AZ EN RU

Qırğızıstandakı icmamız Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Bişkek şəhərində fəaliyyət göstərən “Azəri” İctimai Birliyi ölkəmizin ərazisində Ermənistan tərəfindən yaradılmış mina təhlükəsi ilə bağlı növbəti dəfə beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bəyanatda cari il iyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı mülki şəxsin mina partlayışı nəticəsində xəsarət aldığı qeyd edilib. Eyni zamanda, bu hadisə Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etməsi deməkdir.

Diqqətə çatdırılıb ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır.

“Azəri” İctimai Birliyi mina məsələləri ilə bağlı Ermənistanın yolverilməz davranışını beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi kimi qiymətləndirib.

İctimai Birlik beynəlxalq ictimaiyyəti mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə, Azərbaycanı texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin etməyə çağırıb.

Nəşr edilib : 17.07.2023 12:26