AZ EN RU

Qisası alınmış Xocalı faciəsi qurbanlarının xatirəsi qürurla anılıb

    Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün beynəlxalq hüquq normalarını pozmuş Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıya ağır hərbi texnika yeridilib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulub. Bəşəriyyətə qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib.
    Xocalı soyqırımına ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilib. Bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, dünyanın bir çox ölkə və şəhərlərində həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsi dünyada soyqırımı aktı kimi tanınıb və Xocalı soyqırımı qurbanlarının qisası Azərbaycanın rəşadətli Ordusu tərəfindən döyüş meydanında alınıb. Xocalı soyqırımının 30-cu ildönümünü Xocalının qisasının alındığı gün kimi yad edirik. 
    Tədbirdə hərbi hissələrin bədii özfəaliyyət kollektivləri və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər. Xocalı soyqırımından və ordumuzun qüdrətindən bəhs edən videoçarxlar göstərilib.

***

    Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdən öncə universitetin İncəsənət fakültəsində soyqırımı həqiqətlərini özündə əks etdirən sərgiyə baxış olub. Sərgidə fakültənin müəllim və tələbələrinin yağlı və sulu boya ilə çəkilmiş rəsmləri nümayiş edilib. Həmçinin sərgidə zəfərimizi əks etdirən mübariz əhvali-ruhiyyəli əl işləri də yer alıb. Tədbirdə Xocalı soyqırımında, o cümlədən Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Universitetin rektoru, dosent Elbrus İsayev Xocalı soyqırımının, bütövlükdə, insanlığa, bəşəriyyətə yönələn ən ağır cinayətlərdən biri olmasından danışıb. Qeyd edilib ki, artıq Xocalı faciəsini məyusluqla yad etmirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızı geri aldı. Böyük Zəfərimizin nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı. 
    Tədbir Tələbə Teatr Studiyasının hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Tələbələr Xocalı faciəsinə dair şeirlər səsləndirib, səhnəcik nümayiş etdiriblər. Sonda Universitet televiziyasının Xocalı qurbanlarının əziz xatirəsinə həsr etdiyi videoçarx nümayiş olunub. 

Nəşr edilib : 26.02.2022 17:45