AZ EN RU

Qisası qiyamətə saxlamayan oğul

Vətən müharibəsi şəhidi Həmid Qasımovun əziz xatirəsinə

    “Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisində şəhid şəkilləri ilə bəzənmiş guşəyə baxıram. Şəhid fotolarından baxan gözlərdəki Vətən sevgisini gördükcə  işğaldan azad olunmuş kəndlərimiz, şəhərlərimiz gəlir gözlərimin önünə. Gənc ömürlərini, xəyallarını qurban verdilər onlar bir qarış torpaq üçün və özləri əbədiyyən sülh göyərçini oldular, – deyirəm. Bu anda mənimlə yanaşı dayanan şəhid anası ilə göz-gözə gəlirəm. Tovuz xanım igid Həmid Qasımovun anasıdır. Oğlunun fotosunu götürüb əzizləyir,  silah dostlarının anaları ilə dərdləşir. Həmid haqqında danışır:
    – Vətən müharibəsinin saysız qəhrəmanlarından olan Həmid də bir çoxları kimi hərb sənətini seçmişdi. Yolu çətin olsa da, qorxmadı, çəkinmədi. Zabit olan kimi xidmətinə cəbhə bölgəsində başladı. O, Mübariz İbrahimov postunda dayandı, qisas almaq üçün hazırladı taqımını. Nişanlı idi, amma toy etməyə tələsmirdi.  “Vətən  dardadır”, – deyirdi həmişə. General  Polad Həşimovun komandanlığında təlimlər keçir, onu özünə örnək bilirdi. General şəhidlik zirvəsinə ucalanda çox sarsılmışdı. Qisasını alacağına and içmişdi. Vətən müharibəsində igidlik göstərdi, yaralandı. Həmin döyüşlərin birində şəhadətə yüksəldi.
    Tovuz ana deyir ki, Vətən müharibəsi başlayan gün Həmid qardaşına zəng vurub ondan gedib orduya könüllü yazılmasını istəyib. Toy etməyə hazırlaşırdım həmin payız, amma oğlum bəy kostyumunu  bayrağa dəyişdi. Oktyabrın 6-da evimizə qəhrəman kimi qayıtdı. Bürünüb gəldiyi üçrəngli bayrağı onun bəy paltarı bilib bağrıma basdım. Oğlumun məzarını xonçalarla bəzədim. Amma sınmadım.  O, uşaqlıqdan döyüşkən, vətənsevər bir uşaq idi. Özü də bilirdi hərbçi olmaq nə qədər çətindir. Şəhadətindən artıq üç il keçir. Hər gün ondan yadigar qalan əşyaları əzizləyirəm, hərbi formasının çiynindəki baş leytenant rütbəsinə, sinəsini bəzəyən “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medallarına, “Vətənə xidmətə görə” ordeninə baxıram, gözlərim yaşarıb ürəyim yananda  oğlum  şəhid olandan sonra dünyaya gələn Həmidin adını daşıyan körpələr düşür yadıma. Deyirəm ki, bundan sonrakı təsəllim sənin adını daşıyan balaların böyüyüb, azad etdiyin Vətən torpağında sülh və əmin-amanlıq içində yaşamalarıdır, – deyirəm. 
    Ananın ürəyinin böyüklüyünə heyran qalıram. Zəfər qazanan xalqın əsl qəhrəmanları sizsiniz, Azərbaycan qadınları, siz var olduqca bu Vətən də yaşayacaq, – deyə düşünürəm.     

Ramiyyə ƏKBƏROV

Nəşr edilib : 12.01.2024 17:34