AZ EN RU

Qışda qida qəbulunda nələrə diqqət etməli?

Qış həm də xəstəliklərin artdığı və orqanizm üçün ən çox vitamin tələb olunan fəsildir. Bu mövsümdə xəstəliklərdən qorunmaq üçün faydalı qidalar vasitəsilə orqanizmi, immuniteti gücləndirmək mümkündür.

Məsələ ilə əlaqədar qida məsləhətçisi Xatun Orucova ilə həmsöhbət olduq. O qeyd etdi ki, qışda daha çox immunitet yaradan ət, balıq, pendir, yumurta, lobya, noxud kimi tərkibində zülal olan qidalardan istifadə etmək məsləhətdir. Kök, çuğundur, kələm, baş soğan, kartof  kimi  tərəvəzlərin tərkibində də çoxlu vitamin vardır. Çörək və xəmir yeməkləri orqanizmdə gec həzm olunur. Ona görə də xəmir yeməklərini tez-tez qəbul etmək həm artıq çəki almağa, həm də ürək-damar sistemində problemlərə gətirib çıxara bilər. Çörəkdən də, eyni zamanda həmişə az istifadə etmək məsləhətlidir. Həyatımızın əvəzolunmaz qidalarından sayılan şirniyyatların qəbulu da qədərində olmalıdır. Həddindən artıq istifadə xolestrolun yüksəlməsinə və digər problemlərə səbəb olur. Südlü şirniyyatlar,  eyni zamanda  meyvə quruları və bal  immuniteti yüksəldir, həzmi və əhvalı yaxşılaşdırır. Qış vaxtı istilik vermə xüsusiyyətləri olan ədviyyatlar isə mikrob və iltihab əleyhinə xüsusiyyətlərə malikdirlər. Məsələn, darçın, zəncəfil, hil içkilərə və yeməklərə gözəl dad və ətir qatır. Onlardan uyğun miqdarda istifadə etmək vacibdir. Bundan əlavə, qışda gün ərzində kifayət qədər maye qəbul edilməsi məsləhətdir, əlbəttə ki, mayenin ilıq və isti olmasına diqqət edilməlidir.

Xatun Orucova qeyd etdi ki, qışda çəkinin artmasının bir səbəbi də qapalı məkanlarda, televizorun qarşısında daha çox vaxt keçirmək və bu səbəbdən də fiziki aktivliyin azalmasıdır. Qış aylarında iştahanın artması həddindən çox qida qəbuluna səbəb olur ki, nəticədə artıq çəki problemi meydana gəlir. Həmçinin bu fəsildə daha çox görülən depressiv hallar özü də kilo almağa gətirib çıxarır və insanlar xoşbəxtliyi qlisemik indeksi yüksək qidalarda tapırlar. Ümumiyyətlə, meyvə və tərəvəzlər qış aylarında qida rasionumuzdan əskik olmamalıdır. Alma, portağal, naringi, nar, banan və sair meyvələr qışda bədənin immunitetini artıran  və tərkibində   A, C, D və digər vitaminlər, antioksidanlar mövcud olan qidalardır.  Həmçinin E vitamini ilə zəngin paxlalıların, fındıq, qoz, badam kimi çərəzlərin istifadəsi də orqanizmin möhkəmlənməsində faydalıdır.

Bəs, hansı qidalardan uzaq durmalıyıq? – Müsahibim bildirdi ki, yağda qızarmış qidalardan, fast-food tipli və rafinə olmuş, qlisemik indeksi yüksək olan qidalardan (ağ çörək, makaron, düyü, şirniyyat) və spirtli içkilərdən uzaq durmalıyıq. Qışda iştahanı kontrol altında tutmaq üçün tez-tez, az-az yemək və təmiz havada gəzmək vacibdir.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

Nəşr edilib : 22.01.2024 15:12