AZ EN RU

Qiymət, yoxsa keyfiyyət?

İnsanlar çox zaman ailə büdcəsindən qənaət etməyə çalışırlar. Bunun üçün də hansısa bir texniki avadanlığın yenisini almaq yerinə elanlarda axtarışa çıxıb həmin əşyanı ikinci əl işlənmiş şəkildə tapmağa çalışırlar. Bunu etməklə, bəlkə də, ailə büdcəsinə qənaət edə bilərik. Lakin cüzi bir diqqətsizlik belə bizə hər hansısa bir texniki avadanlığın yenisini almaqdan baha başa gələ bilər. Bəs ikinci əl texniki avadanlığı alarkən qiymətlə birgə həm də keyfiyyətli olub-olmadığına necə diqqət edə bilərik?

Müasir dövrümüzün əvəzolunmaz cihazlarından biri, şübhəsiz ki, mobil telefonlardır. İstər musiqi dinəyib, film izləyərkən, istərsə də kiminləsə ünsiyyət yaradarkən bu cihaz bizim əvəzolunmaz dostumuza çevrilir. Hər il tanınmış şirkətlərin yeni model mobil telefonları istifadəçilərə təqdim olunur. Bəzən isə istehlakçılar bu mobil telefonları baha almaq əvəzinə ya qiymətin enməsini, ya da ikinci əlini almağa üstünlük verirlər.

Mağazalardan ikinci əl mobil telefonlar alarkən hər zaman texniki servislərə göstərilməsi məsləhət görülür. Bəs özümüz bu keyfiyyətləri necə yoxlaya bilərik?

Öncəliklə mobil telefonun xarici görünüşünə nəzər salmaq lazımdır. Üzərində cızıqların olmadığına, yan tərəfindən baxaraq isə mobil telefonun əyri yox düz olduğuna əmin olmalıyıq. Bundan əlavə səs nizamlayıcı və güc düyməsinin işlədiyini yoxlamaq lazımdır. Mobil cihazın bütün məlumatlarını öyrənmək üçün isə “*#06#” yığaraq telefonun IMEI şifrəsini öyrənə bilərsiniz. Daha sonra həmin şifrəni internetdə axtarışa verən zaman isə mobil telefonun kreditdə olması və yaxud da qeydiyyatı ilə bağlı məlumatları görə bilərsiniz. Bunlardan əlavə isə enerjini yaxşı saxlamasına diqqət etmək lazımdır.

Günlük həyatda işimizi asanlaşdıran elektron cihazlardan biri də noutbuklardır. İstər ofis işlərini yerinə yetirərkən, istərsə də oyun oynarkən yanımızda daşıya biləcəyimiz bu cihazların ikinci əlini alarkən öncə arxa tərəfinin açılıb-açılmadığını yoxlamaq lazımdır. Klaviaturanın bütün klavişlərinin düzgün işlədiyinə əmin olub, ekran keyfiyyətindən və noutbukun üzərində yerləşən daxili mausun düzgün işlədiyindən əmin olmalıyıq. Noutbukları alarkən onunla hansı işləri görəcəksiniz deyə düşünün və edəcəyiniz proseslərə uyğun parametrlərdə bir noutbuk seçin. Siz əgər dizayn işi ilə məşğul olacaqsınızsa ekran kartı, prosessor, ram və daxili yaddaşı yüksək noutbukları seçməyiniz məsləhət görülür. Ofis işləri ilə məşğul olub aşağı həcmli oyunlar oynamaq üçün noutbuk alırsınızsa, sizə aşağı parametrli noutbuklar da kömək edəcək. USB, qulaqcıq və SD kart üçün nəzərdə tutulan girişlərin işləyib-işləməməsinə diqqət edin. Əgər noutbuk mavi ekran vermirsə və yaxud sönmürsə, deməli, ekran kartında heç bir problem yoxdur. Ekran kartının digər keyfiyyətlərini yoxlamaq üçün isə FurMark proqramından istifadə edərək ekran kartını test etmək olar. Bunun üçün isə 5-10 dəqiqə aralığı ilə ekran kartını test etmək bəs edəcək. OCCT proqramından istifadə edərək isə prosessoru test edə bilərsiniz. Bunlardan əlavə, CrystalDiskMark proqramı ilə hard diskin sürətini, Hard Disk Sentinel proqramı ilə isə hard diskin isinmə dərəcəsini görə bilərsiniz. Bu keyfiyyətləri yoxladıqdan sonra daha yaxşı bir noutbuka sahib ola bilərsiniz.

Hər kəsin evində markasından asılı olmayaraq, televizorlar mövcuddur. Lakin zaman irəlilədikcə ekran keyfiyyətinə və başqa funksiyalarına görə yeni modellər istehsal olunur. Öz istifadə etdiyiniz televizordan daha üst bir modelə keçid etmək istəyirsinizsə və bu keçidin ucuz olmağını istəyirsinizsə ikinci əl televizorlar sizin ən yaxın köməkçiniz olacaq. Eyni zamanda qiymətin ucuz olması ilə yanaşı, keyfiyyətinin də yaxşı olmasına fikir vermək lazımdır. Bunlardan ən başlıcası isə televizorun xarici görünüşünə fikir verərək ekranda heç bir problemin olmamasına və birləşmə olan yerlərdə heç bir zədənin olmamasına diqqət etməliyik. Bəzən ikinci əl televizor alarkən daxili və xarici keyfiyyətlərlə yanaşı, hansı marka və model olmağına diqqət etmək lazımdır. Televizoru idarə etmək üçün nəzərdə tutulan pultların da orijinal olmasına diqqət etmək lazımdır.

Artıq yavaş-yavaş daha isti aylara keçid edirik. Bir müddət sonra havalar tamamilə isinəcək. Elə bu aylarda da bizi istilərdən qoruyacaq vasitələrdən biri kondisionerlərdir. Otağın ölçüsünə görə fərqlənən bu cihazların çox zaman ikinci əl işlənmiş formalarının satıldığını görmək mümkündür. Çox insan isə heç nəyə fikir vermədən bu cihazları alıb istifadə edirlər. Öncəliklə kondisionerin quraşdırılacağı yerdə elektrik enerjisinin nüfuzetmə dərəcəsinə fikir vermək lazımdır. Yüksək enerji tələb edən kondisionerləri zəif elektrik yuvalarına taxmaq olmaz. Kondisionerlərdə 9000 BTU, 12000 BTU, 18000 BTU, 24000 BTU kimi dəyərlərin olduğunu, bəlkə də, görmüsünüz. Bəs heç kondisioner alarkən bunların nə olduğuna diqqət etmisinizmi? Bu rəqəmlər ərazinin ölçüsünə görə və havanı nizamlama dərəcəsinə görə dəyişir. Bunlardan başqa kondisionerin gücünü divarların izolyasına və pəncərə şüşələrinin qalınlığına görə də artırmaq olar. Televizorlarda olduğu kimi, kondisionerləri alarkən birləşmə yerlərində və üzərində heç bir zədənin olmamasına diqqət etmək lazımdır. Havanı soyudan zaman əsas iş filtirlərin üzərinə düşür. Satınalma zamanı filtirlərin təmizliyini yoxlamaq lazımdır. Kondisioner alınıb quraşdırıldıqdan sonra da filtirlər müəyyən aralıqlarla su ilə yuyulmalıdır. Az enerji sərf edən kondisionerlər isə, adətən, A+ və A++ sinifinə aid olan kondisionerlərdir.

Elektronik cihazların əsas missiyası bizim gündəlik işlərimizi asanlaşdırmaqdır. Bu cihazlardan biri də paltaryuyan maşınlardır. Bu cihazları satın alarkən xarici görünüşündən əlavə ailə fərdlərinin sayı nəzərə alınmalı və ondan sonra paltaryuyan seçilməlidir. İki nəfərlik bir ailə üçün 5-6 kiloqram, 5 nəfərdən çox ailələr üçün isə 8-9 kiloqram tutumunda olan paltaryuyanlar alınmalıdır. Paltaryuyan alınmamışdan qabaq cihazın qazanından səs gəlib-gəlmədiyindən əmin olmaq lazımdır. Səssiz işləyən paltaryuyanları almaq daha məsləhətdir. Paltaryuyan alarkən onun aylıq baxımlarını da etmək lazımdır. Bu baxımları edən zaman isə alma sirkəsi, soda və sirkə, limon, qabyuyan planşetlərdən istifadə edə bilərsiniz. Məsələn, alma sirkəsi və su qarışığı və ya soda və sirkə qarışığı ilə paltaryuyanın hissələrini təmizləsəniz, yüksək keyfiyyətdə yuyulan paltarlar əldə edə bilərsiniz.

Hər hansı bir cihaz alarkən onun xarici görünüşündən əlavə yuxarıda sadaladığımız funksiyaların olduğundan əmin olmaq lazımdır. Bununla siz həm qiymət ilə, həm də keyfiyyətilə seçilən cihazlar əldə edəcəksiniz. Bunlar, sadəcə, sizin görüb anlaya biləcəyiniz keyfiyyətlərdir. Onu da unutmayaq ki, ikinci əl cihaz alarkən mütləq mütəxəssislərdən məsləhət almaq daha məqsədəuyğundur.

Rafiq TƏHMƏZOV

Nəşr edilib : 14.04.2024 20:30