AZ EN RU

Qış fəslində necə qidalanaq

Mütəxəssis sözü

    Hər fəslin öz yeməyi öz qidalanma qaydası var. Məsələn, yazda pencər, yayda ağartı məhsullarından hazırlanmış yeməklər, payızda vitaminli qidalara üstünlük veririk. Qış aylarında isti yeməklərə, ət xörəklərinə... İlin hər bir fəslinə uyğun qidalanma rejimi olmalıdırmı? Qış fəslinin də öz qida rasionu varmı? Bu kimi suallarımızı Şəfa Özəl Tibb Mərkəzinin diyetoloqu, sağlam qidalanma üzrə mütəxəssis Pərvanə Qəhrəmanova cavablandırır. 

    – Düzgün qidalanma nə deməkdir? Bunun bir düsturu varmı?
    – Bu suala cavab verməzdən öncə bir tarixi faktı nəzərinizə çatdırıram. 1970-1975-ci illər arası amerikalı professor Sula Benet adlı xanım Qafqaz bölgəsini oba-oba gəzib, müşahidə və tədqiqatlar aparır və nəticədə, ”How to live to be 100” – “Necə yaşayasan, yüzü haqlayasan” adlı bir kitab yazır. Məqsədi uzunömürlüləri ilə ad çıxarmış Qafqaz xalqlarının həyat tərzini, qidalanmasını və ailə münasibətlərini öyrənmək idi. O əldə etdiyi məlumatları öz kitabında cəmlədi. Kitabda Naxçıvan, Qarabağ və Bakı bölgəsinə aid tarixi faktlar qeyd edilir. Bu gün sizə həmin kitabdakı Naxçıvan barəsində verilən məlumatlardan danışmaq istəyirəm. 1967-ci ilin məlumatına görə, Naxçıvan MSSR-də əhalinin hər yüz min nəfərinə 592 uzunömürlünün düşdüyü qeyd edilir. Naxçıvan bölgəsində yüksək xolesterinli qida qəbulunun ənənəvi olduğu və buna paralel olaraq ateroskleroz və yüksək qan təzyiqinin əhalinin cəmi 4,8 faizində özünü göstərdiyi həm bu kitabda, həm də tibbi ədəbiyyatlarda qeyd edilir. Gəlin bu gün, sadəcə, bu fakta əsasən sualınıza cavab verək. Bizim qidalanma və sağlam ailə münasibətlərində öz keçmişimiz var. Çox şükür ki, bu gün Naxçıvanda hələ də keçmişimizin izləri qorunub saxlanılır. Sağlam qida digər bölgələrimizlə müqayisədə daha əl çatandır. Naxçıvan sakinləri həmişə yağlı, duzlu və ədviyyatlı qidalara üstünlük verib və tarixboyu da bunun yan təsirlərindən əziyyət çəkməyib. Çünki təbiəti sərt olan bölgənin əhalisi üçün ən doğru qidalanma budur. Sual verə bilərsiniz, bəs niyə bu gün hər 5 nəfərdən 3-ü təzyiqdən, şəkərdən, qan dövranı pozuntusundan əziyyət çəkir? Bunun bir çox səbəbləri var. Bir diyetoloq kimi görkəmli mütəxəssislərin fikirlərinə istinad edərək onu demək istəyirəm ki, bu bölgə həmişə heyvani yağlardan istifadə edib, tarixboyu duru yağların qəbulu bura üçün xarakterik olmayıb. Naxçıvanın əhalisi doymamış yağları Naxçıvanda bitən quru meyvələrdən, çərəzlərdən, dağ otlarından alıb. Bir çox bölgələr çərəzi rasiona Novruz bayramı ərəfəsində salsalar da, burada hər həyətdə çərəz ağacları olduğu üçün gündəlik rasionda böyük yer tutub. Xıdır və Novruz ərəfəsində isə bu hal daha yayqınlaşır. Duru yağlar doymamış yağlar qrupuna aid olduğu üçün yüksək istilikdən trans yağ formasına keçir və bu da vücud üçün toksik yükdür. Xüsusilə bu bölgə heyvandarlıqla və bölgəyə xas ağac və bitki yetişdirməklə məşğul olduğu üçün qida rasionu da bölgəyə xas formalaşıb və ən doğrusu da, budur.
    – Qış mövsümü xəstəliklərin çoxaldığı, virus infeksiyalarının sürətlə yayıldığı dövrdür. Bu fəsildə necə qidalanmalıyıq ki, immun sistemimiz möhkəmlənsin, bu barədə nələri məsləhət bilirsiniz? 
    – Qış fəslində rasionda meyvələrə yer verilməlidir. Rasiondakı boşluğu tamamlamaq üçün köməyimizə həm də bölgəmizin şəfalı otları gəlir. Bölgə əhalisi yaz və yay dövrü dağlarda, meşələrdə yetişən otlardan qurudaraq qışa tədarük görür. Yayda meyvələrdən və tərəvəzlərdən turşular hazırlanır. Turşular immun sistemimiz üçün əvəzedilməz hesab olunan təbii probiotiklərdir. Üzüm, tut və bu bölgəyə xas olan həmərsin və digər müxtəlif çeşidli meyvələrdən doşablar hazırlanır. Əgər yaza halsız, vitaminsiz daxil olmaq istəmiriksə, qış mövsümündə gündəlik rasionumuzda dağ otlarından olan bitki çaylarına, doşablara, yayda hazırlanmış turşulara, meyvə şirələrinə və arı məhsullarına üstünlük verməliyik. Bu fəsildə həm də vücudu isidən qida və tərəvəzlərə üstünlük verilməli, istixana məhsullarından uzaq durulmalıdır. Xiyar yay tərəvəzidir və vücudu soyudur. Qış fəslində onun istixanada yetişmiş formasını yeyib vücudunuzu soyutmaqdansa, turşusunu isti xəmir yeməklərilə birlikdə qəbul etməyiniz canınıza istilik verər, immun sisteminizə möhkəmlik qatar. Ət məhsullarından hazırlanan yeməkləri nahara salmaqda fayda var. Çünki nahar vaxtı maddələr mübadiləsinin ən sürətli getdiyi zamandır. Ət məhsulları da gec həzm olunan qidalardandır. Bioloji ritmin vücuda təsiri böyükdür. Necə ki yay fəslində maddələr mübadiləsi sürətlənir, qış fəslində də maddələr mübadiləsi nisbətən yavaşıyır. Ona görə də axşam saatlarında ağır yeməklərdən istifadə etmək düzgün deyil. Axşam saatlarında balıq yeməklərindən, tərəvəzlərdən, ağartı məhsullarından, tərəvəz və çərəz salatlarından hər hansı birini seçmək daha düzgündür. Bununla gecə yuxunuz da rahat olar. Gecə yuxusu qaydasında olanların immun sistemi də güclü olur. 
    – Doğru qidanı necə seçək bu barədə nə deyə bilərsiniz ? 
    – Bu sırada öncə ət məhsullarından kəlləpaçanı, balığı, toyuğu misal göstərə bilərik. Düzgün sıralasaq, xaşdan səhər saatlarında, çolpadan hazırlanan yeməkdən günorta saatlarında, balıqdan hazırlanan yeməklərdən isə axşam saatlarında istfadə etmək faydalıdır. Amma bu saydıqlarımızın hamısının eyni günə düşməməsinə diqqət edin. Səhər Naxçıvanın can dərmanı sayılan şor-kərə və ya bal-xama yeməyə üstünlük verin. Günortaya istənilən ət məhsulunu, axşama isə tərəvəzli (məsələn, balqabaqlı) bir yemək yeyə bilərsiz. Beləliklə, həm büdcənizə həm sağlamlığınıza fayda verərsiniz. Unutmayaq ki, sadaladığımız nemətlər Uca Yaradan tərəfindən bizə bəxş olunub. Onu da deyim ki, bioloji ritmin bir xüsusiyyəti müəyyən bir ildə çoxluq təşkil edən hər hansı bir məhsuldan bol istifadə etməyin zəruriliyidir. Həmin məhsul bizə xoş gəlməsə belə, ondan əvvəlki illərə nisbətən çox istifadə edilməlidir. COVID-19 pandemiyasından öncəki il bazarlarımızda sarımsaq bolluğu ilə qarşılaşmışdıq. Qiyməti də çox münasib idi. Bu nemət, bəlkə də, orqanizmimizi bu virusa hazırlamaq üçün Yaradan tərəfindən bollaşdırılmışdı. Bu məhsulun yaxşı turşusu olduğu kimi, sobada qabıqlı bişmişinin də ayrı ləzzəti olur. Çiy şəkildə sarımsaqlı qatığın isə faydaları saymaqla bitməz.
    – Artıq çəkidən əziyyət çəkənlərin sayı ilbəil çoxalır. Onlara bu qış mövsümündə nələri məsləhət görərdiniz? 
    – Təbii bioloji ritmə əsasən qış dövrü kilo alma dövrüdür və bu normaldır. Amma hazırkı kilo almalar tədarükdən çox xəstəliyə çevrilib. Belə ki, hər kəsə narahatlıq və paralelində xronikiləşmiş xəstəliklər gətirir. Səbəbi isə həzmdədir. Həzmsizlik və mübadilə pozuntusu lazımsız bölgəsəl piylənməyə gətirib çıxarır. Məsələn xaş dədə-babadan sirkə sarımsaqla yeyilib. Yağlı ət yeməkləri sumaqla, abqora ilə istifadə edilib. Onları təfərrüat kimi görüb rasiondan çıxarsanız, “əvvəlki qidalar və yeməklər qalmayıb”, – deyərək günahı qidalarda, zəmanədə görəcəksiniz. Halbuki həzmimizi düzəltməklə bu problemlərdən xilas ola bilərik. Ağır yeməklərdən sonra bölgənin camaatına xas olan qursaqdan hazırlanan mayadan tutulmuş pendirə qədər təbii “festal” rolu oynayırdısa, indi artıq hazır mayalardan əldə edilən pendir heç bir iş görmür. Artıq çəkidən əziyyət çəkənlər bilməlidirlər ki, onların ən böyük düşməni vaxtlı-vaxtında qidalanmamalarıdır. Qida qəbul saatlarını stabil saxlamaq lazımdır. Qəti olaraq deyim ki, belələri bioloji ritmi, mövsümə uyğunluğu, qida qəbulu saatlarını qoruyub saxlamaqla sağlam çəkilərinə qovuşa bilərlər. 
    – Müsahibə üçün sağ olun.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 28.01.2022 20:22