AZ EN RU

“Qış məktəbi”nə start verilib

    Ağbulaq İstirahət Mərkəzində gənclərin “Qış məktəbi”nin ilk mərhələsinə start verilib. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev və YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımovun iştirakı ilə gənclərlə görüş keçirilib.
    Gənclərin diqqətinə çatdırılıb ki, muxtar respublikada gənclərlə iş sahəsinə xüsusi önəm verilir və bu sahədə məqsədyönlü, ardıcıl tədbirlər görülür. Yaradılan şərait, atılan addımlar imkan verir ki, gənclərimiz müxtəlif istiqamətlər üzrə yeni karyera və iş imkanları, o cümlədən təcrübə əldə edə bilsinlər. Bunun da bəhrəsi odur ki, istedadlı gənclərə dövlət dəstəyi göstərilir, onların əməyi qiymətləndirilir, gənc kadr kimi irəli çəkilirlər. Bütün bunlarla yanaşı, gənclərin fəaliyyətində təşəbbüskarlıq cəhdlərinin artırılmasına, onların yeni fikir, ideya və təkliflərlə, o cümlədən layihələrlə gündəmə gəlməsinə nail olmaq lazımdır. Qeyd edilib ki, görüşün məqsədi də məhz gənclərin problemlərini, təkliflərini dinləməklə onlara kömək etməkdən, müxtəlif məsələlərin həlli və yeni metodların tətbiqi ilə bağlı müzakirələr aparmaqdan ibarətdir. 
    Səmimi söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, könüllülük fəaliyyəti, bədən tərbiyəsi və idmanın təbliği, innovativ inkişaf imkanları, turizmə dəstək və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. 
    Gün ərzində “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda seminar, “Kənd turizminin təbliği” adlı müsabiqə keçirilib, axşam saatlarında isə film nümayiş olunub . 
    Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və könüllü gənclərin iştirakı ilə keçirilən “Qış məktəbi”nin birinci mərhələsi fevralın 9-da yekunlaşacaq.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 08.02.2022 19:09