AZ EN RU

Qisasını alan şəhidim

Elcan Vasif oğlu Balabəyli

12.03.1992 – 19.09.2023

    Elcan çox ağıllı, çox sakit idi. Məktəbdə də elə idi. Heç bir müəllim ondan şikayət etmədi. Yaxşı da oxuyurdu. Mənim iki oğlum var. Heç birinə hirslənməmişəm. Elə demişəm ki, yaxşı oxuyun. Məktəbdən gələndə pəncərədən baxırdım. Elcan məni görən kimi əli ilə beş göstərirdi. Yəni ki, beş almışam. Bir gün məktəbdən gəldi. Başını aşağı salıb evə girdi. Dedim ki, Elcan iki almısan, yəqin. Dinmədi. Dedim ki, onda üç almısan, başını tərpədib yenə “yox” dedi. Ağlamağa başladı. Dedi ki, ana, dörd almışam. Qucaqlayıb öpdüm. Dedim ki, dədə, dördə niyə ağlayırsan. Dedi ki, mən sənə söz vermişəm axı. Mən sənə beş gətirəcəyəm.

     Keçən yeni ildə məni Bakıya apardı. Yeni ili qeyd etdik. Amma bu il məni yeni ildə tək qoydu Elcanım. O mənim yanıma yox, mən onun məzarı başına getdim.
     44 günlük müharibədən sonra Elcanla birlikdə şəhid videolarına baxırdıq. Dedim, analar, görəsən, bu dərdə necə dözürlər? Dedi ki, ana, yox. Pis görünür. Analar belə ağlayan yox, məğrur olmalıdırlar. Sanki məni bu günə hazırlayırmış. Elcanın nəşi gələndə oğlum Elçin içəri girib dedi ki, ana, qaqaşın dediyi yadından çıxmasın.
    Elcan Vətən müharibəsində iştirak etmişdi. Qazi olmuşdu mənim balam. Nə qədər dedim ki, bala, çıx gəl. Dedi ki, ana, mənim əsgərlərim qucağımda şəhid olub. Mən necə gəlib evdə oturum? Axı onların qisasını almalıyam. Deyirdim ki, ay bala, yaralanmısan axı. Cavab verirdi ki, ana, şəhidlərimizin, qolunu, ayağını itirən qazilərimizin qabağında elə danışma. Dedi və özü də şəhid oldu. Qollarında şəhid olan dostlarına qovuşdu mənim Elcanım! Bir sözü vardı, tez-tez deyirdi ki, mən anamsız bir dəqiqə də olsun, yaşaya bilmərəm. İndi gəlib görsün ki, anası onsuz necə yaşayır.

Nəşr edilib : 22.03.2024 14:18