AZ EN RU

Qırğızıstan parlamentinin nümayəndə heyəti Şuşada

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakievin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşada olub.
Qonaqları Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
Qonaqlar şəhərin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.
Şəhərlə tanışlıq zamanı Şuşanın tarixi, işğal dövründəki vəziyyəti haqda danışılıb. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib və infrastrukturun qurulması ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Nümayəndə heyəti sonra qala divarları, Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar buradan gözəl təbiət mənzərəsini seyr ediblər.
Qonaqları Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər müşayiət ediblər.

Nəşr edilib : 05.06.2024 20:48