AZ EN RU

Qızlar arasında üzgüçülük yarışı keçirilib

İlham Əliyev adına Olimpiya İdman Kompleksinin (OİK) Üzgüçülük Mərkəzində yeniyetmə və gənc qızlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, OİK və şəhər Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə reallaşan yarışa 2 yaş qrupu üzrə 20 idmançı qatılıb. İştirakçılar üzgüçülüyün sərbəst üsulu ilə 25 metrlik məsafədə yarışıblar. 2009-2011-ci il təvəllüdlü qızların mübarizəsində Mətanət Səfərova qalib olub.  Zeynəb Quliyeva və Bahar Yasinli yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar. Xədicə Hümbətova isə 2012-2013-cü il təvəllüdlülər arasında birinci olub. Bu yaş qrupunda Aysu Həsənzadə ikinci, Nilufər Almuradova üçüncü yerə sahib çıxıblar. 
Birincilik qadın idmanının inkişafı, qızlarda üzgüçülük vərdişlərinin artırılması və üzgüçülüyün təbliği məqsədi ilə təşkil edilib.

Nəşr edilib : 25.07.2024 16:00