AZ EN RU

Qohum evliliklərinin fəsadları müzakirə edilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qohumlar arasında nikahlarla bağlı ictimai müzakirə keçirilib. Dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və müvafiq sahə üzrə mütəxəssislərin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. 
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova xalqımızın ailə dəyərlərindən danışıb. Bildirilib ki, bu gün ölkəmizdə ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilib, uğurla həyata keçirilən sosial-iqtisadi layihələr ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Azərbaycanda ailə, qadın və uşaq siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev yolunu və ideyalarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daha da gücləndirirlər. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsi gənclərimizə örnək, ən gözəl nümunədir. Aytən Məmmədova keçirilən tədbirin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında ailələrə dəstək dövlətin diqqət mərkəzindədir. Ailələrin möhkəm olmasının əsas meyarlarından biri də ailə dəyərlərini qoruyub saxlamaqdır. Bu məqsədlə keçirilən tədbirlərin əhəmiyyəti böyükdür. Komitə tərəfindən keçirilən tədbirlərdə əsas məqsəd ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemlərin işıqlandırılaraq həlli yollarının axtarılması və ailə institutunun inkişafına nail olunmasıdır.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Kamila Əliyeva və Səmra Əliyeva, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Tibbi genetika üzrə mütəxəssisi Ağarza Ağayev  qan qohumluğu evliliyinin fəsadlarından danışıblar. Bildirilib ki, Azərbaycan Respublikasında erkən evlilik və qohum nikahları ilə bağlı mövcud olan problemlərin qarşısının alınması məqsədilə Ailə, eləcə də Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi haqqında Qanun layihəsinə dair müzakirələr davam edir. Qanun layihəsi yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan problemlərin qarşısının alınması məqsədilə hazırlanıb. Çünki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin riski olduqca yüksəkdir.
İctimai müzakirə zamanı tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Həbibə Əliyeva, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova, həkim-hemotoloq Nərmin Hüseynova  və digərləri bildiriblər ki, erkən və qohum evliliklərinə hüquqi baxımdan son qoyulmalıdır. Bu, cəmiyyət üçün sağlam uşaq, sağlam gələcək formalaşdırmağın düzgün yoludur. Çünki, qohumla qurulan ailələrdə yad evliliklərə nisbətən qüsurlu uşağın doğulma ehtimalı iki dəfə çoxdur. 

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2024 17:22