AZ EN RU

Qırxıncı pillədən sonra…

    Cənnətməkan yurdumun hər qarışı sirli-sehrlidir. Bu sehr insanı bir dəfə ağuşuna aldısa, çətin ki, ondan qopub ayrıla biləsən. Hər dəfə Ordubada gələndə sanki uçsuz-bucaqsız sehrli yola çıxdığımı hiss edirəm. 
    Bəzən mənə elə gəlir ki, Ordubadın gözəlliklərini, yeraltı və yerüstü dünyasını gəzib¸ öyrənməyə bir ömür yetməz. Hələ düşünəndə ki, buradakı küçələrdən, yolardan kimlər, kimlər keçib adamın ürəyi dağa dönür. Görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqinin, akademik Yusif Məmmədəliyevin, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin, Fəqir Ordubadinin, Qüdsi Vənəndinin ayağı dəydiyi, gözünün baxdığı yollara, küçələrə dikilib gözlərim. Orta əsr plan quruluşunu qoruyub saxlayan bu yurd yerinin hər daşından, hər kərpicindən xatirə qoxusu duyur insan. Xalqımızın həyat tərzini, incə ruhunu, əl qabiliyyətini, mənəvi dünyasının naxışlarını görməmək mümkün deyil. Hər dəfə bu küçələrlə addımlayanda Günəşin şəfəqlərinin ruhuma nur çilədiyini hiss edirəm. Neçə-neçə ziyalının yetişdiyi torpaqda addımladığım üçün mənəvi kamilliyin yolunu çəkən insanların izinə düşdüyümü hiss edirəm. Hər daşın sirrini, səbəbini öyrənmək və hər kəsin bilməsi istəyi ilə əlimdən gələni etməyə çalışıram. 

    Bir bazar günündə yol aldım Ordubada. Ordubad rayonu Naxçıvan şəhərinin 75 kilometrliyində yerləşir. 75 kilometrlik yolu qət edəndən sonra dağlarla əhatələnmiş, tarixə şahid Arazın, sol sahilindən, Araz çayının lal baxışları ilə üz-üzə duran, ulu öndər Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı cənnətməkan Ordubada çatdım. Bu dəfə də diqqətimi cəlb edən Ordubadın məhəllələrindən birində yaşı 4 əsrdən çox olan yeraltı kəhriz oldu. Burada nağıl kimi küçələr, dar döngələr, səliqəli tikililər insanı bambaşqa bir aləmə aparır. Eni bəzi yerlərdə 3-4, bəzi yerlərdə 2 metr olan dar küçələrlə gəlib Qırxpilləyə çatdım. Qısa, həyəcanlı həm də maraq dolu olan bir yolun başlanğıcında idim. Birinci pilləyə ayağımı qoyub yavaş-yavaş aşağı enməyə başladım. İlk pillələr Günəşin şəfəqlərindən işıqlandığı halda, dərinliyə endikcə digər pillələr qaranlıq içində idi. Pillələrin hər biri böyük çay daşlarından idi. Sağ və sol divarlar səliqə ilə iri çay daşları ilə hörülmüşdü. Hər daş pillənin tavanındakı hamar çay daşları da çox səliqəli və ustalıqla düzülmüşdü. Artıq 40-cı pillədən sonra yonulmuş daşların arasından gələn suyun axıntı səsləri insanı təbiətin, insan zəhmətinin sehrində birləşdirirdi. Sanki irili-xırdalı daş parçalarına sığal çəkərək sehrli bir nəğmə oxuyurdu. Ağ mirvari dənələri kimi axıb gedən su tərkibindəki minerallar səbəbindən bəzədiyi daşların arasından o qədər yumşaqlıqla süzülürdü ki, bir ahəng, doyumsuz bir aləm yaradırdı. Sanki yerin altında olan möcüzələrdən xəbər verirdi. Çox da enli olmayan bu kiçik bir məkanda suyun gəldiyi lağımlar lap qədimlərdən inşa olunub. Burada misilsiz insan əməyini görməmək mümkün deyil. 
    Əldə etdiyim məlumatlara görə, qeyd etmək istərdim ki, Ordubadda mövcud olan çeşmələr 12-ci və 17-ci əsrin yadigarlarıdır. Xüsusilə şəhərin qədim məhəllələrində olan “Sərşəhər”, “Dilbər”, “Hacı Tağı”, “Qara Hovuzbaşı”, “Əngəc”, “Nəhər”, “Çuxur”, “Hacı Məmmədqulu”, “Meyrəmçə”, “Şai”, “Peci” “Fağıra”, “Qırxayaq” çeşmələrinin üzərində qurulan ovdanlardan, onların üzərində yaradılan tarixi-memarlıq abidələrindən danışmamaq olmur. Bunlardan “Şai”, “Sərşəhər”, “Qamet”, “Qırxayaq” çeşmələrin üzərində qurulan ovdanlar əhalini içməli su ilə təmin etməklə yanaşı, eyni zamanda yayın isti günlərində onların istirahətini təşkil etmək üçün də yaradılmışdır.
       Yaşlı insanların dediyinə görə, bu çeşmələrin bir çoxunu Təbrizdən gələn kankan və mühəndislər inşa etmişlər. Təbriz çeşmələrinə oxşar çeşmələrdən Ordubadda bir neçəsi mövcuddur. Bu çeşmələrdə gözəl şəkildə buzxana yerləri, ərzaq saxlamaq üçün taxçalar, daş pilləkənlər, ovdanlar və nəhayət, su buxarlarının çıxması üçün gümbəzvari damında deşik də qoyulmuşdur. Lakin sonrakı dövrlərdə salınan çeşmələrdə isə bəzi xidmət yerləri azaldılıb, onlar daha sadə formada tikilibdir. Bu çeşmələrin çəkilmə xüsusiyyətlərinə gəldikdə isə görürük ki, həmin çeşmələrin hamısı eyni prinsiplə, bir üslubda çəkilibdir. Yəni əvvəlcə kankanlar mühəndislərin fikrini tutaraq hansı səmtə doğru getdiklərini öyrənib, yerin üz səthindən başlayaraq yeraltı 10-15 metr dərinlikdə yüz metrlərlə tunel qazıb suyun mənbəyini tapıb, həmin yeraltı su anbarlarında yığılmış suyu hövzələrindən dartıb az mailli şəkildə spiralvari formada gətirib yerin üzərinə çatdırıblar. 
       Ordubad çeşmələri haqqında araşdırmalar apardığım zaman bir sıra məlumatlarla da rastlaşdım. XVII əsrdə yaşamış tarixçi Məhəmməd Müfid Mustafa Ordubad şəhərində 70-dən çox çeşmənin olduğunu bildirir. O bu kəhrizlərin inşası zamanı mühəndislik prinsiplərinə düzgün əməl olunduğunu yazıb: “Kəhriz quyuları elə etibarlı yerlərdə mühafizə olunub ki, oraya heç bir yerüstü lil və ya çöküntülər daxil ola bilmir. Kəhrizlərin yer səthindən 10-15 metr dərinlikdə yerləşdirilməsi çirkli suların çeşmə sularına qarışmasına imkan vermir. Həmçinin Ordubad şəhərində kanalizasiya qurğularının mövcudluğu, hamamlar burada qədim şəhər mədəniyyətini təsdiq edən faktlardır”. 
       Ümumiyyətlə, çeşmə qazmaq, çıxartmaq çox əziyyətli və çətin olmaqla çox xeyirxah və savab iş sayılıbdır. Məhz bu cəhətlərə görə neçə yüz il bundan əvvəl salınmış çeşmələr bu günə kimi işləyir, xalqa xidmət edir.
      Çeşmələrin bir çoxu isə Ordubadda 17-ci əsrdə salınıbdır. Deyilənlərə görə, sözügedən əsrin əvvəlində I Şah Abbasın verdiyi fərmana görə ordubadlılar bütün vergilərdən azad olur və iqtisadi vəziyyət düzəlir, əhali artır. Buna görə də quruculuq işləri geniş vüsət alır, yeni çeşmələr salınmasına tələbat çoxalır. Beləliklə də, möhkəm və bu günə qədər də gəlib çıxmış yeraltı su kanalları inşa olunub.
       Başdan-başa insan zehninin, insan zəhmətinin nəticəsi olan yeraltı və yerüstü abidələr xalqımızın nə qədər böyük mənəviyyata sahibi olduğunu göstərir. 
       Diqqətimi cəlb edən “Qırxpillə” məni bir daha maraqlı, sirli-sehrli bir aləmə apardı. Qırxıncı pillədən sonra mirvari suların sehrindən hələ də çıxa bilmirəm. Suyun o ecazkar səsi, şəffaflığı, dadı və sirli daşlarla söhbəti sanki əsrlərin sirrini saxladığını söyləyirdi.

Ulduz EYVAZ 

Nəşr edilib : 19.12.2022 20:31