AZ EN RU

Qızılgül çiçək açdı, bağça oldu, bar oldu

Gözəl bir yaz səhəri Günəş dağların arasından boylanmağa vaxt tapmamış biz də Günəşi salamlayan zəhmətkeş insanlarımızla birlikdə Şərur rayonundayıq. Bu gün haqqında danışacağım təsərrüfat sahibi Şərur rayon sakini Müqabil Zamanov illər öncə ailə təsərrüfatı qurub; 8 ildir ki, gülçülüklə məşğuldur. Onunla həmsöhbət olduğumuzda dedi ki, qızılgül mürəbbəsindən, gülabından söhbət düşəndə çoxumuzun ağlına ilk olaraq Ordubad rayonu gəlir. Uzun illərdən bəri formalaşan gülçülük bu rayonda inkişaf etdirilib və qızılgüldən müxtəlif məhsullar hazırlanıb. Bu sahəyə olan maraq illər keçdikcə digər rayonlarımızda da həmin sahənin inkişafına səbəb olub. Zəhmət adamı dedi ki, Şərur rayonunun torpaqlarının münbit olması işini daha da asanlaşdırıb. Rayonun Çərçiboğan kəndində yarım hektar sahədə qızılgül kolları əkdiyini deyən Müqabil Zamanov bildirir ki, əkdiyi qızılgüllər bir neçə ildir ki, məhsul verməkdədir. Əldə etdiyim məhsuldan gülab, araq, gül şirəsi hazırlayıram. Gül şirəsini içkilərə qatmaqla istifadə etmək olur. Bundan öncə bir çox meyvələrdən içki hazırladığını deyən müsahibim bildirdi ki, gülabı da xüsusi avadanlıqların köməyi ilə çəkir.
Öyrənirik ki, əvvəl qızılgül toplanılır, xüsusi mərhələdən keçirilir və süzülür. Bəzən gülab çəkənlər onun içinə müxtəlifrəngli və ətirli gülləri də qatır. Belə olan halda gülabın ətri yaxşı olmur. Gülab hər qızılgüldən çəkilmir. Bunun üçün qızılgülün kiçikləçəkli növündən istifadə olunur. Ocağın üstündəki qazanda, təxminən, 6 kiloqram qızılgül ləçəyi, 6 litr də su var. Bu, saatlarla qaynamalıdır. Su qaynadıqca buxar bu borunun divarlarına hopur, boruya yaş parça sarıyıb, üzərinə də tez-tez su çiləməlisən ki, buxar borunun soyuq divarlarına dəyib, gülab damlalarına çevrilib digər qaba yığılsın. Gülabın rəngi saf, ətri gözəl olmalıdır ki, onu istifadə edən də faydalana bilsin. 
“Gülab həm də müqəddəs sayılır” söhbətimizə ailə təsərrüfatının üzvü Mehriban xanım da qoşulur. O vurğulayır ki, adətən, yas mərasimlərində gülabdan daha çox istifadə edilir. Halvanın şirəsini gülabla hazırlayırıq. Bəzən umacını da gülabla ovurlar. Yas mərasimindən çıxıb evinə gedən insanların əllərinə gülab tökmək adətimiz var. Bu o deməkdir ki, evinizə xeyir, gül ətri aparın. Hüzndə olduğu kimi toyda-bayramda da gülabın öz yeri var. Paxlavanın şirəsini gülabla hazırlayırıq. Qızılgülün mürəbbəsi və gülqəndi haqqında da söhbət açan müsahibim dedi:
– Qızılgül axşamın sərinində, ya da tezdən şeh gedəndən sonra yığılır. Hava yağışlı keçməsə, qızılgülün ləçəkləri daha gözəl olur. Gül toplandıqdan sonra təmizlənir. Soyuq su ilə yuyulub suyunu çəkməsi üçün sərin bir yerə qoyulur. Təmizlədiyimiz gül cecəsini bir qazana yığıb yuyuruq sonra üzərinə yarım kiloqram gül cecəsinə beş stəkan qaynar su töküb dəmlənməyə qoyuruq. Hazırladığımız məhsul dəmlənir, həmin suyu başqa böyük bir qazana töküb qaynadırıq. Su qaynayandan sonra gül ləçəklərini içərisinə boşaldır, bir-iki buğum yenidən qaynadırıq. Həmin sudan yarım stəkan süzüb kənara qoyuruq. Sonra dəmləmə suda bir-iki buğum qaynayan gülün üzərinə beş kiloqram şəkər tozu əlavə edib qarışdırırıq. Hazır olana yaxın əvvəlcədən götürdüyümüz yarım stəkan gül suyunun içərisinə yarım çay qaşığı limon duzu əlavə edir və mürəbbənin içərisinə tökürük. Bu zaman mürəbbənin rəngi göz oxşayır. Bəzi xanımlar mürəbbənin rənginin yaxşı olması üçün boyaqdan istifadə edir. O da gül mürəbbəsinin dadını və rəngini xoşagəlməz hala sala bilir. Əsl gül mürəbbəsini yeyəndən sonra onun qırmızı rəngi dodağa, dilə çıxmır, amma bu boyaq atılan mürəbbəni yeyəndə onun rəngi dodaqda, dildə qalır. Nənələrimiz deyərdi ki, 7 il qalan gül mürəbbəsi dərmana çevrilir. O, mədədə olan yaraları sağaldır, sonsuzluğun qarşısını alır. Gül mürəbbəsinə kərə yağı əlavə edib lavaşla yeyiləndə dadı damaqda qalar.
Gülqəndin hazırlanması ilə bağlı sualımı cavablandıran Mehriban xanım dedi:
– Təmizlənmiş gül hər kilosuna yarım kiloqram olmaqla şəkər tozu ilə ovulur, bankalara yığılır. Bir neçə il saxlanan gülqənd min dərdin dərmanıdır. Bundan başqa, yazda şəkərlə ovulan gülü qışda içərisinə azca su əlavə edib mürəbbə etmək də olar. Qızılgülün kompotunu da hazırlayan zəhmətkeş qadın bildirdi ki, bu çiçəyi qurudub qışa saxlayır.
Söhbətə qoşulan Müqabil bildirdi ki, qızılgüldən bəhs edən çoxlu yazılar oxuyub, onun faydalı cəhətlərindən istifadə edir, yaxınlarına da tövsiyələr verir: – Qızılgül yağı, qızılgül dəmləməsi qədim zamanlardan müalicəvi vasitə kimi tanınır və geniş istifadə olunur. Qədimdə sinir sistemi, ağciyər, ürək, böyrək, dəri xəstəlikləri zamanı qızılgüldən hazırlanmış tinkturalar, yağlar, dəmləmələrdən çox geniş istifadə olunurdu. Dahi İbn Sinanın elmi əsərlərində qızılgül haqqında məlumatlar, müalicəvi reseptlər var. Qızılgülün yağı çox güclü stimullaşdırıcı, bərpaedici, cavanlaşdırıcı təsirə malikdir. Ürək-damar sisteminə çox müsbət təsir edir – ürək əzələsini möhkəmləndirir, aterosklerozun qarşısını alır, damarlarda spazmaları azaldır, ürək ağrıları zamanı faydalıdır. Sinir sisteminə sakitləşdirici təsir edir, nevroz, stres, depressiya zamanı çox xeyirlidir. Mədə-bağırsaq sisteminə antiseptik təsir göstərir, mikrobları öldürür, immun sistemini möhkəmləndirir. Angina zamanı müalicəvi təsir edir, başağrısını azaldır, orqanizmi cavanlaşdırır.
Qədim Naxçıvanın hər qarışında bitən digər bitkilər kimi, qızılgülün də faydaları çoxdur. Ümumiyyətlə isə yurdumuzun bütün nemətləri Tanrının bizə bəxş etdiyi ehsandır. Bu nemətləri artırıb çoxaltmaqla həm özümüzə, həm də yaxınlarımıza yaxşılıq etmiş oluruq.

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 03.06.2024 15:00