AZ EN RU

Qisası döyüş meydanında alınan Xocalı

    Tarix öz miqyası ilə bir çox dəhşətli faciələrin şahidi olub. Belə ki, hələ XIV əsrdə minlərlə insanın ölümünə səbəb alan taun epidemiyası, 1556 -cı ildə Çinin Şansi vilayətində 630 min insanın həyatına son qoyan dəhşətli zəlzələ, XX əsrdə milyonlarla insanın ölümünə səbəb olan I və II Dünya müharibələri, Xatın, Leyptsiq, Oradur dəhşətləri, Xirosima və Naqasaki şəhərlərinin taleyinə qara xətt çəkən atom bombaları. Bütün bunlar zaman-zaman baş verib cəmiyyəti lərzəyə gətirsə də, XX əsrin sonlarında xalqımıza qarşı törədilən Xocalı faciəsi bəşəriyyətin tarixində yer tutan faciələrin ən dəhşətlisi hesab olunmalıdır. 

    Xalqımıza qarşı törədilən faciənin şahidi fransız jurnalisti Jan-İv Ginyet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular”. 
    1956-cı ildə Budapeşt, 1968-ci ildə Praqa, o cümlədən 1989-cu ildə Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvarında Bakıda yaşanan olaylara, Xocalı faciəsinə fərqli prizmadan baxıldı. Həmin hadisələr SSRİ rəhbərliyinin Azərbaycanda guya ekstremist qüvvələri zərərsizləşdirmək və əhalini xaosdan qorumaq üçün atdığı məcburi addımı kimi tanındı.
    Azərbaycan xalqı son iki yüz il ərzində erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmışdır. Soydaşlarımız tarixi torpaqlarından dəfələrlə qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş, on minlərlə azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Hələ XIX əsrin ilk onilliklərində rus çarizmi tərəfindən əzəli Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər dəfələrlə fitnəkarlığa, xəyanətə əl atmış, öz havadarlarına arxalanaraq 1905-ci, 1918-1920-ci illərdə və digər vaxtlarda xalqımıza qarşı qanlı qırğınlar törətmişlər.
    Tarixi faktlar təsdiqləyir ki, “Dənizdən-dənizə Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə aparmışlar. Azərbaycanın tarixində unudulması mümkün olmayan, bütövlükdə, xalqın qəlbində dərin iz salan elə hadisələr də vardır ki, heç zaman xalqın qan yaddaşından silinmir. Ermənilərin törətdikləri Xocalı soyqırımı da unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir. 
    1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikalardan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Nəticədə, şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. 
    Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Soyuq, qarlı fevral gecəsində qız-gəlinlərimiz əsir düşmüş, girov götürülmüşdür. İnsanlar ermənilərdən yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur.
    Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində dinc Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin –  qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu, əsl soyqırımı idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Xocalı faciəsində 8 ailə, bütövlükdə, məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
    Xocalıda baş verən dəhşətləri həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də işıqlandırıb. Faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. O, “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazısında Xocalıda baş verənlərin qabaqcadan hazırlanmış ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, burada məqsəd, bütövlükdə, bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizminin dünyanı məhz bu yolla “ram etməyə” çalışdığını göstərmək istəmişdir. 
    Faciənin baş verməsində əsas məsuliyyətin bilavasitə o zaman ölkəyə rəhbərlik edən qətiyyətsiz hakimiyyətin üzərinə düşdüyünü də açıq deməliyik. Hadisələrin ilkin dövrlərində ozamankı iqtidar Xocalı şəhərinin mülki əhalisinin xilası naminə vaxtında qətiyyətli tədbir görməmişdir. Dövlətin başında duranlar hadisədən sonra xalqın qəzəbindən qorxaraq onun miqyasını kiçiltməyə çalışmış, rəsmi məlumatlarda isə Xocalıda, guya, “iki nəfərin öldüyü” bildirilərək əsl həqiqət barədə ictimaiyyətə yalan məlumat verilmişdir. 
    Xocalı faciəsi dünyada törədilən bir çox soyqırımı hadisələrindən dəhşətli olsa da, bu hadisəyə uzun müddət hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı Günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 1700-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Ulu Öndər Heydər Əliyev demişdir: “Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür”. 
    Xocalı soyqırımının dünyada tanıdılması hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistanı işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində görülən işlər bu gün də davam etdirilir. Faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətində həm dövlət səviyyəsində, həm müxtəlif qurumlar, həm də ayrı-ayrı vətəndaşlarımız tərəfindən istər respublika daxilində, istərsə də respublikamızdan kənarda çoxlu iş görülüb. Bundan əlavə, beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda, konfranslarda bu mövzu gündəmə gətirilib, yürüşlər, mitinqlər keçirilib, sənədli xronoloji materiallar, fotolar dərc edilib, kitablar buraxılıb, sərgilər təşkil olunub.
     Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Hersoqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 24 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. 
    2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Azərbaycan bununla öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə, 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal duyuldu və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya çatdırıldı. 
    Prezident İlham Əliyevin: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklərboyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Bu soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir” sözləri Zəfər salnaməmizin yazılmasında hər kəsin birliyini bir daha nümayiş etdirir.
    2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və ermənilər tərəfindən işğal edilmiş ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi isə tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu bir reallıqdır ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Müharbədə bütün dünya Azərbaycan xalqının necə qətiyyətli uğurlu sərkərdəyə –  Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə, Vətən müharibəsi isə tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 
    Tarixi zəfərə imza atıldı, Azərbaycan Qarabağa qovuşdu, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, eləcə də digər şəhər və rayonlarımızda həlak olan günahsız dinc insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu.
    Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər Ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq qaldırıb”, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı, nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq qaldırdı”, kapitulyasiya bəyannaməsini imzaladı.Bəli, Azərbaycan Ordusu Qarabağı xilas etməklə yanaşı, Xocalının da qisasını aldı. Bu qələbə müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. İnanırıq ki, qürurlu və güclü xalqımız Prezident cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək qüdrətli Azərbaycan uğrunda mübarizəni əzmlə davam etdirəcəkdir.


Arzu ABDULLAYEV
Naxçıvan Dövlət Universitetinin  Beynəlxalq Münasibətlər

kafedrasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 24.02.2023 21:46