AZ EN RU

Qız övladlarımızı gələcəyin Azərbaycan qadını kimi böyüdək” mövzusunda maarifləndirici tədbir keçirilib

2023-cü il 21 sentyabr tarixində Kəngərli rayon Şahtaxtı kəndində “Qız övladlarımızı gələcəyin Azərbaycan qadını kimi böyüdək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində, həmçinin lokal antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kəngərli  Rayon İcra Hakimiyyəti Aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Səbinə Həsənova tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək qeyd edib ki, “Azərbaycanın ailə modeli, ailə institutu ölkənin ən böyük mənəvi dəyərlərindən biridir və  Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı ailə  modellərindən biridir. Vurğulanıb ki, ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil, sosial və digər sahələrdə gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin  görülməsi ölkədə həyata keçirilən uğurlu ailə, qadın və uşaq siyasətinin göstəricisidir. Ailə modeli, ailə dəyərləri və ailədə ailə dəyərlərinin yaşadılması, əxlaq normaları, ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə mühafizə edilir və gələcək nəsillərə ötürülür. Ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində ailə dəyərlərin mühüm rola malik olduğunu bildirən K.Babayeva ailələrin möhkəm olması, ailədə hər iki tərəfin ailənin bütövlüyünün qoruması, o ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi üçün ailə üzvlərinin qarşılıqlı anlaşaraq bu işin öhdəsindən gələ biləcəklərini   qeyd edib. 
Tədbirdə  Aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı  məsləhətçisi Zərnigar Orucəliyeva  slayd vasitəsilə çıxış edib. O, ailədə valideyn övlad münasibətləri, bəzi ailələrdə qız övladlarına ayrı-seçkiliyin qoyulması, onların təhsilinin və milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin təşkil olunması, qızlarımızın erkən nikahdan qorunması, qızların ailə qurmağa, nikaha daxil olmağa hazır olması, sosial şəbəkələrin ailələrə və uşaqlara təsirləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. 
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq mövzuda  broşür paylanılıb. Eyni zamanda tədbir iştirakçıları arasında mövzu ilə əlaqədar yazılı şəkildə sorğu keçirilib. Tədbirdən 58  nəfər yararlanıb.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 21.09.2023 14:50