əlaqələri kimi dəyərlər sisteminin zədələnməsinə gətirib çıxarır.

Müsahibimizin sözlərinə görə, bu cür ailələr tarixən formalaşmış dırnaqarası düşüncə tərzinin ünsürləridir. Adətən, belə ailələrin təməlində ailəyə aid mülkün nəsillərarası ötürülməsinin təmin edilməsi, var olan qohumluq əlaqələrinin daha da möhkəmləndirilməsi anlayışı dayanır. Mütəxəssislər mövzuya daha dərindən, ətraflı yanaşaraq qeyd edirlər ki, qohum evliliklərindən doğulan uşaqların qüsurlu olması riski yad insanların evliliyindən olan uşaqlardan daha çox olur. Yəni bu tendensiya risk amili yad insanlarla qurulan ailələrdə dünyaya gələn uşaqlardan daha çox olur. Ona görə də qohum evliliyinə qərar verən şəxslər və cütlüklər evlilik öncəsi bu barədə bir daha düşünməlidirlər.

Hər bir kəsə məlumdur ki, qohumdan qız alaraq və qız verərək bunun gələcəkdə onlara, yaxud da onların övladlarına hansı fəsadları verəcəyindən, necə ciddi və ağır problemlərə yol açacağından xəbərsizdirlər. Elə həmsöhbətimizə növbəti sualımızı bu mövzuda ünvanladıq, qohum evliliklərinin fəsadlarından, bu nikahdan dünyaya gələn uşaqlarda hansı fiziki qüsurların yaranmasından danışdıq.

Eltun Həziyevin sözlərinə görə, bu gün ölkəmizdə olan statistik rəqəmlər onu göstərir ki, qohum evliliklərində ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ-sinir, ürək-damar və şəkər xəstəlikləri, anadangəlmə anomaliyalar, yəni inkişaf qüsurları, deformasiyalar, xromosom, psixi və davranış pozğunluqları, sinir sistemi xəstəlikləri, digər fiziki, patoloji qüsurlardır.

“Qan bağı olan şəxslərin nikaha girmədən öncə həkim-mütəxəssislə ətraflı məsləhətləşmə aparması vacibdir”, – deyən müsahibimiz muxtar respublikada qohum evliliyindən olan əlillərin və fiziki qüsurlu uşaqların, demək olar ki, yuxarı faizinin məhz qohum nikahlarından doğulanlar olduğunu qeyd edir. Düzdür, belə ailələrdə nadir hallarda sağlam uşaqlar da dünyaya gəlir. Ancaq qohum evlilikləri içərisində sağlam uşaqların dünyaya gəlməsi bu problemin kökündən həll olunduğu, bu halın belə davam edəcəyi mənasına gəlmir. Mümkündür ki, bu problemlər özünü iki-üç nəsil sonra da büruzə verə bilsin. Buna görə də gənclərimiz mütləq şəkildə həkim nəzarətindən keçməli, xromosom xəstəlikləri olan ailələrin tibbi-genetik vəziyyəti aşkarlanmalı, ailəvi-genealoji analizin keçirilməsi kimi vacib məqamlara əməl edərək yaranan fəsadların qarşısı mümkün qədər alınmalıdır.

Eltun Həziyev onu da bildirdi ki, biz mütəxəssislərin üzərinə düşən əsas vəzifə bu kimi halların baş verməməsi üçün maarifləndirici tədbirlər həyata keçirməkdir. Komitə olaraq belə tədbirləri diqqətdə saxlayırıq. Xüsusilə də təlim-tədris ocaqlarında tez-tez tədbirlər təşkil edir, mətbuat və teleradio vasitəsilə cəmiyyəti məlumatlandırmağa çalışırıq. Eyni zamanda gələcəkdə həyata keçirəcəyimiz layihələrimizdə erkən nikahın və qohum evliliyinin fəsadları ilə bağlı geniş maarifləndirici poster və reklam lövhələrinin hazırlanması, həmçinin məktəblərdə ayrı bir guşənin yaradılması nəzərdə tutulub.

Söhbətimizdən çıxardığımız nəticə odur ki, sağlam və xoşbəxt ailənin təməli bu yolun ilk addımından – nikah faktorundan başlayır. Bu yolda düzgün seçim etmək, qeyd edilən bütün faktları gözardı etmədən diqqətdə saxlamaq və ən əsası qohum evliliklərinə yox demək əsas məsələlərdən biridir. İnanırıq ki, ölkəmizdə bu halların baş verməməsi üçün istər ailələrimiz, istərsə də aidiyyəti qurumlar bütün zəruri addımları atacaq və nümunəvi, xoşbəxt, firavan ailə dəyərlərimizin formalaşmasına öz töhfələrini verəcəklər.

Bülbül QULİYEVA

Nəşr edilib : 14.04.2024 15:06